“Manatın möhkəmləndirilməsi iqtisadiyyat dünyasının ən absurd qərarı olar” –
Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi möhkəmlənə bilər. Bu barədə maliyyə naziri Samir Şərifov açıqlama verib. Nazir qeyd edib ki, manatın məzənnəsi möhkəmlənərsə, bu, bir sıra mənfi nəticələr doğuracaq. Xüsusilə ixracla məşğul olan şirkətlərin problemlə üzləşə biləcəyi proqnozlaşdırılır.

Məlumdur ki, ABŞ-də səkkiz faizdən yuxarı olan inflyasiyanı önləmək və dolların dəyərini qoruyub-saxlamaq üçün FED (Federal Ehtiyat Sistemi) cari il ərzində uçot dərəcəsini altı dəfə artırıb. Sonuncu qərardan dərhal sonra dolların qiyməti cüzi miqdarda ucuzlaşsa da, bu, müvəqqəti xarakter daşıyıb. Ümumilikdə 2022-ci il ərzində dollar kəskin şəkildə bahalaşıb. Hətta avro tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə dollar ondan yuxarı pillədə qərarlaşıb. Lakin bütün bunlara baxmayaraq, 2016-cı ildən indiyədək manat dollar qarşısında stabilliyini qoruyur. Bu isə özlüyündə manatın da dollarla bərabər digər valyutalar qarşısında bahalaşmasından xəbər verir. Təbii ki, burada ölkənin neft və qaz ixracının kəskin artması, büdcə gəlirlərinin artması aparıcı rol oynayır.

Maraqlıdır, iqtisadiyyatda baş verən bu təlatümlər fonunda manatın getdikcə möhkəmlənməsi nə dərəcədə real səslənir? Bu möhkəmlənmənin doğura biləcəyi fəsadlar nədir?

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli ilk olaraq manatın bahalaşmasına təsir və təzyiq göstərən faktorlardan söz açıb:

“Neftin qiymətinin artması manatın bahalaşmasına birbaşa təsir göstərmir, daha çox təzyiq formalaşdırır. Əgər birbaşa təsir göstərsəydi, neftin qiyməti qalxanda manatın məzənnəsi kəskin qalxar, düşəndə isə düşərdi. Amma manatın məzənnəsinə təzyiq formalaşdıracaq amillər sırasında birinci yerdə neftin qiyməti dayanır. İkinci amil kapital axınıdır. Belə ki, bəzən ölkə vətəndaşlarının, şirkətlərinin xarici valyuta almaq tələbi yüksək səviyyədə olur. Burada isə gözləntilər və psixoloji faktorlar rol oynayır. Əgər insanlar gözləyirlərsə ki, manatın dəyəri düşəcək və ya ölkəylə bağlı ciddi risk olacaq, həmin vaxt çalışırlar ki, manatlarını dollarla əvəzləsinlər. Hazırda isə neftin qiyməti yüksəkdir deyə ölkədən kapital axını yox səviyyəsindədir. Üçüncü amil idxal-ixracla bağlıdır. Doğrudur, ixracın 92 faizi neft-qaz sektorundan formalaşır. Amma burada idxalın həcmi də önəmlidir. Əgər ixrac idxalı üstələyir və ölkəyə daxil olan pul çıxan puldan kəskin üstün olursa, manatın bahalaşması məsələsi gündəmə gəlir və Mərkəzi Bank manatı bahalaşdırmamaq üçün artıq dollarları bazardan yığmağa və öz rezervlərini artırmağa başlayır”.

Ekspert diqqətə çatdırıb ki, manatın məzənnəsinin formalaşdırılmasında Mərkəzi Bankın apardığı intervensiyaların (müdaxilə) rolu var:

“Mərkəzi Bank dollar çox olanda dolları yığıb dövriyyəyə manatı buraxır ki, dollar bahalaşmasın. Manat çox olanda da əksinə, dolları buraxır. Yəni Mərkəzi Bankın intervensiyaları manatın məzənnəsinin formalaşmasında əsas rol oynayır. Tədiyə balansının profisitli və ya mənfi kəsirli olması da burada mühüm rol sahibidir. Azərbaycanda son bir neçə ayda tədiyə balansında rekord həddə profisit yaranıb. Bu da manatın məzənnəsinin artmasına təsir göstərir. Hazırda bu faktorlar manatın xeyrinədir. Neftin qiyməti yüksəkdir, xarici ticarətdə müsbət balans mövcuddur, tədiyə balansında müsbət profisit var, ölkədən kapital axını yoxdur, manatın məzənnəsinin stabil qalacağına dair psixoloji gözləntilər var”.

İqtisadçı manatın bahalaşacağı təqdirdə yaranacaq problemlərdən də söz açıb:

“Manat bahalaşdıqca Azərbaycanda istehsalın təşkili, qeyri-neft sektorunda ixracın həyata keçirilməsi çətinləşir. Yəni manatın məzənnəsi yüksək olduqca iqtisadiyyat ixraca yox, idxala yönəlir. Bu da ölkənin gələcək üçün qeyri-neft sektorunu inkişaf etdirməsi strategiyalarının üstündən xətt çəkir. Ölkə ancaq neft satmaq və idxal həyata keçirmək üzərində dayanır”.

