Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bitkoinin qiyməti tarixdə ilk dəfə 93 min dolları keçərək bütün zamanların ən yüksək həddini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu gün səhər saatlarında Bitkoinin qiyməti 88,3 min dollara qədər ucuzlaşsa da, sonradan yenidən artmağa başlayıb. Bu gün günorta saatlarında Bitkoin yenidən 91 min dollara kimi bahalanıb.
Məlumat üçün bildirək ki, Bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra kəskin şəkildə artıb. 10 gün əvvəl – noyabr ayının 4-də Bitkoinin qiyməti 67 min dollar olub.
Bəs görəsən, Bitkoinin qiyməti bundan sonra hansı səviyyəyə kimi bahalana bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Bitkoinə marağın artması və bu səbəbdən də qiymətlərin kəskin yüksəlməsinin əsas səbəbi ABŞ-nin yeni seçilən Prezidenti Trampın kriptovalyutalar ilə bağlı verdiyi açıqlamalar olub:
“Tramp seçkiqabağı təşviqat kampaniyalarında davamlı olaraq rəqəmsal aktivləri dəstəklədiyini bəyan edib. Bu sahənin investorları Trampın qələbəsindən sonra böyük miqdarda kriptovalyutalar almağa başlayıblar. Eyni zamanda kriptovalyutaların, o cümlədən də Bitkoinin bahalanmasının əsas səbəblərindən biri Trampın ən yaxın adamlarından biri olan İlon Maskın da bu sahəyə maraq göstərməsidir. Bildiyimiz kimi, İlon Mask tez-tez sosial şəbəkə hesablarında Doqekoin adlı kriptovalyutanı təbliğ edir. Təsadüfi deyil ki, Trampın prezident seçilməsindən sonra Doqekoinin qiyməti Bitkoindən də çox artıb”.
Ekspert bildirir ki, investorların Donald Tramp və onun komandasından kriptovalyutalarla bağlı gözləntiləri var:
“Onlar hesab edirlər ki, Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra rəqəmsal aktivlər, o cümlədən də kriptovalyutalarla bağlı yeni qanunvericilik təşəbbüsləri göstərəcək. Çünki hazırda ABŞ-də kriptovalyuta bazarını tənzimləyəcək qanunlar mövcud deyil. Əgər Tramp səlahiyyətlərinin icrasına başladıqdan qısa müddət sonra bu sahədə real addımlar atmasa, insanların Bitkoinə olan marağında azalma olacağı gözlənilir. Bu da öz növbəsində qiymətlərin bir qədər aşağı düşməsinə səbəb olacaq. Hesab edirəm ki, bu mövzu Tramp üçün hazırda bir o qədər də əhəmiyyət daşımır. Böyük ehtimalla, Tramp prezidentliyinin ilk vaxtlarında daha çox Çin və Ukrayna ilə bağlı məsələlərə, həmçinin neft hasilatının artırılmasına diqqət edəcək. Belə olan halda, Bitkoin qiymətlərində yenidən ucuzlaşma qaçılmaz olacaq. Tramp səlahiyyətlərinin icrasına bu ilin yanvar ayında başlayacaq. Ehtimal etmək olar ki, yaxın 2 ayda kriptovalyutaların, o cümlədən də Bitkoinin qiymətində artımlar davam edəcək. Hətta Bitkoin 100 000 dollara kimi bahalana da bilər. Amma qeyd etdiyim kimi, Tramp bu gözləntiləri vaxtında yerinə yetirməsə, fevral ayından etibarən Bitkoinin qiymətində ucuzlaşmalar olacaq”.