Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.
Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz “1 manatlıq” taksilərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:
“Taksilərin keyfiyyətini artırmaq, taksidə olan nöqsanları aradan qaldırmaq üçün taksi haqqında müntəzam qanunlar qəbul olunur. Bu, məhz taksidə olan nöqsanları aradan qaldırmaqdan dolayı zəruridir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülər qeydiyyatdan keçməlidirlər. Ancaq bu halda qanunun tələbinə uyğun şəkildə taksi kimi fəaliyyət göstərə bilərlər. Başqa cür məşğul olarlarsa, cərimələnəcəklər”.
Ekspert vurğulayıb ki, “1 manatlıq” taksilərin sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyillər:
“Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə minəndə həmin sürücülərə İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq ediləcək”.
Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “Tik-Tok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.
“10 gün əvvəl evin tavanı çökdü, avadanlıqlarımız, yorğan-döşəyimiz, stol-stulumuzun hamısı dağıntının altında qaldı. Yağışlı günlərdə də çöldə bir yer tapıb yatırıq. Evə girməyə qorxuruq. Nə zəlzələ vaxtı sahib çıxan oldu, nə də indi gəlib baxan var. Allah ümidinə yaşayırıq”.
Bunu Meydan TV-yə Şamaxı sakini Həqiqət Bədəlova deyir.
5 il əvvəl Şamaxıda baş vermiş zəlzələ nəticəsində bəzi evlər tamamilə dağılıb, bəziləri ciddi zədələnib.
Fövqəladə Hallar Nazirliyinin hesabatlarına görə, zərər çəkmiş ailələr yeni tikilmiş evlərə yerləşdirilib, təmir-bərpaya ehtiyacı olan evlər əsaslı təmir olunub. Ancaq ötən 5 il ərzində Meydan TV-yə dəfələrlə zəlzələ zərərçəkmişləri tərəfindən xeyli şikayət daxil olub.
Həmin şikayətlər araşdırılaraq, işıqlandırılıb və nəticədə məlum olub ki, dövlət qurumlarının açıqlama və hesabatları həqiqətəuyğun deyil.
Budəfəki şikayətçi də Şamaxının Niyazi Nəcəfov küçəsindəki 15 saylı evdə yaşayan Həqiqət Bədəlovadır.
Onun sözlərinə görə, 5 il əvvəl baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşsə də, hər hansı tədbir görülməyib.
“Hər şey dağıntının altında qaldı”
10 gün əvvəlsə Həqiqət xanımın evinin tavanı çöküb:
“Bu il mayın 18-də otaqdan həyətə çıxmağımla otaqlardan birinin tavanının çökməsi bir oldu. Toz-tozanaqdan göz-gözü görmürdü. Bütün avadanlığım, yorğan-döşəyim, pal-paltar olan dolab, digər ev əşyaları – hamısı dağıntının altında qaldı. Elə gəzirdik, ayağımızın altında döşəmə, başımızın üstündə tavan titrəyirdi, bilirdim ki, bir gün başımıza çökəcək”.
“Düşündük ki, Prezident nəzarət edir, məsuliyyətli olarlar”
Həqiqət Bədəlovanın sözlərinə görə, 2019-cu ilin fevralında zəlzələ baş verəndən dərhal sonra digər evlər kimi bu evə də komissiya tərəfindən baxış keçirilib.
Komissiya üzvləri ailəyə evdə yaşamağın təhlükəli olduğunu, hər an uça biləcəyini deyib, evi siyahıya daxil edib.
Komissiya üzvləri tərəfindən ailəyə tövsiyə olunub ki, yeni ev tikilənədək müvəqqəti başqa yerə sığınsın. Ancaq ailənin getməyə yeri olmadığına görə elə qəzalı evdə yaşamağa davam edib:
“Dedilər ki, çıxın buradan, çox təhlükəlidir. Düşündük ki, yeni ev tikilənədək elə birtəhər burada yaşayaq, onsuz da müvəqqətidir. Çünki getməyə yerimiz də yox idi. Prezident də Şamaxıya gəlib-gedirdi, tapşırıqlarını verirdi, düşünürdük ki, hər şey onun nəzarətindədir, işə məsuliyyətli yanaşarlar, bu işlər tezliklə yekunlaşar, biz də bu təhlükəli evdən çıxarıq. Ancaq belə olmadı”.