Xalid Kərimlinin sözlərinə görə, manatın möhkəmlənməsinin yeganə müsbət təsiri inflyasiya səviyyəsinin ölkədə aşağı salınmasıdır:

“Ümumi 13-14, ərzaqda isə 22 faiz inflyasiya var. Əgər manat digər valyutalar kimi zəif olsaydı, inflyasiya bundan azı iki dəfə çox olacaqdı. Hökumət elə ona görə manatı stabil saxlayır. Manat bu gün faktiki olaraq bahalaşıb, bunu rubla, lirəyə, avroya nisbətdə açıq şəkildə görürük. Bir dollar qarşısında stabil qalıb, o da hər ikisi birlikdə bahalaşır”.

İqtisadçı-ekspert Fuad İbrahimov isə qeyd edib ki, valyuta daxilolmasını əsas alaraq manatın bahalaşacağını söyləmək vəziyyəti düzgün qiymətləndirməməkdir:

“Maliyyə naziri istənilən valyutanın məzənnəsini şərtləndirən klassik nəzəriyyə əsaslarından istifadə edib. Hazırda ölkəyə daha çox valyutanın daxil olması məzənnənin möhkəmlənməsinə şərait yarada biləcək bir amildir. Amma nəzərə almaq lazımdır ki, bu proses bir ildən çoxdur ki, davam edir və ayrı-ayrı illərdə də bizdə profisit yaranıb. Yəni hansısa bir mənfi saldo yaranmayıb. Bunu əsas tutaraq manatın bahalaşması haqqında fikir söyləmək, düşünürəm ki, vəziyyəti düzgün qiymətləndirməməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan manatı məhz ABŞ dollarına nisbətdə üzən məzənnədən tamamilə kənardadır. Yəni biz onu idarəolunan bir məzənnə dəhlizində saxlamışıq”.

Mütəxəssis hesab edir ki, bu gün ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranıb deyə manatın möhkəmlənməsini düşünmək ciddi əsasa söykənmir:

“Biz bunu qərarla süni şəkildə möhkəmləndirə bilərik. Necə ki 2015-ci ildə ardıcıl iki qərarla ilk növbədə 78 qəpikdən 1,05-ə, sonra isə 1,55 manatadək çatmasını təmin etmişdik, indi də hansısa qərarla buna nail olmaq mümkündür. Ümumilikdə isə Azərbaycan manatının möhkəmlənməsi prosesi tək bir yox, bir neçə amildən asılıdır və bu gün hər hansı möhkəmlənmə prosesi gedə bilməz. Çünki həddən artıq riskli vəziyyətdir. Düşünmürəm ki, hökumət manatın möhkəmlənməsinə gedər. Əgər belə bir addım atılsa, bu, iqtisadiyyat dünyasının ən absurd qərarı olar. Biz bu gün manatı üzən məzənnəyə buraxsaq, onun möhkəmlənməsini yox, daha çox müəyyən bir səviyyəyə qədər ucuzlaşması prosesini izləyə bilərik. Bu gün dollara nisbətdə 1,70 manat olanda Azərbaycan manatının məzənnəsi optimal həddədir. Manatı bu şəkildə qoruyub-saxlasaq, iqtisadiyyatda, ticarət dövriyyəsində müəyyən təlatümlər yaşamaz, ticarət dövriyyəsinin dayanıqlılığına dəstək olmuş olar.

Nazirin fikirləri ilə o baxımdan razıyıq ki, bu dəqiqə manatın bahalaşması iqtisadi aktivliyimizdə passivlik yarada bilər. İxrac əmsalına mənfi təsir göstərə bilər. Ona görə də hazırkı müəyyən olunmuş məzənnədə qalması iqtisadiyyatın elastikliyinə daha çox xidmət etmiş olacaq”. (oxu.az)
 

Bölmənin digər xəbərləri

10 Aprel 2025 “Diadem” şirkətinin rəhbərləri ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
10 Aprel 2025 "Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
10 Aprel 2025 Çinli investorlar qızıla üz tutdular - 1 milyard dollar sərmayə...
10 Aprel 2025 Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO
09 Aprel 2025 Neft qiymətləri 40 dollara qədər düşə bilər – Goldman Sachs
09 Aprel 2025 Tariflər Azərbaycandan Amerikaya yumurta ixracını dayandırıb? - AÇIQLAMA
09 Aprel 2025 İlon Mask sürətlə kasıblaşır - “Bloomberg”
09 Aprel 2025 Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 Aprel 2025  Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq? - AKTUAL
08 Aprel 2025 Qlobal maliyyə bazarı trilyonlarla dollar itirdi - “Bloomberg”
07 Aprel 2025 Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti və....
07 Aprel 2025 Alça və çiyələyin qiyməti əl yandırır - VİDEO
07 Aprel 2025 Çubaysın hesablarına həbs qoyuldu
07 Aprel 2025 Rusiya dünyanı fəth edəcək... VİDEO
06 Aprel 2025 Tramp: Tariflərdən Çin iqtisadiyyatına ABŞ-dan daha çox zərər dəyir
06 Aprel 2025 Gözlənilən müharibə başladı: 95 illik plan masada – Bakı hazır olmalıdır
05 Aprel 2025 Bakıda kirayə mənzillərin qiyməti hansı səbəbdən artır (ŞƏRH)
05 Aprel 2025 Bir gündə 208 milyard... - Tramp milyarderlərin cibinə zərbə vurdu
05 Aprel 2025 "Kredit bataqlığı"nda bankla "evlənən" vətəndaşın taleyi... - Problemli kreditlərin məbləği yalnız artır
04 Aprel 2025 İlham Əliyev: AÇG , “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir

Dünyapress TV

Xəbər lenti