Ardını oxu...
"Ticarət Mərkəzi” MMC ilə İqtisadiayyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkət bu mübahisədən dolayı idarəni məhkəməyə verib.

Lakin birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı şirkəti qane etməyib. Bu baxımdan, "Ticarət Mərkəzi” MMC Ali Məhkəməyə kassasiya şikayəti verib.

Rahib Nəbizadə iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.

Araşdırmalarımız zamanı bəlli olub ki, "Ticarət Mərkəzi” MMC-yə külli miqdarda vergi borcu yazılıb. Hazırda bu borc 1 358 353, 20 AZN-dir. Şirkət isə bu məbləğlə razılaşmadığına görə məhkəməyə müraciət edib.

Açıq mənbələrdə "Ticarət Mərkəzi” MMC haqqında heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, şirkət 2010-cu ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Zülfü Yunus oğludur.

Onun haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Ticarət Mərkəzi” MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Güloğullar kəndində yerləşir. Bəzi iddialara görə, şirkət yerli məmurlardan birinə məxsusdur.
 
 
 
Ardını oxu...
Azərbaycanda banklararası pul köçürmələrində komissiya haqlarının yüksək olması əhali arasında narazılıq doğurur. Bununla bağlı redaksiyamıza şikayətlər daxil olur. Xüsusilə, “Kapital Bank”la bağlı bu yöndə şikayətlər daha çoxdur. Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, çıxış yolu hələ də tapılmayıb.

Komissiya haqları niyə yüksəkdir?

İqtisadçı-ekspert Rəşad Həsənov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, bankların bəzi hallarda tətbiq etdiyi faizlər çox yüksək olur:

“Xüsusilə, banklararası köçürmələr zamanı bunu müşahidə edirik. “İnterçeyn” xidmət haqlarının böyük olması bir sıra səbəblərdən qaynaqlanır. Burada tətbiq olunan faizlər, dərəcələr, sabit yığımlar birbaşa bankın özünün təşəbbüsü ilə ortaya çıxmış xərc növü deyil. Bu, eyni zamanda, ödəmə sistemlərinin xərclərini də əhatə edir. Çünki burada tərəf təkcə bank deyil. Bank ödəniş sistemlərinin infrastrukturundan istifadə edir. Həmin ödəniş sistemləri müvafiq banklar üçün müəyyən komissiyalar formalaşdırır.

Bu komissiyaların minimum hədləri olur. Hər bir əməliyyat transaksiya sayılır. Transaksiyada minimum xərclər müəyyən edilir. Bunun nəticəsində də bankların tətbiq etdiyi yığımlar daha yüksək olur. Əlbəttə, bu da müəyyən problemlərə gətirib çıxarır”.

“Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var”

Ekspert əlavə edib ki, bu kimi hallar nağdsız ödənişlər zamanı tətbiq olunan rüsumlarda da özünü göstərir:

“Fikrimcə, Mərkəzi Bankın prosesə müdaxiləsinə ehtiyac var. Bu istiqamətdə müəyyən addımlar atılmağa başlayır. “İnterçeyn” xərclərinin yuxarı həddləri müəyyən edildi. Sərt müdaxilələr digər nöqsanlar yarada bilir. Burada bank sektoru müəyyən qədər dominantlıq daşıyır. Bu dominantlıq inhisarçı qiymətlərin formalaşmasına şərait yaradır.

Qeyri-bank müştəriləri üzrə köçürmələrdə müşahidə edilən sərt rüsumların məbləğinin yuxarı həddinin müəyyən edilməsi mərhələsinə keçid başlamalıdır. Beləliklə, bu istiqamətdə mümkün qədər xərclərin optimallaşdırılması lazımdır. Eyni zamanda, ödəniş sistemlərinin şaxələnməsi və Mərkəzi Bankın müəyyən proqramları icra etməsi bankların müvafiq transaksiyaları üzrə xərclərinin optimallaşmasına səbəb ola bilər”.

Mövzu ilə bağlı “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr üzrə proses sahibi Arzu Əliyeva sorğumuzu belə cavablandırıb:

Komissiya haqları nəyə əsasən təyin olunur?