“Kim pul verdi, yeni tikdikləri binaya köçürüldü. Kimisini yaxın kəndlərdə tikilən evlərə köçürtdülər. Hətta evi az zərər çəkənlər də köçürüldü. Halbuki yüngülvari bərkitmə, təmir işi ilə evlərində qala bilərdilər. Ancaq pul verib, tikilən binalardakı təzə evlərə köçdülər”, – deyə o qeyd edib.
Yarıq divarlar, çökməyə hazır ev, çarəsiz ailə…
Həqiqət Bədəlova deyir, indiyədək evinin tikiləcəyinə ümid etdiyi üçün heç bir quruma rəsmi məktubla müraciət etməyib.
Yalnız Şamaxı Rayon İcra Hakimiyyətinə gedib-gəlir və şifahi müraciətlər edib. Çarəsizlikdən gözlərini digər otaqların yarıq divarlarına və çürümüş taxta dayaqların hələlik saxlaya bildiyi tavana dikib.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, zəlzələdən zərər çəkmiş evlərlə bağlı yalnız təmir işləri bu qurum tərəfindən həyata keçirilir.
Həqiqət Bədəlovanın evi təmir siyahısında olmayıb.
Qurumdan deyilib ki, bərpa və yenidən bina tikintisi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olub:
“Təmir kateqoriyasına verilən evlərin təmiri bizim tərəfimizdən həyata keçirilir. Bərpa və qəzalı vəziyyətdə olan evlərlə bağlı vəsaiti FHN köçürür. Vətəndaş məsələni həmin qurumla aydınlaşdırmalıdır”.
5 fevral 2019-cu ildə gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində zəlzələ baş verib.
Baş verən təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə kəndlərinin əksəriyyəti ermənilərin və havadarlarının təsir və təzyiqinə məruz qalan Talin rayonu haqqında süjet hazırlanıb.
"Əhalisi sərt dağlarla Türkiyəyə qaçmaga məcbur edilən rayon" adlı süjetdə hayların indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz-türklərinin yığcam yaşadığı məkanları müxtəlif məkrli üsullarla unutdurmağa çalışmasından bəhs olunub.
Bildirilib ki, Qərbi Azərbaycanın Talın mahalı ərazisində yerləşən Talin rayonu dəyişdirilmiş adı Araqats, yəni Alagoz dağ silsiləsinin cənub-qərb yamaclarını əhatə edir. Bu ərazi 14-16-cı əsrlərdə Monqol, daha sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olub. Səfəvilərin hakimiyyəti dövründə Talın bölgəsi İrəvan quberniyasının, sonra İrəvan xanlığının ərazisinə verilib.
XIX əsrin 40-50-ci illərindən XX əsrin 30-cu ilinə kimi rayon ərazisinin bir hissəsi İrəvan quberniyasının Eçmiədzin qəzasının, digər hissəsi isə İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə daxil olub. Bu ərazidə mövcud olan 5-7-ci əsrlərə aid memarlıq abidələri, 13-14-cü əsrlərə aid Talın karvansarası və Talın qalası bu məkanın qədim türklərə məxsus olduğunu sübut edən tarixi nümunələrdir.
Qeyd olunub ki, inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılan Talin rayonu kəndlərinin çoxunda yaşayan minlərlə oğuz türkü 1918-ci ildə daşnaklar tərəfindən işgəncə verilərək öldürülüb, kəndlər tamamilə dağıdılıb, əhalinin sağ qalan hissəsi dağlarla Türkiyənin müxtəlif yerlərinə qaçmaga məcbur edilib. Qaçqın düşənlər yolda böyük tələfat verib, itkilərə məruz qalıblar. Boşaldılan həmin kəndlərə dərhal gəlmə ermənilər doldurulub, kəndin azərbaycanlı əhalisi haqqında məlumatlar yox edilib.
Diqqətə çatdırılıb ki, 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları tamamilə saxtalaşdırılıb. Talın mahalı ərazisi əvvəl Talin rayonu, sonra Araqatsotn rayonu adlandırılıb. Talin rayonu üzrə 45 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə mərkəzi Əştərək olan Araqatsotn mərzliyi yaradılıb. Türkiyə ilə həmsərhəddə yerləşən mərzliyə Əştərək, yəni Aştarak, Abaran, yəni Aparan və Talin rayonlarının əraziləri daxil edilib.
