Azərbaycanda iqtisadi azalma qeydə alındı: səbəb nədir?
Rövşən Ağayev: “Neft-qaz sektorundakı azalmanı kompensasiya etməsi üçün qeyri-neft sektoru 10-12 faiz böyüməli idi”

Azərbaycanda iqtisadi artım azalma ilə əvəz olunub. 2022-ci ildə ölkənin ümumi daxili məhsulu 4,6 faiz artım nümayiş etdirsə də, yanvar ayında tamam əks proses qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.

Komitə bildirir ki, ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 8,8 faiz artmışdı.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676528563_2.jpg
Statistikadan aydın olur ki, ÜDM-in azalmasında əsas sənaye müəssisələri və bu paya sənayedəki azalma sahibdir. Belə ki, yanvarda 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman sənayenin neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2 faiz artıb. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19 faiz azalaraq 3 milyard 289.53 milyon dollar təşkil edib.

Azərbaycanın ixracı yanvar ayında 39,2 faiz azalaraq 1 milyard 876.84 milyon dollar, idxalı isə 45,4 faiz artaraq 1 milyard 412.69 milyon dollara çatıb. Nəticədə xarici ticarətdə müsbət saldo 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.

Yanvar ayında Azərbaycanın qaz ixracı 255 milyon 612.69 min kubmetr təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 84,2 faiz azalma deməkdir - 2022-ci ilin yanvarında qaz ixracımız 1 milyard 613 milyon 199 min kubmetr olmuşdu. Qaz ixracından gəlirlərimiz isə 82,7 faiz azalmaqla 140 milyon 36.77 min dollara düşüb. Ötən ilin yanvarında bu göstərici 803 milyon 301.51 min dollar təşkil etmişdi.

Ay ərzində neft ixracımız 2 milyon 246 min 118.56 ton təşkil edib. Bu, keçən ilin yanvarında qeydə alınan 3 milyon 505 min 551.96 tonluq ixracdan 36 faiz azdır. Neft ixracından əldə olunan gəlir isə 2 milyard 31 milyon 435.60 dollardan 1 milyard 397 milyon 747.32 min dollar düşüb - yəni 31,2 faiz azalıb.

Neft məhsullarının ixracında isə artım olub. Belə ki, bu ilin yanvar ayında Azərbaycandan 45 milyon 932,39 min dollar dəyərində 68 min 643,99 ton neft məhsulları ixrac edilib. Beləliklə, neft məhsullarının ixrac dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfəyə yaxın, həcmi isə 89,2 faiz artıb.

Cari ilin birinci ayında ixracda əsas artım elektrik enerjisində qeydə alınıb. Belə ki, 548 milyon 46.91 min kVt/saat elektrik enerjisi ixrac etmişik ki, bu da ötən ilin eyni dövrü (2 milyon 622 min kVt/saat) ilə müqayisədə 209 dəfə çox deməkdir. Elektrik enerjisi ixracından gəlirimiz isə 74.5 min dollardan 72 milyon 397.35 min dollara yüksəlib.

Bundan əlavə, çay, şəkər, nar, xurma, Tərəvəz və meyvələrin emal məhsullarının ixracında da kəskin artım qeydə alınıb. Lakin bu artımlar neft və qaz ixracındakı azalmanın cüzi bir hissəsini kompensasiya edə bilib.

Rəsmi statistikadan o da aydın olur ki, 2023-cü ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

Bu arada “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycandakı iqtisadi artım proqnozunda dəyişiklik edib. Agentlik analitiklərinə görə, bu il Azərbaycanda real ümumdaxili məhsulda (ÜDM) artımı baş verməyəcək. Bu isə o deməkdir ki, “S&P Global Ratings” aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,5 faiz azaldıb.

Agentlik 2024 və 2025-ci illərdə Azərbaycanda real ÜDM artımını 1,5 faiz civarında proqnozlaşdırıb. Bu isə o deməkdir ki, “S&P” 2024-cü il proqnozu dəyişməsə də, 2025-ci il üzrə proqnozunu 0,5 faiz bəndi artırıb.