"Komissiyalar vəsaitin mənbəyinə, əməliyyata - köçürmə, nağdlaşdırma, alış-veriş və. s, kart tiplərinə və əməliyyatın icra edildiyi ölkəyə əsasən təyin edilir. Qeyd olunan parametrlərin kombinasiyasından asılı olaraq əməliyyatın dəyəri dəyişə bilir. Məsələn, müştəri debet kartı ilə ölkə xaricində ATM-dən nağdlaşdırma əməliyyatı apararsa, bu əməliyyata görə, tarif cədvəlinə əsasən ondan xidmət haqqı tutulacaq. Bu, müştəriyə xidmət edən həmin xarici banka və əməliyyatın baş tutması üçün iki bank arasında hesablaşmanı təşkil edən ödəniş sistemlərinə ödənilən xidmət haqqıdır”.

“Kapital Bank”ın banklararası komissiya haqlarındakı fərqliliklər nədən qaynaqlanır?

“Kapital Bank”ın emissiya etdiyi bir neçə kateqoriyada kartlar mövcuddur: debit, kredit, əmək haqqı, təqaüd. Kartların təyinatı və kart balanslarında olan vəsaitin mənbəyindən asılı olaraq komissiyaya yanaşma dəyişir. Məsələn, debit kartlarına vəsaitlər müştərinin özü tərəfindən mədaxil olunduğu üçün bu tip kartlarla aylıq 5000 manatadək köçürmə və ya nağlaşdırma komissiyasızdır. Eyni zamanda əməkhaqqı və pensiya kartlarında “Kapital Bank”ın ATM-lərindən vəsaitlərin nağdlaşdırılması limitsiz və tam pulsuzdur. Kredit kartlarında kredit xəttindən köçürmə və ya nağdlaşdırma edərkən xidmət haqqı tutulur”.

Azaldılma ehtimalı varmı?

“Ümumiyyətlə, hazırda bir çox istiqamətlər üzrə komissiyalar tətbiq edilmir. Öncə qeyd edilənlərlə yanaşı debit, əmək haqqı və təqaüd kartları ilə Birbank mobil tətbiqi üzərindən Kapital Bank kartlarına vəsaitin köçürülməsi komissiyasızdır. Komissiyalar bazarda olan durumdan asıllı olaraq dəyişə bilir. Məsələn, pandemiya zamanı bir çox sosial kartlarla ölkənin bütün ATM-lərindən nağdlaşdırmada heç bir xidmət haqqı tutulmurdu”.

Ödəniş kartları ilə əməliyyatlarda interçeync xidmət haqları necə tənzimlənir?

“Hazırda “interchange” tariflərinin yuxarı haqqı Mərkəzi Bank tərəfindən təyin edilir. “İntechange” iki bank rasında baş vermiş kart əməliyyatları zamanı tərəflər arasında yaranan xidmət haqqını müəyyən edir. Məsələn “A” bankın kart müştərisi “B” bankına məxsus ATM-dən vəsait çıxararsa, müştəriyə göstərilən xidmət nəticəsində “A” bankı “B” bankına ölkə üzrə təyin edilən “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir.

Yaxud da əksinə, “A” bankının kart müştərisi “B” bankının POS terminalından alış-veriş edərsə, “B” Bankı “A” bankına ölkə üzrə təyin edilmiş “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir.

ATM üzrə “interchange” tarifi inkassasiya, texniki dəstək və ödəniş sistemlərinin xərclərinə əsasən təyin edilir. “POS” terminallar üzrə “interchange” tarifi isə ödəniş sistemlərinin xərcləri və “POS” terminal avadanlığının texniki dəstək üçün sərf olunan xərclərinə əsasən təyin edilir”.
 
Ardını oxu...
Astara Gömrük İdarəsi barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, idarə İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə ittiham edilib.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Mətanət Hacıyevanın icraatına verilib.

485.1-ci maddəyə əsasən, fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 70 manatdan 100 manatadək, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Astara Gömrük İdarəsinin sədri vəzifəsinin müvəqqəti icrası sözügedən İdarənin rəis müavini Kazımov Samir Hadı oğluna tapşırılıb.
Ardını oxu...
“İllik inflyasiya 2023-cü ilin sonuna 4.3 % olacaq”.

Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, növbəti ildə də xarici faktor, dünya bazarında qiymətlərin dinamikası ölkədəki inflyasiyaya təsir göstərəcək:

“Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir.

Mərkəzi Bankın oktyabr proqnozlarına görə, inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur.

Manatın məzənnəsi növbəti ildə də inflyasiyaya təsir göstərəcək. Faiz dəhlizi maliyyə bazarlarına təsir göstərir. Mərkəzi Bank məcburi ehtiyatlardan istifadə edir. Ortamüddətli dövrdə inflyasiya üzrə tələbə nail olunmasında İqtisadi Şura mühüm rol oynayacaq”.

Qeyd edək ki, artıq 2023-cü il başa çatır və cari il ölkədə qiymətlərin daha da artımı ilə yadda qaldı. Bəs qarşıdan gələn yeni ildə iqtisadi proqnoz necə dəyərləndirilir?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, dünyada neftin qiyməti yüksək olaraq qalacaq:

“Ona görə ki, dünyada geostrateji gərginlik var. Bu baxımdan neftin qiymətinin düşəcəyini gözləmirəm. Valyuta gəlirlərimiz əvvəki səviyyədə qalacaq. Ancaq qiymət artımı baxımından gözləyirəm ki, qiymətlər artacaq. Bizdə onsuzda iqtisadi inkişafın səviyyəsi çox aşağıdır və belə də qalacaq.

Çünki iqtisadi inkişafın lokomotivi sahibkarlıqdır və o da bizdə yoxdur. Əksinə, bu baxımdan gündən-günə vəziyyət daha da pisləşir. Ona görə də inanmıram ki, bu sahədə ciddi dəyişiklik olsun. Hesab edirəm ki, qarşıdan gələn il iqtisadi baxımdan daha da çətin olacaq, nəinki bu il”.
 
Ardını oxu...
Moskvanı sanksiyalardan qoruyan təkrar ixrac mafiyasının quyruğu göründü
(Dünyanın “ərköyün balasının” qaranlıq əməlləri üzə çıxır)
Ermənistan sanksiyalardan yayınmaq üçün keçmiş strateji müttəfiqi və hazırkı “düşməni”
Rusiyaya açıq şəkildə dəstək verir. İrəvan bunu gizlətməyə heç cəhd də etmir və əslində, edə də
bilməz. Əlahəzrət fakt göz qabağındadır. Əvəzində isə Avropa İttifaqı və ABŞ bunu “görmür”.
Qərb ölkələri bir şeyi açıq şəkildə etiraf edirlər ki, Rusiya sanksiyalardan yayınmağı bacarıb.
Moskva bəzi məsələlərdə korluq çəksə də, bu, Qərbin gözlədiyi və planlaşdırdığı dərəcədə deyil.
Bəzi ölkələr təkrar ixrac sayəsində Rusiyanın ciddi çətinliklərdən yayınmasına kömək edirlər.
Əslində, bu və ya digər dərəcədə bütün ölkələr Rusiyaya qadağan olunan mallar göndərirlər.
Bunların arasında Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Ermənistan xüsusi ilə seçilir.
Ermənistan isə bu ölkələrin arasında liderlik edir.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) keçmiş baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş
valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks İrəvanı Moskvaya
sanksiyalardan yayınmaqda kömək etməkdə ittiham edib. Bu barədə o, özünün X sosial
şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.
Bruks bildirib ki, Ermənistan heç bir beynəlxalq qadağaya məhəl qoymadan Rusiyaya Avropa
İttifaqının sanksiyalarından yayınmağa kömək edir. Bunu, Rusiya-Ukrayna müharibəsi
başlayandan sonra Aİ ölkələrindən Ermənistana ixracın kəskin artması da sübut edir.
“Siz Aİ daxilində nə baş verdiyi ilə bağlı sual üzərində düşünməlisiniz. Vladimir Putinin
Ukraynaya təcavüzü Avropa İttifaqının müdafiə etdiyi bütün dəyərlərə böyük təhlükədir. Amma
buna oxşar çoxlu nümunə var: Müharibə başlayandan Avropa İttifaqından Ermənistana ixrac
200 faiz artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir. Bəs Brüssel nə edir?” – iqtisadçı
ritorik sual verib.
Robin Bruks sözlərinə sübut kimi şəxsi hesabında Ermənistana ixracla bağlı cədvəl də dərc edib.
Bu cədvəl Ermənistana ixracın birdən-birə son dərəcə kəskin artımını nümayiş etdirir. Ən
maraqlısı isə odur ki, ixracın kəskin artması Ukraynada müharibənin başlaması ilə üst-üstə
düşür.
Cədvəldəki məlumatlardan görünür ki, 2022-ci ilin mart ayından Avropa İttifaqı ölkələrindən
Ermənistana ixrac 4-5 dəfə artıb. Eyni zamanda, Rusiyanın digər müttəfiqi və əsas çip
(mikrosxem) təchizatçısı Çindən də Ermənistana ixrac iki dəfə artıb…
Ermənistanın Rusiyaya kömək etdiyi heç kimdə şübhə doğurmur. Müharibə başlayandan sonra
bu ölkənin Rusiyaya kömək etdiyi bildirilirdi, amma tədbir görülmürdü. Eyni zamanda, Rusiyadan
Ermənistana qaçanların bu ölkədə yüzlərlə və şirkət qurduqları açıqlanmışdı. O zaman belə bir
iddia irəli sürülmüşdü ki, bu şirkətlər arasında Ermənistan hakimiyyətinin razılığı ilə Rusiyanın
özünün də təkrar ixrac üçün yaratdığı onlarla şirkət var. Və bu gün təkrar ixracla məşğul olan
həmin şirkətlərin var gücü ilə işlədiyi bir daha sübut olunur.
Ortada isə maraqlı suallar var.
Əvvəla, niyə Moskvaya qarşı vahid cəbhədən çıxış etdiyini, Ukraynanın yanında olduğunu və
müharibə bitməyənə qədər Putin Rusiyası ilə heç bir halda əməkdaşlıq etməyəcəyini bəyan edən
Avropa əqidəsinə zidd çıxır? Bu halda şəxsi mənafenin onlar üçün əqidədən də, Ukraynada hər
gün ölən yüzlərlə insanın həyatından da üstün olduğu üçün? Təəssüf ki, sualın cavabı aydındır.
Avropa vahid deyil və mənafeyini düşünənlər, həqiqətən də Ukraynanın yanında olanları
üstələyirlər.
İkinci sual: Ermənistana qarşı niyə heç bir ölçü götürülmür? Bir anlığa təsəvvür edin: bu addımı
Azərbaycan atsaydı, bu həcmdə Azərbaycan Rusiyaya kömək etsəydi, təkrar ixracla məşğul
olsaydı, nələr baş verə bilərdi? Aİ bir yana, sanksiyaların əsas təşəbbüskarı olan Vaşinqton
okeanın o üzündən Azərbaycana hansı təzyiq göstərərdi? Etiraf edək ki, rəsmi Bakının sevərək
təkrar etdiyi “ikili standartlar” tezisinin əsası var.
Nəhayət, Ermənistan hakimiyyəti nədən münasibətləri “düşmən” səviyyəsinə çatdığı Rusiyaya
yardımı qadağan etmir? Axı, hətta təkrar ixracatla erməni şirkətlərinin deyil, Kremlin
Ermənistanda qurduğu saxta şirkətlərin məşğul olduğu iddiasını qəbul etsək belə, hakimiyyətin
bu yardımı dayandırmaq üçün bir addımı kifayət etməzmi?
Bəlkə məsələ daha dərindir və “düşmən” heç də hamıya nümayiş etditildiyi qədər düşmən deyil?
Press Klub
Ardını oxu...
2024-cü ilin əvvəllərindən etibarən, 2014-cü il istehsalı olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq.

Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.

Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik.

Görəsən, köhnə maşınların ölkəyə gətirilməsinə qoyulan qadağa avtomobil bazarına necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qərar daxildə realizə olunan köhnə avtomobillərin qiymətində bahalaşmaya gətirib çıxaracaq.

Onun fikrincə, bu birtərəfli qərardır:

“Bu həmin istiqamətdə əvvəlki illərdə qəbul olunan qərarın davamıdır. 10 illik məhdudiyyət hər il yenilənəcək. Qadağa gələn il 2015-ci ildən əvvəlki avtomobillərə tətbiq olunacaq. Bu qəbul olunmuş qərarın implementasiyasıdır.

Keçən il bu addımın atılması fonunda bazarda köhnə avtomobillərin qiymətində bahalaşmanı müşahidə etdik. İli köhnə olan avtomobillərin ölkəyə buraxılmaması, öz növbəsində daxildə dövriyyədə olan həmin avtomobillərin qiymətinə təsir göstərir. Çünki ili yeni olan avtomobillər baha qiymətə gətirilir.

Əhalinin alıcılıq qabiliyyətini nəzərə alsaq, onların qiymətinin yüksək olması ilə insanların yeni avtomobil almaq imkanları da azalır. Belə olan halda, ölkə daxilindəki köhnə maşınların daha ucuz olduğunu nəzərə alsaq, qadağanın doğurduğu təsirlərdən onların da qiyməti bahalaşır”.

“Məqsəd avtomobil parkının yenilənməsidir”

Həmsöhbətimizə görə, belə bir qərar verilərkən, bəzi gömrük və aksiz vergiləri də azaldılmalı, proses müəyyən güzəştlərlə paralel aparılmalıdır:

“Qərarın verilməsində məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji standartlara cavab verən maşınların gətirilməsinə stimul yaratmaqdır. Burada müqayisəli məqam yoxdur. Amma bu fonda bəzi gömrük və aksiz vergiləri də azaldılmalıdır”.
 
Ardını oxu...
Son illər hökumət rəsmiləri tez-tez sənaye parklarının ölkədə neftdənkənar sektorun inkişafına təsirlərindən söz açırlar. Son yeddi ildə Azərbaycanda bu sahəyə 5.6 milyard manat yatırım edilib. Yatırılan 5 milyard manatdan çox investisiyaya qarşılıq cəmi 38 min 600 nəfərin işlə təminatı nəzərdə tutulur. İndiyədək ölkədə yeddi sənaye parkı (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası") istifadəyə verilib.

İlin birinci yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16.5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 20.7 faiz olub. Bu ilin ilk doqquz ayında sənaye müəssisələrində toplam 2.3 milyard manatlıq məhsul istehsal edilib. Bunun cəmi 31 faizi ixraca yönəldilib.

Sənaye parklarının rezidentləri kimlərdir?
Sumqayıt Kimya Sənaye Parkının təməli 2013-cü ildə qoyulub. Rezidentlər indiyədək sənaye parkına 5.4 milyard manat yatırım ediblər. 2023-cü ilin ilk doqquz ayında Sumqayıt Kimya Sənaye Parkında 2.1 milyard manatlıq məhsul hazırlanıb. Sənaye parkı ilboyu təxminən 400 milyon dollarlıq ixrac gerçəkləşdirə bilib. İndi burada 6 min nəfərdən çox işçi var. Qeydiyyata alınmış 38 rezidentdən hazırda 23-ü fəaliyyət göstərir. "SOCAR Polymer", "SOCAR Karbamid Zavodu", STP (Sumqayit Texnologiyalar Parkı) Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentləri sayılır.

2015-ci ildən fəaliyyət göstərən Mingəçevir Sənaye Parkınınsa cəmi bir rezidenti var ("Mingəçevir Tekstil" MMC). Parkın açılışı zamanı orada çox sayda müəssisə yaradılacağı elan olunsa da, hələlik, tekstil fabrikindən başqa müəssisə fəaliyyətə başlamayıb. Mingəçevir Sənaye Parkına 94 milyon dollara yaxın investisiya yatırılsa da, cəmi 750 nəfərə iş yeri yarada bilib.

Qaradağ Sənaye Parkı da, Mingəçevir Sənaye Parkı kimi, sanki elə tək rezident üçün yaradılıb. Sənaye parkının yeganə rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. İndiyədək buraya 490 milyon dollar investisiya yatırılıb. Qaradağ Sənaye Parkında iri, orta və ağır tonnajlı gəmi və avadanlığın istehsalı və təmiri nəzərdə tutulub. Müəssisədə 2 minə yaxın şəxs çalışır.

Pirallahı Sənaye Parkına 45 milyon dollar sərmayə yatırılıb. İndi burada cəmi dörd rezident fəaliyyət göstərir. Sənaye parkında yerləşən müəssisələrdə şpris, uşaq bezi, müxtəlif dərman və preparatlar, eləcə də zəfərandan mürəbbə və limonad hazırlanması nəzərdə tutulur. Pirallahı Sənaye Parkında indi 100 nəfər çalışır.

Balaxanı Sənaye Parkını isə digər sənaye parklarından fərqli olaraq "Təmiz Şəhər" ASC idarə edir. Bu sənaye parkı, əsasən, tullantıların təkrar emalı ilə məşğul müəssisələr üçün nəzərdə tutulub. Hazırda Balaxanı Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada minə yaxın işçi çalışır. İndiyədək "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat sərmayə yatırılıb. Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 faizi xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarından biri kağızdır.

Qarabağdakı sənaye parkları
İşğaldan qurtulmuş ərazilərdə - Ağdam və Cəbrayılda yaradılan sənaye parkları, hələlik, tikinti mərhələsindədir. İndiyədək Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1 min 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

Sənaye Parklarını necə inkişaf etdirməli?
Göstəricilərdən bəlli olur ki, ölkədəki bəzi sənaye parklarında yalnız bir rezident fəaliyyət göstərir. Bu parklara yatırılan investisiyaların əsas bölümü də dövlət şirkətlərinin payına düşür. Ancaq belə ərazilərin yaradılmasında əsas məqsəd özəl sektorun inkişafı, ölkəyə xarici investisiyaların cəlbidir. Unutmaq olmaz ki, sənaye parklarında sahibkarlara bəlli güzəştlər də nəzərdə tutulur. Vergi və infrastruktur güzəştləri bu baxımdan başlıca yer tutur. Di gəl, Azərbaycandakı sənaye parklarında hələ də dövlət müəssisələrinin əsas yer tutması bu sahədəki fəaliyyətdə problemlərin olduğunu göstərir.

Xarici investorların Azərbaycana marağının az olmasının əsas səbəblərindən biri ölkədə hüququn aliliyinin yetərli səviyyədə olmamasıdır. Məhkəmə orqanlarının azad olmaması da xarici investorların ölkəyə inamını aşağı salan əsas amillərdəndir. Heritic Fondunun hazırladığı "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan ən aşağı nəticəni (100 ballıq sistemdə 16 bal) məhz ədliyyə sistemi üzrə toplayıb.

Biznes ortamının azad və rəqabətli olmaması da xarici investorların ölkəyə marağını azaldan əsas səbəblər arasındadır. Ölkədə məmur sahibkarlığının geniş yayılması idarəetmə ilə bağlı qərarların qəbulunda maraq toqquşmasını ortaya çıxarır, axı qərarverici şəxslər həm də iri şirkətlərin sahibləridir və onlar bazarın marağından daha çox öz maraqlarını güdürlər. Belə bir ortamda hansı səmərəli idarəçilik qərarlarından, yaxud rəqabət imkanı olan şirkətlərdən danışmaq olar? Bu üzdən müstəqil ekspertlər düşünürlər ki, Azərbaycanda qanunun aliliyi olmasa, azad biznes ortamı yaradılmasa, digər təşəbbüslər kimi, sənaye parkları da ölkəni iqtisadi baxımdan elə də irəli aparmayacaq.

Mənbə: AzadlıqRadiosu ©
 
Ardını oxu...
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq.