Sonda vurğulanıb ki, 43 il ərzində bütün tarixi yer adları dəyişdirilən Talin rayonu da ermənilərin məkrli planlarının qurbanı olub: "Lakin əminik ki, əsrarəngiz təbiətə, hündür silsilə dağlara malik olan bu məkan yenidən əzəli sahiblərinin yurd yerinə çevriləcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.
Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, S.Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.
Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili Fazil Mustafa bildirib ki, Ruben Vardanyan və digər terrorçuların əməllərinə hüquqi qiyməti Azərbaycanın Hüquq Mühafizə və Xüsusi Xidmət orqanları verir:
“Vardanyanın törətdiyi cinayət əməlləri ilə bağlı sübutlar əsaslı olduğu üçün məhkəmə şikayəti təmin etməyib. Vardanyan bu mərhələni keçib Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırır. Amma onun cinayətləri fonunda əsaslı dəlillər mövcuddur. Biz də çalışmalıyıq ki, mözvu ilə bağlı prosessual pozuntular olmasın və cinayətkarın törətdiyi əməlləri məhkəmədə sübuta yetirə bilək. Sözügedən prosesin sonrakı taleyi ilə bağlı kifayət qədər hazırlığımız olacaq. Vardanyanın cinayətlərini Azərbaycan məhkəmə prosesində elə sübuta yetirəcik ki, heç kim tərəfindən məsələyə fərqli baxış qalmayacaq. Çünki Vardanyan Qarabağ separatizminin əsas simalarındandır. Son dönəmlər isə özünü Qarabağın qəhrəmanı kimi təqdim etməyə çalışır. Azərbaycanı hansısa beynəlxaq yanaşmalar düşündürmür. Biz Azərbaycan qanunvericiliyinə uyğun addımlar atırıq. Həmin qanunvericilik də beynəlxaq hüququn prinsiplərinə uyğundur”.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. 10 gün əvvəl istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.
Bu il Azərbaycandan xaricə göndərilən pomidorlarla bağlı doqquz nöqsan aşkarlanıb.
RegionXəbərləricom.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Vəfa Rüstəmova bildirib.
AQTA rəsmisi bildirib ki, xaricə göndərilən pomidorlarda zərərli nüans aşkarlandıqda geri qaytarılır: "Həmin pomidorlarda risk əsaslı müayinələr aparılır. Buna əsasən məhsul məhv edilə və ya təyinatı üzrə geri qaytarılaraq daxili bazara ötürülə bilər".
2023-cü ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə cinayət işi açılmış Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xanın ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttiham olunan əcnəbi haqqında cinayət işinin məhkəmə istintaqı, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən proseslər də araşdırılacaq.
İttiham aktında göstərilib ki, Əfqanıstan Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq ölkə ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər müşayiət olunacaq təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırılması müəyyən edilib.
Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib. Bakıda yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidələr aparıb və terror aktında iştirak edə biləcək şəxslərlə əlaqəyə girərək sövdələşib.
Favzan Musaxan cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində cinayət işi başlanılıb.
Paytaxtın Babək prospektində maşın bazarına gedən yoldakı dairə ləğv edilib. Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Paylaşım edən sosial şəbəkə istifadəçisi sözügedən ərazidə nəqliyyat sıxlığının olduğunu qeyd edərək, aparılan işləri müsbət qiymətləndirib. Qeyd edək ki, dairənin bağlanan hissəsində park salınacağı ehtimal edilir. Həmin görüntüləri təqdim edirik :
Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik formasıdır. Buna baxmayaraq, Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən hesab olunur.
Mütəxəssislər dəfələrlə bəyan edirlər ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra ciddi xəstəliklər yaranır. Bunu da tibb də sübut edir. Bəzən ana bətnində heç bir problem yaşamayan uşaqda dünyaya gələndən sonra fəsadlar özünü göstərir. Ölkədə qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə bilər. Maraqlıdır, il ərzində neçə nəfər qohumu ilə evlənib?
Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1935 olub. Qeyd edək ki, uzun müddətdir yaxın qohumların evliliyinin qanunla qadağa edilməsi müzakirə olunsa da, hələ ki, müsbət nəticə əldə olunmayıb. Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub. 2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mill-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionları xüsusi qeyd etmək lazımdır. Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mill-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.