“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.
“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - o əlavə edib.
“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - deyə, Nikol Paşinyan sual edib.
Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib.
“Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım”, - Paşinyan qeyd edib.