Bu barədə Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsinin qaldırılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, elektron siqaret, qəlyanlarda vergi əhəmiyyətli dərəcədə artıb:

"Bir vahid üçün 25 qəpikdən 2 manata qaldırılıb. Bu o deməkdir ki, həmin məhsullar ən azı 1 manat 50 qəpik- 2 manat arasında qalxacaq. Aksiz dolayı vergidir. Bir başa müştəridən tutulan vergidir”.

Ekspertin fikirincə, satıcılar topdan satış qiymətini ya yuvarlaşdıracaqlar, ya da qiymət siyasətini nəzərə alacaqlar:

"Yəni, birini çox, digərini az qaldırıb qiyməti tənzimləsinlər. Amma təbi ki, bu qərar qiymətlərə təsir edəcək”.

Qeyd edək ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.

Dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Ardını oxu...
Son günlər Bakı Metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.

Məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.

Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropolitenin səlahiyyətinin xaricində olan məsələdir:

"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".

Qeyd edək ki, ötən günlərdə “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

 
Ardını oxu...
2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.

Qeyd edək ki, cari ildə MSK-ya 46,7 milyon, 2022-ci ildə 27.5 milyon, 2021-ci ildə 13, 8 milyon, 2020-ci ildə 57,7 milyon, 2019-ci ildə 51, 3 milyon, 2018-ci ildə isə 67.6 milyon manat vəsait ayrılıb.

Bu illərdə 2018-ci ildə Azərbaycanda prezident seçkiləri, 2019-cu ildə bələdiyyə, 2020-ci il fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçirilib. Ayrılan vəsaitlərin həcminə diqqət etdikdə seçki ilində MSK-ya 50 milyon manatdan çox vəsait ayrıldığı görünür.

Bu il Azərbaycanda referendumun olacağına dair xəbərlər yayılsa da, rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzib edilib. Amma bəzi millət vəkilləri hökumətin referenduma və yeni parlament seçkilərinə hazırlaşdığı barədə açıqlamalar veriblər.

Seçki qrafiki üzrə 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməlidir. Qeyd edək ki, 2019-cu ildə bu məqsədlə büdcədən 51.3 milyon manat vəsait ayrılıb. Amma gələn ilki ayırmalar bundan 2 dəfədən çoxdur, o zaman hökumətin referendum, yaxud parlament seçkiləri haqqında planlarının olduğunu güman etmək olar.

Konstitusiyaya görə, 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri keçirilməlidir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir və hər çağırışın seçkiləri beş ildən bir - noyabrın birinci bazar günü keçirilir. Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında növbədənkənar formada gerçəkləşib. Konstitusiyada növbədənkənar seçki ilə formalaşmış parlamentlə bağlı qeyd edilir: "Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir". Bu baxımdan, gələn ilin noyabrında parlament seçkilərinin keçirilməsi üçün konstitusion əsaslar var.

Beləliklə, gələn ilin büdcəsində seçkilər üçün nəzərdə tutulan 110.9 milyon manatın yalnız bələdiyyə seçkiləri üçün ayrılmadığı qənaətinə gəlmək olar.

Maraqlıdır, haqqında daha çox danışılan referendum, yoxsa parlament seçkiləri baş tutacaq?

Ekspertlərə görə, 2025-ci ildə ölkədə həm prezident, həm də parlament seçkilərinin keçirilməsi məqsədəuyğun sayılmaya bilər. Çünki seçkilər kifayət qədər vaxt, resurs tələb edən ağır prosesdir, bir ildə iki böyük kampaniyanı təşkil etmək çətindir. Hökumət bu nöqteyi-nəzərdən parlament seçkilərini ertələyə bilər. Yuxarıda qeyd olunduğu kimi, bunun üçün konstitusion əsaslar da var.

Referendumun zəruri olub-olmadığına gəlincə, ekspertlər 44 günlük müharibədən sonra idarəçilik sisteminin təkmilləşdirilməsinə, dövlət institutları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayırlar.

Maraqlıdır, hökumət bələdiyyə seçkilərindən əvvəl, 2024-ü ilin başlanğıcında hansı qərarı verəcək?

Rasim Əliyev

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti