Çoxlarının istifadə etdiyi “Ayıq sürücü” xidmətindən son dövrlərdə şikayətlərin ardı-arası kəsilmir. Sosial şəbəkələrdə sürücülük vəsiqəsi olmayan, sürücülük hüququ məhdudlaşdırılan və ya daha dəhşətlisi sərxoş halda gələn “ayıq sürücü”lər olur. Bütün bu şikayətlərə rəğmən məsələni nəzarətə götürən isə yoxdur.
Vətəndaşlar deyirlər ki, “ayıq sürücü” xidmət növü olaraq bəyənilir və yol-nəqliyyat hadisələrinin baş verməsinin nisbətən azalmasına səbəb olur. Amma bir çox mövzular kimi bu xidmət də ilk yarananda normal fəaliyyət göstərsə də, bu gün vəziyyət bərbaddır.
Bu gün dünyanın bir çox ölkələrində ayıq sürücü xidməti var. Amma bu qədər şikayət var, ya yox, o müəmmalıdır…
Sosial şəbəkələrdə paylaşımlarda qeyd edilir ki, sürücülərin hansı meyarlarla işə götürüldüyü bəlli deyil:
“Müştəriyə yaxınlaşan sürücü özünü təqdim eləmir, gəldiyi şirkətin vəsiqəsini göstərmir. Hətta elə sürücülər var ki, sabah həmin nömrəni yığanda zəng belə çatmır.
Bəzən şirkətə zəng edib ayıq sürücü çağırırsan, şirkət öz işçisini göndərir, amma onun işi çıxdığı üçün sifariş yerinə dostunu göndərir.
Bəs vətəndaşın təhlükəsiz şəkildə ünvan başına çatmasına kim zəmanət verir? Yolda sürücü səhlənkarlığı səbəbindən baş verəcək bədbəxt hadisə zamanı kim məsuliyyət daşıyacaq?
Hər kəs ayıq sürücü kimi işə götürülə bilər? Bu işə cəlb edilənlərdən niyə sağlamlıq kağızı, sürücülük təcrübəsi tələb edilmir?
Bu da xidmət bazarında şirkətlərin sayı artsa da keyfiyyət səviyyəsi düşüb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsək də, bildirildi ki, bu xidmət sektorunda çalışanlara nəzarət yalnız şəxslərin sükan arxasında olduğu, yəni yol hərəkəti qaydalarını pozduqları zaman başlayır.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, əhali arasında “ayıq sürücü” xidməti ilə bağlı ona da dəfələrlə sual ünvanlayıblar:
“İnsanlar bu xidməti başa düşmürlər. Məndən soruşurlar ki, bu necə xidmətdir, təhlükəsizlik necə tənzimlənir, hər hansı hadisə baş verərsə, məsuliyyəti kim daşıyır? Ölkədə belə bir sistem formalaşsa da, hazırda heç bir hüquqi əsası yoxdur. Əslində taksi fəaliyyəti kimi bu da ayrı bir xidmət sahəsi olmalıdır. Xidmətdə isə təhlükəsizlik qaydaları, işləmə mexanizmi və s. tərtib edilməlidir. Bu mənada “ayıq sürücü” xidməti göstərən şəxslər üçün məzkəzləşmiş qaydada fəaliyyət mexanizmi hazırlanmalıdır. Belə olanda bu xidmətə də dövlət nəzarəti olacaq. Çünki hazırda bu xidməti göstərən şəxslər arasında sürücülük vəsiqəsi olmayan, sükan arxasında müəyyən müddət təcrübəsi bilinməyən insanlar var. Yaxud da insanlar sağlamlıq cəhətdən bu xidmət sektorunda çalışa bilərlər, ya yox - bunlar araşdırılmalıdır”.
Y.Mustafayev onu da əlavə edib ki, çox vaxt ayıq sürücü ilə bağlı iş elanları tələbələrə ünvanlanır:
“Rast gəldiyimiz elanların böyük əksəriyyətində tələbələrin bu işə cəlb edildiyini görürük. Çünki məvacib aşağıdır, tələbə üçün isə əlavə gəlirdir. Eləcə də “ayıq sürücü” xidmətinə daha çox günün axşam saatlarında ehtiyac duyulduğundan bu saatlarda tələbələr boş olurlar.
Amma onların şəhəri nə dərəcədə tanıması, sürücülük vərdişlərinin, təcrübələrinin olub-olmaması isə tam ayrı və araşdırılması gərəkən mövzudur. Ümumiyyətlə, tövsiyə edərdim ki, daha yaxşı olardı ki, insanlar sükan arxasında olarkən içki içməsinlər. İçki aludəçiliyi yaxşı hal deyil. “Ayıq sürücü” çağırmaqla yollarda qanun pozuntusu və cərimə hallarından yayınmaq olur. Amma içkili insanların sağlam düşünə bilməməsi səbəbindən evdə, getdikləri yerdə, ailədə söz-söhbət və digər problemlərin yaranma riski hər zaman qalır. Bir sözlə “ayıq sürücü” xidmətinə dövlət tərəfindən nəzarət olunmalı, işləmə mexanizmi tərtib edilməlidir. Bu, çox vacib məsələlərdən biridir”.
Məsələnin təfərrüatını elə birinci ağızdan eşitmək üçün internet üzərindən paytaxtda ayıq sürücü xidməti göstərdiyini elan edən şirkətlərdən biri ilə əlaqə saxladıq.
“Bizim müştərilərimiz gədə-güdələr deyil. Müştərilərə ancaq bəy, müəllim deyə xitab etməlisiniz”
Telefona cavab verən operatora ayıq sürücü xidmətində işə düzəlmək istədiyimizi dedik. İşin təfərrüatını danışmaq üçün - “hara yaxınlaşa bilərik?” - deyə soruşanda aldığımız ilk cavab bizi təəccübləndirməyə bəs etdi:
“Biz hazırda ofisdən işləmirik. İşləri elə ev şəraitindən idarə edirik”.
Daha sonra operator bizim "mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş nəqliyyat vasitələrini rahat idarə edə" bilməyimizlə maraqlandı. Biz motosiklet və yük maşınları istisna olmaqla, digər nəqliyyat vasitələrini idarə edə bildiyimizi qeyd etdik.
Sağlamlıq haqqında arayış lazım deyil!
Ayıq sürücü şirkətinin operatoru şəhəri naviqasiya proqramları olmadan yaxşı tanıyıb-tanımadığımızı soruşdu:
“Biz naviqasiya proqramları ilə çalışmırıq. Sürücü gərək şəhəri çox yaxşı tanısın. Bizim müştərilərimiz gədə-güdələr deyil, hamısı səviyyəli insanlardır. Onlara bəy, müəllim deyə xitab etməlisiniz. Bir neçə müştərimiz var ki, onların öz istəkləridir ki, adları ilə müraciət edilsin. Bu nüanslara diqqət edə bilərsinizsə, sizi işə götürə bilərik”.
İş prosesini daha da aydın başa düşmək üçün dediklərinə razılıq verdik. Söhbət məvacibə və əmək müqaviləsinə gələndə operator deyir ki, heç bir müqavilə yoxdur. Şirkət sifarişlərin qiymətini sürücü ilə 50/50-yə bölür:
“Heç bir sənədə, sağlamlıq haqqında arayışa da ehtiyac yoxdur. Sadəcə şəxsiyyət və sürücülük vəsiqələrinin hər iki üzünün fotosunu çəkib verəcəyim nömrəyə göndərin. Bizdə şəhəriçi sifarişlərin minimum qiyməti 10 manatdan, Bakının kəndlərindən, paytaxt ətrafı qəsəbələr üçün isə sifarişin minimum qiyməti 20 manatdan başlayır. Məsələn, 10 manatlıq sifarişə getmisənsə, onun 5 manatı sənindir, 5 manatı şirkətin. Bəzən sürücülər ödənişi artıq verir, o da sürücünün özünə qalır. Biz gündəlik kim neçə sifarişə gedib hesablayırıq, yarı-yarıya faizimizi alırıq. Kiminsə kiməsə yaxınlaşmasına gərək yoxdur. Sürücülərə kart hesabı göndərilir. Günün sonunda onlara mesajla şirkət hesabına nə qədər pul göndərəcəkləri deyilir”.
Təəssüf ki, bu “şirkətlərin” nə adı-sanı, nə də kimə tabeçiliyi bilinir. Şirkət heç işə götürəcəyi şəxsdən sağlamlıq haqqında arayış belə tələb etmir. Əsas odur ki, qazandığın 10 manatın 5-ni vaxtı-vaxtında onlara verəsən.