“Paşinyan təhlükəni anlayır”
Ekspert: “Ermənistan kiçik və zəif dövlət olmasaydı, özünü Rusiya və İran kimi aparardı”

Paşinyan Soçi görüşündən dərhal sonra Tehrana yola düşdü və orada prezident Rəisi ilə görüşdə Ermənistanı ruhlandıran çoxsaylı bəyanatlar səsləndi.

İran prezidenti İbrahim Rəisi Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında dedi ki, Ermənistan baş nazirinin İran İslam Respublikasına səfəri, şübhəsiz ki, hər iki ölkənin inkişafında böyük bir addım olacaq.

“İki ölkə arasında isti münasibətlər şübhəsiz ki, regiona və dünyaya müsbət təsirini göstərəcək”, – o qeyd etdi.

İran prezidentinin sözlərinə görə, Qafqaz regionunda inkişaf, təhlükəsizlik və sülh Tehran üçün çox vacibdir.

Raisi bir daha təkrar edib ki, regional məsələləri regional aktyorlar həll etməlidir. “Hər hansı kənar müdaxilə problemi həll etməyəcək, əksinə, onu dərinləşdirəcək”, – İran prezidenti əlavə edib.

Paşinyan öz növbəsində bildirib ki, iranlı tərəfdaşların Ermənistan-Azərbaycan münasibətləri kontekstində, Ermənistan-Türkiyə münasibətləri kontekstində və “Dağlıq Qarabağ münaqişəsinin” nizamlanması kontekstində baş verənlərdən xəbərdar olmasını vacib sayır.

Baş nazirin sözlərinə görə, Ermənistan nümayəndə heyəti Tehrana böyük səfər proqramı ilə gəlib, danışıqların gündəliyinə iqtisadi, siyasi əlaqələr, eləcə də regionla bağlı məsələlər daxildir.

“Biz İranın regional təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından prinsipial mövqeyini vurğulayır və yüksək qiymətləndiririk. Mən cənab Rəisiyə dünən Soçidə keçirilən üçtərəfli görüşün nəticələri barədə məlumat verdim, eləcə də gündəm və regionda sabitliyin və sülhün bərqərar olması üçün gedən proseslərlə bağlı fikirlərimi bölüşdüm”, – Nikol Paşinyan bildirib.

İran prezidenti bir daha vurğulayıb ki, regionda sabitlik Tehran üçün çox vacibdir.

“Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir və biz bu bölgəyə çox həssas yanaşırıq. Regionda təhlükəsizlik və sülhün bərqərar olması İran İslam Respublikası üçün də böyük əhəmiyyət kəsb edir”, – deyə Rəisi bildirib.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunan İran prezidenti qeyd edib ki, əvvəlki aylarda Ermənistanla ticarət-iqtisadi əlaqələr 43% səviyyəsində artıb, eyni zamanda ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub.

“Mən şadam ki, səfərin konkret nəticəsi oldu və “Elektrik enerjisi əvəzinə qaz” sazişinin uzadılmasına dair memorandum imzalandı”, – Ermənistanın baş naziri bildirib.

“Azadlıq” radiosunun məlumatına görə, erməni siyasi şərhçi Akop Badalyan Paşinyanın Tehrana səfəri zamanı hərbi-texniki əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu istisna etmir.

Öz növbəmizdə qeyd edək ki, bütün bunlar İranla Azərbaycan arasında münasibətlərin açıq şəkildə soyuması fonunda baş verir. Və iş bununla bitmir. İran həm də Rusiyanın Ukraynaya qarşı təcavüzünü əməli şəkildə dəstəkləyən ölkədir. Moskva məhz onun verdiyi dronlarla Ukraynada yaşayış binalarını və infrastrukturu məhv edir. Bəs Ermənistan bundan sonra dünyadan özünə qarşı hansı münasibət gözləyir? O, Tehranda səslənən bu isti bəyanatların onun beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmasından qorxmurmu? Bundan əlavə, Paşinyan başa düşməlidir ki, İran ətrafında regional gərginliyin yaşandığı indiki məqamında bu səfərin onun ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcəyi ehtimalı azdır.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli bütün bu məqamları Press Klub üçün dəyərləndirib:

– İran və Rusiya Ermənistanın regionda əsas strateji müttəfiqləridir. Hər iki ölkə antidemokratik ölkədir, beynəlxalq təcrid və iqtisadi sanksiyalara məruz qalır. Əslində, bunlar terroru dəstəkləyən, aqressiv olan və dünyada sülh və təhlükəsizliyə əsas təhdid olan ölkələrdir. Və belə çıxır ki, Ermənistan Qərb üçün əsas təhlükə mənbəyi olan İran və Rusiya ilə yaxın dostdur, lakin NATO-nun regionda yeganə üzvü olan Türkiyə ilə, Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının tərkib hissəsi olan Gürcüstan və Azərbaycanla anormal münasibətləri var. Ermənistan kiçik və zəif dövlət olmasaydı, yəqin ki, özünü beynəlxalq səviyyədə Rusiya və İran kimi aparardı.

Ermənistan iqtisadi, siyasi və hərbi baxımdan tamamilə Rusiya və İrandan asılıdır. Bu asılılığın aradan qaldırılmasının alternativi Türkiyə və Azərbaycandır. Lakin Ermənistan hakimiyyəti bunu ehtiyatla edir. Paşinyan bugünkü gərgin geosiyasi şəraitdə risk təhlükəsini anlayır. Tehran görüşü və orada səslənən bəyanatlar əsasən Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanıb. Əldə edilən razılaşmalar istisnasız olaraq Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Təəssüf ki, bu görüş regionda gərginliyi daha da artıracaq.

Ermənistan Cənubi Qafqazın işlərinə qarışmaq istəyənlər üçün ən əlverişli platformadır. Bu, geosiyasi rəqabət və ziddiyyətlər üçün açıq meydandır. Ermənistan regional əməkdaşlığı deyil, münaqişəni intensivləşdirməyə çalışır. O daima, beynəlxalq hüquqla müəyyən edilmiş mehriban qonşuluq münasibətlərini pozur.

Qərbdə dərin kök salmış erməni lobbisinin təsiri və digər geosiyasi faktorlar səbəbindən ABŞ və Avropa Ermənistana qarşı adekvat siyasət aparmır. Təəssüf ki, bəzən Qərbin Ermənistana həddindən artıq himayədarlığı hiss olunur. Bu, Ermənistanda sakitlik yaradır, regionda sülh və təhlükəsizliyə mane olur.

Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətləri daha da aydınlaşdırır. Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyən İran, çox güman ki, beynəlxalq ictimaiyyətdən adekvat cavab alacaq. Ermənistan isə bir tərəfdən özünü Qərbə yaxın göstərməyə çalışır, digər tərəfdən isə Qərbə düşmən olan qüvvələrlə əməkdaşlığı genişləndirir.

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan iqtisadi inkişafa, sabitliyə və təhlükəsizliyə nail ola bilməyəcək. Paşinyan demokratik yolla seçilmiş hökumət başçısı olsa da, onun siyasəti əvvəlki rəhbərliyin siyasətindən çox da fərqlənmir. O, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi təsirini saxlamaq üçün İranla birlikdə ona hər cür köməklik göstərir. O, Azərbaycana qarşı revanşizm niyyətidən imtina etmir. Yeni geosiyasi proseslərdən itkisiz çıxmaq üçün Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması lazımdır. Əks halda nə Qərbdəki himayədarları, nə də qonşu terrorçu dövlətlər onu xilas edə bilməyəcək. Ermənistan regionun ən zəif yeridir.

Rauf Orucov
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib

Dünyapress TV

Xəbər lenti