Ölkə hökumətinin proqnozuna əsasən, 2027-ci ilə kimi Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ümumdaxili məhsul (ÜDM) 93 milyard manata çatacaq. 2023-cü ilin dövlət büdcəsi zərfində yer alan proqnoza görə, Azərbaycanın ümumdaxili məhsulu (ÜDM) 2024-cü ildə 108606.2 mln manat (real artım tempi 4,2 faiz), 2025-ci ildə 113182.6 mln. manat (3,7 faiz artım), 2026-cı ildə isə 118580 mln. manata (3,4 faiz artım) yüksələcək. Gələn ilin proqnozu ilə müqayisədə 2026-ci ildə Azərbaycanın neft sektoru üzrə ÜDM-i 8,4 faizə kimi azalacaq.

Belə ki, 2024-cü ildə neft sektoru üzrə ÜDM-in həcmi 29198.3. mln. manat, 2025-ci ildə 27450.9 mln. manat, 2026-cı ildə isə 25932.2 mln. manat təşkil edəcək. Sektor üzrə real artım tempi müvafiq olaraq 2,4 faiz, 0,3 faiz artım və -1,9 faiz azalma olaraq proqnozlaşdırılıb.

Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 2024-cü ildə 79407.9 mln. manat, 2025-ci ildə 85731.7 mln. manat, 2026-cı ildə isə 92647.9 mln. manat, müvafiq olaraq sektor üzrə ÜDM-in real artım tempi 4,9 faiz, 5.0 faiz və 5,1 faiz təşkil edəcəyi gözlənilir. Qeyri neft-qaz sektorunun ÜDM-də payı 2026-cı ildə 69,2 faiz-dən (2023-cü il proqnozu) 78,1 faizə yüksələcək.

Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Gürcüstan iqtisadiyyatının 4 faiz, Ermənistan iqtisadiyyatının 3.5 faiz, Azərbaycan iqtisadiyyatının isə 2.5 faiz artacağını gözləyir. Fond 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2, Azərbaycan iqtisadiyyatının isə cəmi 2,5 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bundan əlavə, BVF bu il Azərbaycanda 9 faiz illik inflyasiya planlayırsa, Ermənistanla bağlı bu proqnoz 6 faiz, Gürcüstanla bağlı isə 3.8 faizdir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676528562_3.jpg
BVF-dən fərqli olaraq, Dünya Bankı 2023-cü ildə Azərbaycanda daha yüksək iqtisadi artım gözləyir. 2022-ci ilin oktyabrında Bank 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 faizədək (aprel proqnozu - 2,2 faiz) və 2024-cü il üçün - 2,6 faizə (aprel proqnozu - 2,3 faiz) yaxşılaşdırıb: “Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2 faizə, 2023-2024-cü illərdə - 2,7 faizə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, yanvarda qeydə alınan iqtisadi daralmadad əsas pay neft-qaz sektoruna aiddir: “Azalma neft sektoru hesabınadır. Bu sektorda 4.9 faiz azalma olub. İqtisadiyyatın az qala yarısı bu sektordan formalaşdığı üçün 4.9 faizlik azalma ÜDM-in azalmasını da qaçılmaz edir. Bu azalmanı kompensasiya etmək üçün qeyri-neft sektorunun azı 10-12 faiz böyüməsi lazım idi. Halbuki qeyri-neft sektorunda artım tempi ötən ilin yanvarı ilə müqayisədə 4 dəfədən çox zəifləyib. Ötən yanvarda bu sektorda 9 faizə yaxın artım qeydə alınmışdı, hazırda 2 faizdən aşağı düşüb. Amma qeyri-neft sektorunda investisiyaların kəskin arıtımı (2,5 dəfə) qeydə alınıb. Əgər yaxın perspektivdə bu qədər investisiya intervensiyası qeyri-neft sektorunu böyüdə bilməsə, bu o demək olacaq ki, sektorun məhsuldarlığı artırmaq potensialı tükənib”.

Dünya SAKİT
musavat.com
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti