Azərbaycanda təqaüdçülər nədən sürətlə borclanmaya gedirlər?
Dövlət Sosial Müdafiə Fondu[1] Azərbaycanda pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığını bildirilib. Hazırda Azərbaycanda minimum əmək pensiyası 280 manat təşkil edir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə rəsmi olaraq 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyənləşdirilsə[2] də bu göstəricilər müstəqil ekspertlər tərəfindən şübhə doğurur. Belə ki, onlar hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərin normativləri düzgün müəyyənləşdirilmir və hesablamalar gerçək qiymətlər üzərindən aparılmır. Eyni zamanda Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərclərinin normativlərini[3] hər il yeniləmir, eləcə də yaşayış minimunun dəyəri yalnız respublika üzrə 1 məbləğlə hesablanır, müvafiq hesablamalar iqtisadi rayonlar üzrə ehtiyaclar və qiymətlər nəzərə alınmaqla aparılmır, xüsusilə də yaşayış minimunun dəyəri 0-16 yaşlı uşaqlar üçün eyni əsasda deyil, 0-5, 6-10, 11-15 yaş qrupları üzrə ehtiyaclar nəzərə alınmaqla fərqli qaydada hesablanmalıdır. Məhz yaşayış minimumunun dəyərinin düzgün hesablanmamasının və ödənilən təqaüdlərin məbləğinin aşağı olmasının nətisədidir ki, pensiyaçıların ehtiyaclarını xüsusi vəsaitlərlə qarşılaya bilmir, borc vəsaitlərinə müraciət edirlər. Belə ki, Mərkəzi Bankın 2022-ci ildə Maliyyə Sabitliyi Hesabatına[4] görə, Azərbaycanda ötən il hər pensiyaçının banklara orta hesabla 775 manat borcu yaranıb ki, bu həmin il üçün ödənimiş pensiyaların orta aylıq məbləğinin 2 mislindən çoxdur. 2022-ci ildə pensiyaçılara verilmiş kreditlərin məbləği 863,1 milyon manat təşkil edib ki, bu da özündən əvvəlki illə müqayisədə 185,3 milyon manat və ya 27,3 faiz çoxdur. Beləliklə də 2022-ci ildə 1 pensiyaçıya düşən borc məbləği 774,6 manat təşkil edib ki, bu da özündən əvvəlki ilə müqayisədə hər pensiyaçıya 110 manat və ya 37,2 faiz artım deməkdir. Çünki il ərzində pensiyaçıların sayı azalmaqla yanaşı onların banklara olan borcları da artıb ki, bu da aparılan sosial müdafiə tədbirlərinin səmərəsizliyinin nəticəsidir. Son 4 il üçün təqüdçülərin borclanmasını əks etdirən məlumatlar 1-ci cədvəldə təqdim olunur.

Cədvəl 1. 2018-2022-ci illərdə pensiyaçılara verilmiş kreditlər

İllər Borc, milyon manatla 1 pensiyaçıya düşən borc, manatla
2018 519,6 401,0
2019 693,3 545,6
2020 695,6 547,5
2021 677,8 564,6
2022 863,1 774,6
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə sabitliyi hesabatı -2022, 31-ci səhifə

Azərbaycanda pensiyaçıların digər problemləri pensiya yaşı ilə bağlıdır. 2017-ci ildən başlayaraq pensiya yaşının uzadılması ilə bağlı 10 illik keçid qrafikinə görə 1 iyul 2020-ci ildən kişilər üçün pensiya yaşı 65-ə çatdırılıb, qadınlar üçün isə pensiya yaşının hər il 6 ay artırılmaqla 2026-cı ilin 1 iyulundan 65-ə çatdırılacağı gözlənilir. Hazırda qadınıların pensiya yaşı 63-dür, 1 iyul 2023-cü ildən isə qadınların pensiya yaşı 63 yaş 6 aydan hesablanacaq. Beləliklə də Azərbaycan həm qadınların, həm də kişilərin pensiya yaşının yuxarı olmasına görə keçmiş sovet republikaları arasında 1-ci yerdə qərarlaşacaq. Hazırkı vəziyyət 2- ci cədvəldə digər ölkələrlə müqayisəli şəkildə təqdim olunur.

Cədvəl 2. Post-sovet ölkələrində pensiya yaşı, illə

Qadınlar Kişilər
Azərbaycan 63,5 65
Ermənistan 63 63
Qazaxıstan 60 63
Gürcüstan 60 65
Ukrayna 60 60
Belarus 58 63
Qırğızıstan 58 63
Tacikistan 58 63
Rusiya 57 62
Moldova 57 62
Türkmənistan 57 62
Özbəkistan 55 60
Pensiya yaşının qaldırılması Azərbaycan əhalisi arasında təqüdçülərin sayının azalmasına və eyni zamanda pensiya çıxandan sonra gözlənilən pensiya ödənişi müddətinin azalmasına gətirib çıxarıb. Hər iki tendensiya dövlət sosial müdafiə fondunun pensiya xərclərini azaltsa da pensiya ödənişləri hələ də faktiki təqaüdçülərin əksəriyyətini qane etmir. Digər tərəfdən də pensiya yaşının sürətlə qaldırılması ilə doğulanda gözlənilən ömür uzunluğu arasında uyğunsuzluq yaradıb. Belə ki, Dövlət Statistika Komitəsinin doğulanda gözlənilən ömür uzunluğuna dair hesablamalarına[5] görə bu göstərici 1970-71-ci il doğumlu kişilər üçün 66,8 yaş, qadınlar üçün 74,3 yaş, 1975-76 doğumlu kişilər üçün 65,2 yaş, qadınlar üçün 72,8 yaş, 1980-81 doğumlu kişilər üçün 64,5 yaş, qadınlar üçün 72,2 yaş gözlənilir. Göründüyü kimi Azərbaycanda özlənilən ömür uzunluğu artmır, əksinə azalır.

Deməli bu gedişlə 2035-ci ildə pensiya çıxan 1970 doğumlu kişilər orta hesabla 2,8 il, 2040-cı ildə pensiya çıxan 1975 doğumlu kişilər orta hesabla 0,2 il təqaüd ala biləcək. 1980 doğumlu kişilər üçün gözlənilən ömür uzunluğu orta hesabla 64,5 yaş olduğuna görə, onlar təqaüd yaşına qədər yaşayıb pensiya ala bilməyəcəklər. Odur ki, hökümətin qarşısında duran həlli vacib olan əsas vəzifələrdən biri də təqaüd yaşını qaldırmaq yox, endirmək olmalıdır.

Əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayı
Rusiya 297
Belarus 267
Moldova 262
Ukrayna 258
Ermənistan 158
Qazaxıstan 157
Azərbaycan 127
Qırğızıstan 125
Özbəkistan 115
Tacikistan 77
2023-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11 faizini təşkil edib[6]. Bu o deməkdir ki, Azərbaycanda hər 1000 nəfərə 110 nəfər pensiyaçı düşür. Digər MDB ölkələrində mövcud vəziyyət 3-cü cədvəldə təqdim olunur.

Cədvəl 3. MDB ölkələrində pensiyaçıların sayı (2020-ci ilin 1 yanvar tarixinə)

Cədvəl məlumatları pensiyaçıların sayına dair 2020-ci ilin 1 yanvarına olan göstəricini xarakterizə edir. O zamandan ötən 2 il ərzində əhalinin sayının artması və pensiyaçıların sayının azalmasına səbəbindən Azərbaycanda hər 1000 nəfərə düşən pensiyaçıların sayın 110-da da aşağıdır. Belə olan halda isə müqayisəyə cəlb edilən ölkələrdə müvafiq göstəricilər dəyişməz qaldığı halda Azərbaycan hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə, MDB dövlətləri arasında yalnız Tacikistanı qabaqlaya bilər. Son 10 ildə Azərbaycanda pensiyaçıların sayının[7] dinamikasını 4-cü cədvəldən izləmək olar.

Cədvəl 4. Azərbaycanda pensiyaçıların sayı

İllər Pensiyaçıların sayı,min nəfərlə
2012 1277,6
2013 1272,1
2014 1277,1
2015 1290,9
2016 1299,9
2017 1315,2
2018 1318,4
2019 1295,5
2020 1270,6
2021 1228,8
2022 1114,4
Cədvəl məlumatlarından göründüyü kimi, son 5 ildə Azərbaycanda pensiyaçıların sayı 200 min nəfərdən çox azalıb. Bununla yanaşı pensiya alanların da gözlənilən pensiya ödənişi müddəti də azalmaqdadır. Bu vəziyyət digər ölkələrlə müqayisəli şəkildə 5-ci cədvəldə təqdim olunur.

Cədvəl 5. Gözlənilən pensiya ödənişi müddəti, illə

Ölkələr Gözlənilən pensiya ödənişi müddəti, il
Sinqapur 21,75
Böyük Britaniya 17,67
Yunanıstan 16,85
Belarus 13,98
ABŞ 13,49
Türkmənistan 9,34
Qazaxıstan 9,13
Rusiya 8,96
Azərbaycan 7,25
Qırğızıstan 6.63
Tacikistan 5,88
5-ci cədvəl ölkələr üzrə vətəndaşlarının pensiya çıxandan sonra neçə il yaşaması sualını cavablandırır. Pensiya məbləğinin hesablanması zamanı bu müddət 12 il və ya 144 ay götürülür. Belə ki, pensiya hüquqi əldə edən hər kəsin topladığı sığorta kapitalı 144-ə bölünür və alınan məbləğ aylar üzrə təqaüd kimi ödənilir. 144 (12 il x 12 ay = 144) rəqəmi o pensiya yaşı çatan və bu hüququ qazanan ahıl vətəndaşlarımızın orta hesabla gözlənilən pensiya müddətinin 12 il il olmasını xarakterizə edir. Amma, əslində isə rəsmi statistik məlumatlar göstərir ki, faktiki olaraq pensiyaçılar təqaüdə çıxandan sonra 7-8 il ömür sürürlər və onlara 12 il deyil, orta hesabla 8 il pensiya verilir. Belə olan halda da pensiyaya çıxan hər kəsin işlədiyi dövrdə topladığı sığorta kapitalı 144-ə deyil, 96-ya (8 il x 12 =96) bölünməlidir. Bu isə ödənilən pensiya məbləği arasında ciddi fərq yaradır. Belə ki, fərz edək ki, sizin pensiya yaşınız çatıb və sığorta hesabınıza 56 min manat kapitalı yığılıb, bu məbləği 144-ə böləndə hər aya 388 manat (56000/144=388) düşür, amma siz 12 il deyil, orta hesabla 8 il pensiya aldığınıza görə həmin məbləği 96 ya böləndə orta aylıq təqaüd məbləği 388 manat deyil, 583 manat (56000/96=583) edir. Deməli bu sosial ədalətsizliyə görə, 56 min sığorta kapitalı ilə pensiya çıxan şəxsdən hər ay 200 manata qədər vəsait kəsilir. Odur ki, ədaləti bərpa etmək üçün ya pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60-a endirilməli, ya da pensiyanın hesablanması metodologiyasında dəyişiklik olunmalı, toplanmış sığorta kapitalı 144-ə deyil, 96-ya bölünməlidir.

Azərbaycanda pensiyaların gözlənilən ödəniş müddətinin başqa ölkələrlə müqayisədə kəskin aşağı olmasının əsas səbəbi pensuya yaşının yuxarı olması və son illər pensiya yaşına çatmamış dünyasını dəyişənlərin sayının artmasıdır. DSK-nın məlumatı[8] əsasında hesablanmış demoqrafik göstəricilər 6-cı cədvəldə təqdim olunur.

Cədvəl 6. Azərbaycanda pensiya yaşına çatmamış vəfat edənlər, faizlə

Pensiya yaşına çatmamış vəfat edənləri həmin il üzrə ölənlərin sayında xüsusi çəkisi, faizlə
Kişilər Qadınlar
2019 41 30
2020 52 42
2021 47 32
Mənbə: Dövlət Statistika Komitəsi

Göründüyü kimi, xüsusilə də kişilər üçün pensiya yaşının yüksək olması və onların doğulanda gözlənilən ömür uzunluğunun qadınlara nisbətən aşağı olması pensiya yaşına çatmamış vəfat edən kişilərin həmin il üzrə ölənlərin sayında xüsusi çəkisinin artımını şərtləndirib. Bu artıma xüsusilə də 2020-ci ildə Ermənistanla müharibə zamanı 3000 qədər Azərbaycalı gəncin şəhid olması əhəmiyyətli təsir göstərib.

Qubad İbadoğlu

Mənbə: Turan İA

[1] https://fed.az/az/sosial/yeni-artimdan-sonra-pensiyalarin-orta-ayliq-meblegi-423-manata-catib-154677

[2] https://president.az/az/articles/view/58494

[3] https://e-qanun.az/framework/10061

[4] https://uploads.cbar.az/assets/ca7a4b6c03edafd2d0219a937.pdf

[5] https://stat.gov.az/source/demoqraphy/ap/

[6] https://stat.gov.az/news/macroeconomy.php?lang=az&page=4

[7] https://stat.gov.az/source/healthcare/

[8] https://stat.gov.az/source/demoqraphy/
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti