İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni “İrəli, İtaliya” partiyasının qapalı iclasında Rusiya prezidenti Vladimir Putinin ad günündə ona araq qutusu göndərdikdən sonra onunla “münasibətləri bərpa etdiyini” açıqlaması qalmaqala səbəb olub. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına görə ittiham edib.
Qalmaqallı açıqlama
“Mən Vladimir Putinlə münasibətləri nisbətən bərpa etdim, daha doğrusu tam olaraq bərpa etdim. Ad günüm üçün o, mənə 20 şüşə araq və çox gözəl bir məktub göndərdi, mən də Lambrusko çaxırı və eyni dərəcədə gözəl məktubla cavab verdim. O, məni özünün beş həqiqi dostundan birincisi adlandırıb”, deyə Berluskoni müavinləri ilə qapalı görüşdə bildirib.
“LaPresse” nəşri söhbətin audio yazısını yayımlayıb.
Nəşr qeyd edir ki, sentyabrın 29-da Berluskoni 86 yaşını qeyd edib.Səs yazısının qalan hissəsində Berluskoni Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasında günahı Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə qoyur. Onun fikrincə “Zelenski “DXR” və “LXR”ə qarşı hücumlarını üç dəfə artırıb”.
“2014-cü ildə Belarusun paytaxtı Minskdə Ukrayna ilə Donbassda yeni yaradılmış iki respublika arasında heç kim heç kimə hücum etməmək barəsində sülh sazişi imzalanıb. Bir il sonra Ukrayna bu müqaviləni rədd edir və iki respublikanın sərhədlərinə hücum etməyə başlayır”, deyə Berluskoni həmkarlarına bildirib.
O, bu döyüşlərdə “beş, altı, yeddi min ölü” olduğunu qeyd edir. Daha sonra “Zelenski hakimiyyətə gəlir və iki respublikaya hücumlarını üç dəfə artırır” deyən İtaliyanın keçmiş baş naziri sentyabrın sonunda Putinin ətrafı və Rusiya əhalisi tərəfindən Ukraynanı işğal etməyə “sövq edildiyi” barədə verdiyi bəyanata istinad edərək bildirib.
“O, istənilən təşəbbüsün əleyhinədir, müqavimət göstərir, bütün Rusiya tərəfindən güclü təzyiq altındadır. Və o, xüsusi əməliyyat həyata keçirmək qərarına gəlir: qoşunlar Ukraynaya daxil olmalı, bir həftəyə Kiyevə çatmalı və bir həftə ərzində geri qayıtmaq üçün indiki hökuməti, Zelenskini devirməli və artıq ukraynalı azlıq tərəfindən layiqli, sağlam düşüncəli insanlardan seçilmiş hökuməti qurmalı idi”, İtaliyanın keçmiş baş naziri deyir.
Sonra Berluskoni “üçüncü gündən Qərbdən pul və silah almağa başlayan ukraynalıların gözlənilməz müqavimətindən” danışır. “Və müharibə iki həftəlik əməliyyatdan iki yüz illik müharibəyə çevrildi. Ona görə də Ukraynadakı müharibə ilə bağlı vəziyyət belədir”, deyə Berluskoni fikrini yekunlaşdırıb.
Berluskoninin bu sözləri qalmaqala səbəb olduqdan sonra keçmiş baş nazir dərc edilmiş press-relizdə bildirib ki, “onun şəxsi və “İrəli, İtaliya”nın mövqeyi nə Ukraynadakı böhranla, nə də beynəlxalq siyasətin digər mühüm məsələlərində İtaliya hökumətinin, Avropa İttifaqının, Atlantik Alyansın mövqeyindən fərqlənmir”.
O, həmçinin vurğulayıb ki, “Ukraynanın hüquqları lazımi şəkildə qorunmasa, sülhə nail olmaq mümkün olmayacaq”.
Berluskoninin İtaliyanın yeni baş naziri olacağı ehtimal edilən müttəfiqi Corca Meloni oktyabrın 19-da qalmaqal fonunda onun yeni hökumətinin NATO-ya tərəfdar və tam Avropanın bir hissəsi olacağını vəd edib.
“İtaliya tamamilə və başıdik Avropa və Atlantik Alyansın bir hissəsidir. Bu təməl daşı ilə razılaşmayan heç kəs hakimiyyətin bir hissəsi ola bilməz. Bizim hökumətimiz zamanı İtaliya bir çox bizi istəməyənlərin arzuladığı kimi, heç vaxt Qərbin zəif halqası, etibarsız ölkə olmayacaq “, deyə Meloni bildirib.
Sanksiyaların pozulması
Silvio Berluskoninin Rusiya prezidenti Vladimir Putinin ad günü hədiyyəsi olaraq göndərdiyi 20 şüşə araq Ukraynanın işğalından sonra tətbiq edilən Avropa sanksiyalarını pozur. Bu barədə oktyabrın 20-də “Reuters” agentliyi Avropa Komissiyasına istinadən xəbər yayıb.
Avropa Komissiyasının sözçüsü verdiyi açıqlamada Aİ-nin aprel ayında razılaşdırılmış sanksiya paketinin Rusiya mallarının, o cümlədən spirtli içkilərin idxalına qoyulan qadağaları genişləndirdiyini, hədiyyələr üçün heç bir istisna olmadığını söyləyib.
Eyni zamanda, Avropa Komissiyası qeyd edib ki, sanksiyaların tətbiqi Aİ-nin ayrı-ayrı üzv dövlətlərindən asılıdır və İtaliya hakimiyyətinin bu işi araşdırmaq üçün hər hansı bir addım atıb-atmayacağı hələlik bəlli deyil.
Uzunmüddətli dostluq
Bir sıra qalmaqallarda adı hallanan milyarder Berluskoni Putinlə uzun müddətdir ki, dostluq edir. 2015-ci ildə Berluskoni Rusiyaya şəxsi səfərdə olub, oradan da Putinlə birlikdə işğal olunmuş Krıma uçub. Həmin il mətbuatda Putinin Berluskoniyə iqtisadi inkişaf naziri postunu və Rusiya vətəndaşlığı təklif etdiyi barədə məlumatlar yayılıb.
Lakin 9 aprel 2022-ci ildə partiyasının qurultayında Berluskoni Putindən məyus olduğunu bildirib.
“Dünya qarşısında ən ağır məsuliyyəti öz üzərinə götürmüş Vladimir Putinin davranışından çox məyus olduğumu və üzüldüyümü gizlədə bilmərəm və gizlətmək də istəmirəm”, deyən Berluskoni partiyasının Avropa Parlamentinin digər siyasi partiyalari ilə birlikdə daha əvvəl Rusiyanın Ukraynadakı müharibəsinə qarşı qətnaməni dəstəklədini də bildirib.
O əlavə edib ki, Putinlə 20 il əvvəl tanış olub və ona həmişə “sağlam düşüncəli, demokratiya adamı, sülh adamı” kimi görünüb.
“Bu gün biz öz azadlığı uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparan Ukrayna kimi neytral ölkəyə qarşı Rusiyanın misli görünməmiş təcavüzü ilə üzləşmişik. Rusiyanı Avropaya gətirmək əvəzinə, bu təcavüz onu Çinin qucağına apardı”, deyə Berluskoni həmin vaxt bildirib.
Sentyabrın 8-də Rusiyanın döyüş meydanındakı uğursuzluqları fonunda Berluskoni bildirib ki, o və Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna ilə Rusiya arasında sülhün bağlanması üçün vasitəçilik edə bilərlər. Buna cavab olaraq Ukrayna Prezidentinin Ofisindən bəyan edilmişdi ki, “hər hansı bir vasitəçinin etimadı, səlahiyyəti, aktuallığı olmalıdır” və “nə Berluskoni, nə də Merkel buna tam sahib deyillər”.
Sentyabrın sonunda “Porta a Porta” tok-şousunda Berluskoni Kreml rəhbərinin Ukraynaya qarşı müharibəyə “ruslar tərəfindən sövq edildiyini” söyləyib. Onun sözlərinə görə, Rusiya xalqı və nazirlər “Volodimir Zelenskinin administrasiyasının layiqli adamlarla əvəz olunmasını istəyirdilər”.
Siyasətçi deyib ki, guya “separatçılar Moskvaya gedib və mediaya bildiriblər ki, Ukrayna hücumları 16 min insanın ölümünə səbəb olub və Putin onları qorumaq üçün heç nə etmir”.
“Qoşunlar bir həftə ərzində Kiyevə daxil olmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və sonra oranı tərk etməli idi. Əvəzində onlar müqavimətlə qarşılaşdılar və bu, sonradan Qərbdən gələn hər cür silahlarla gücləndi”, deyən Berluskoni rus qoşunlarının təkcə paytaxtı deyil, bütün Ukrayna ərazisini işğal etməyə cəhd etməsindən təəccübləndiyini bildirib.
Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsini “əsassız və qəbuledilməz” adlandırıb, İtaliyanın Aİ və NATO ilə birlikdə olduğunu vurğulayıb.
Sol mərkəzçi Demokrat Partiyasının lideri Enriko Letta Berluskoninin açıqlamalarını qalmaqallı və “Moskvanın legitimləşdirməsi” adlandırıb.
Bir çox tənqidlərdən sonra Berluskoni fikirlərinin “çox sadələşdirilmiş” olduğunu söyləyib. (qaynarinfo.az)