Avtomobil bazarı çöküb: -
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 944 milyon ABŞ dolları dəyərində 51 179 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 % çox və 9,8 % azdır.

7 ayda sürücü daxil olmaqla, 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 62,5 % artaraq 130 ədəd (7,950 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 % azalaraq 46 017 ədəd (831 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 11 276-sı (326 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 792-si (71,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 33,8 %, ikincinin isə 20,1 % artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 26 % artaraq 4 782 ədəd (80 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15,2 % artaraq 250 ədəd (25 milyon ABŞ dolları dəyərində) olub.

Maraqlıdır, Azərbaycanda maşın bazarı çöküb, yoxsa alıcı azalıb?

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ölkəyə idxal olunan avtomobillərin sayında durğunluq müşahidə edilir:

"Bunun da bir neçə səbəbi var. Məhz pandemiyadan sonra dünya iqtisadiyyatına ciddi ziyan dəydi. Azərbaycan alıcısı da bundan təsirlənmiş oldu. Ölkəyə giriş-çıxışın məhdudlaşdırılması, turist axınının zəifləməsi kimi amillər kapital dövriyyəsini azaltdı. Bu isə insanların əlində olan ehtiyat pulların azalmasına gətirib çıxartdı. Ehtiyat pul azaldıqca insanlar da avtomobil bazarına üz tutmur. Yəni, həm alıcılıq azalıb, həm də bazarda zəiflik var. Bu da öz növbəsində rəqəmlərdə əksini tapır".
 

İnternet qiymətlərinin bahalaşdırılması hansı nəticələr doğuracaq?

Son illər ölkədə yüksək sürətli internetin əhatə dairəsi xeyli artıb. Hazırda 2,7 milyon ev təsərrüfatı ona qoşulub. Lakin ekspertlərin fikrincə, onun bahalaşması ilə vəziyyət yaxşılığa doğru dəyişməyə bilər.

Avqustun 15-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” və “Baktelekom” genişzolaqlı internetin tariflərində dəyişiklik etdi. Eyni zamanda təqdim edilən internet paketlərinə əsasən, onun sürəti 2,5 dəfə artırıldı. İstifadəçilər 40 Mbit/s əvəzinə 100 Mbit/s, 60 əvəzinə 150, 150 əvəzinə isə 250 Mbit/s sürət əldə edəcəklər.

Beləliklə, abunəçilər üçün minimum məlumat ötürmə sürəti 100 Mbit/s olacaq. Abunəçilər 25 manata aylıq 100 Mbit/s, 30 manata 150 Mbit/s və 36 manata 250 Mbit/s sürətlə internet əldə edəcəklər. Bu barədə məlumat “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq 30 gün əvvəl dərc olunub. Qeyd edək ki, 15 avqustadək minimum tarif 15 manat idi.

Daha sürətli internet, əlbəttə ki, yaxşıdır, lakin bunun üçün daha çox pul ödəməli olduqlarını nəzərə alsaq, bir çox insanın belə sürətə sadəcə ehtiyacı yoxdur. Bundan əlavə, onlar ünsiyyətin keyfiyyətinin həqiqətən əhəmiyyətli dərəcədə yaxşılaşacağına şübhə edirlər.

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində deyib ki, ölkədə internetin bahalaşması ilə əlaqədar “internet doğurdanmı kütləvi əlçatan olacaq” sualı meydana çıxır: “İnternet çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma düşünürəm ki, bahalaşandan sonra daha az vətəndaş bunu ödəyə biləcək. Məsələn, kimsə bunun sayəsində gəlir əldə edərsə, onun bu xidmət üçün pul ödəməsi məqsədəuyğun olar. Tutaq ki, “Youtube”, “Tiktok” və s.-dən pul qazananlar var. Baxmayaraq ki, burada sual yaranır: İnternetdən istifadə həqiqətən daha rahat olacaqmı? Doğrudanmı bu, daha sürətli olacaq?”.

“Azərbaycanda geniş internet əhatəsinin olması ümumi qəbul edilir, lakin qiymət artımından sonra onun azalmağa başlayacağı ehtimal olunur. Gəlirləri az olan insanlar evdə istifadə etməyə yox, işdə əldə etdikləri ilə kifayətlənməyə çalışacaqlar. Dövlət provayderləri qiyməti təxminən 40% artırdı, sürət də əhəmiyyətli dərəcədə artacaq. Yüksək sürətə ehtiyacı olanlar faydalanacaqlar, çünki onlar dünəndən başlayaraq internetə ödədiklərindən daha az pul ödəyəcəklər. Problem ondadır ki, istehlakçının seçimi qalmadı, halbuki, bir çoxları indiki sürət və qiymətdən kifayət qədər razı idilər. Amma istehlakçılarla müqavilədə deyilir ki, əgər qaydalar ölkə miqyasında dəyişirsə, o zaman şəxs razılaşmağa məcbur olur. Əgər dövlət provayderləri qiymətləri qaldırsa, başqaları da bunu edəcək. Deyə bilərik ki, burada monopoliya var. Bir çox digər provayderlər hökumətin imkanları ilə eyni imkanlara malik deyillər. Bu, xüsusilə regionlara aiddir”, - deyə həmsöhbətimiz bildirib.

Qarayev belə bir addımın əhalinin aztəminatlı təbəqəsini “vurduğunu” söyləyib: “Ölkədə bir çox sahələrdə bahalaşma hələ minimum əmək haqqının artırılmasından əvvəl başlayıb. İndi bəzi qonşular pula qənaət etmək üçün 2-3 mənzil bir internetdən istifadə edəcəklər. Amma bunun üçün daha güclü modemlər almalı olacaqlar. Lakin biz onu da nəzərə almalıyıq ki, istehlakçı öz internetini üçüncü şəxslərə sata bilməz. Bu, müqavilədə qeyd olunub. Qanun pozuntusu cərimə ilə cəzalandırılır. Kommunal xidmətlər - elektrik enerjisi, qaz sahəsində də vəziyyət oxşardır. Bəziləri hətta qonşularının internetinə pulsuz qoşulmağa çalışacaqlar, lakin indi demək olar ki, hər kəs parolla qorunur. Ancaq bəzi “sənətkarlar” bunu edə biləcəklər və bu, artıq oğurluqdur. Provayderlərimiz kibercinayətlərin ehtimal olunan artımı barədə düşünməlidir ki, bu da onların və hüquq-mühafizə orqanlarının üzərinə düşən yükü artıracaq”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında qeyd edib ki, qiymət artımı qərarı bir neçə səbəbdən diqtə oluna bilər: “Onlardan biri məbləği geri qaytarılmalı olan avadanlıqların alınmasıdır. Ancaq bu, internetin tətbiqi mərhələsində daha aktual idi. İkinci səbəb hazırda qarşılaşdığımız səbəbdir - sürətin artması. Sürət peykin orbitdəki tutumundan və yerüstü avadanlıqdan asılıdır. Təbii ki, respublika ərazisində həqiqətən də yüksəksürətli internet olsa, yaxşı olardı. Pandemiya bununla bağlı problemləri açıq şəkildə nümayiş etdirdi. Distant təhsilə keçid daimi ünsiyyət problemləri səbəbindən böyük ölçüdə uğursuz oldu. Amma tezliklə ölkəmiz COP29-a ev sahibliyi edəcək və universitetlərdə təhsil almaq, eləcə də məsafədən işləmək yenidən xüsusi aktuallıq kəsb edəcək”.

Müsahibimiz əmindir ki, ölkəni yüksəksürətli, eyni zamanda sərfəli internetlə təmin etmək ən mühüm vəzifələrdən birinə çevrilməlidir: “Buna Milli Məclisə seçkilər zamanı da ehtiyac olacaq. Mən hesab edirəm ki, sürəti artırmaq lazımdır, amma qiyməti əvvəlki kimi saxlamaq, hətta aşağı salmaq lazım idi. İnternet xidmətləri göstərən dövlət şirkətləri müvafiq təşəbbüslə çıxış edə bilərdi. İnternet bir çox insan üçün əlçatmaz olmamalıdır. Bunsuz son illər haqqında çox danışılan rəqəmsal xidmətləri inkişaf etdirmək mümkün deyil. Bundan əlavə, gənc nəsil ondan ilk növbədə təhsil məqsədləri üçün istifadə etməyi bacarmalıdır. Bu, xüsusilə kənd yerlərində lazımdır”.

Müəllif: Elya Belskaya
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?
15 Noyabr 2024 Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
14 Noyabr 2024 Azərbaycan o qədər böyük, hətta deyərdim, lüzumsuz maliyyə ehtiyatları yaratmışdır ki, bundan sonra beş il heç bir məhsul ixrac etməsə belə,
14 Noyabr 2024 Mövsüm meyvələri ucuzlaşıb? – Keçən illə müqayisədə 5-6 manat...

Dünyapress TV

Xəbər lenti