“Cümə günü səhərdən Ukraynanın paytaxtı Kiyevdə 450 min mənzil işıqsız qalıb”. Bu barədə paytaxt meri Vitali Kliçko “Telegram” kanalında yazıb. O qeyd edib ki, bu rəqəm ötən günlərdən bir dəfə yarım çoxdur.
Kliçko kiyevliləri elektrik enerjisinə maksimum qənaət etməyə çağırıb, vəziyyətin mürəkkəb olduğunu deyib. Artıq şəhər üzrə elektrikin söndürülməsi qrafiki aktuallığını itirib, energetika şirkətindən belə deyilib.
Merin daha öncə bildirdiyinə görə, Kiyevdə sakinlərin istiliklə təmin olunması üçün min məntəqə açılıb.
Rusiya ordusu oktyabrın ortasından Ukraynanın energetika infrastrukturuna raket, dron zərbələri endirir. Bombardman nəticəsində Ukraynanın enerji obyektlərinin 40 faizə yaxınının sıradan çıxdığı bildirilir. Bundan sonra hakimiyyət elektrikin planlı şəkildə söndürülməsinin qrafikini açıqlayıb.
Noyabrın 4-də Rusiya Ukraynanın cənub-şərqində infrastruktura və mülki hədəflərə kamikadze dronları ilə zərbələr endirib. Milyonlarla ukraynalının elektriksiz qaldığı xəbər verilir.
Prezident Volodimir Zelenski Moskvanı “enerji terrorçuluğu”nda ittiham edib. Zelenski ötən gecə video müraciətində deyib ki, Ukraynanın müharibədən öncəki əhalisinin 10 faizindən çoxu Rusiyanın hücumları nəticəsində müvəqqəti olaraq elektriksiz qalıb.