2021-ci iyunun 14-də gecə saat 1 radələrində Binəqədi-Novxanı yolunda Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Land Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə Murad Ziyadov və sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüblər. Elşad Kəlbəliyev və sərnişini Ələsgər Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
1978-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulan Elşad Kəlbəliyev “Baxçalı Evlər” MTK-nın təsisçisidir, “Qurtuluş 93” Yaşayış kompleksinin sahibinin kürəkənidir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 14-ü gecə saat 1 radələrində Elşad Kəlbəliyev sərxoş halda özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Land Rover” markalı, 10-CO-002 nömrəli avtomobillə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən, qarşıdan öz yolu ilə gələn Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı, 99-ZL-837 nömrəli avtomobillə toqquşub. Nəticədə 4 nəfər dünyasını dəyişib. Bundan başqa, E. Kəlbəliyev “Daewoo” markalı nəqliyyat vasitəsinin sahibi Emin Hüseynəliyevə 7000 manat məbləğində maddi ziyan vurub.
Qəzaya düşən avtomobillər
İş üzrə dindirilmiş Elşad Kəlbəliyev bildirib ki, iyunun 14-də dostları ilə Sumqayıt şəhərində yemək yeyərkən gecə saat 00:00-da oğlu zəng edərək, hərarətinin qalxdığını və özünü pis hiss etdiyini deyib:
“Avtomobilimə əyləşib, Binəqədi-Novxanı yolu ilə hərəkət etdim. Bir az getdikdən sonra, yolun sağ tərəfində 5-6 nəfərin çimərlik paltarlarında dayandıqlarını gördüm. Hərəkətsiz dayandıqları üçün, təhlükə yaratmayacaqlarına əmin oldum və döngədə sürəti azaltmadım. Amma piyadalar 20-30 metr qalmış onlar qəflətən qaçaraq, sağdan sola yolu keçməyə başladılar. Onları vuracağımı görüb, dərhal sükanı sola buraraq, əks yola çıxdım və bu zaman qarşıdan gələn “Daewoo” markalı avtomobillə toqquşdum. Qəza zamanı ciddi xəsarət aldım, hadisədən sonra bir müddət huşsuz vəziyyətdə olmuşam”.
Hadisə yeri...
Kəlbəliyev qeyd edib ki, ümumiyyətlə spirtli içki içən deyil və həmin gündə heç nə qəbul etməyib.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Emin Hüseynəliyev bildirib ki, fiziki şəxs kimi içməli suların satışı ilə məşğul olub, Murad Ziyadovu müqavilə ilə işə götürüb:
“İyunun 14-də mənə məlum oldu ki, Noxvanı yolunda hərəkətdə olarkən avtomobilimi idarə edən Ziyadov Elşad Kəlbəliyevin idarə etdiyi maşınla toqquşub. Nəticədə sürücü və 3 sərnişin ölüb”.
Məhkəmə iclasında Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Tərtib olunan protokol
Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, onlara dəymiş ziyan Kəlbəliyevin qohumları tərəfindən ödənilib, buna görə təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur.
Məhkəmə hesab edib ki, Elşad Kəlbəliyevə ittiham olunduğu Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmin olunub və cəzası 8 ilə endirilib.
Cebhe.info