Rusiya işğal etdiyi Ukrayna ərazilərində tez-tələsik "referendum"lar keçirməyə qərar verdi. Qondarma referendumlar nəticəsində bu ərazilər guya Rusiyaya birləşmiş olacaq və Rusiya ərazisi sayılacaq.
Bu, nəyi dəyişəcək?
Prinsipcə, heç nəyi.
Ukrayna yenə o əraziləri azad etmək üçün müharibəni davam etdirəcək.
Amma bu addım atılırsa, deməli, arxasında hansısa siyasi fikir, hesablama, məqsəd dayanır.
Ukrayna ordusunun uğurlu Xarkov əməliyyatından sonra hər kəs, xüsusən Rusiya ictimaiyyəti Moskvanın buna necə və hansı şəkildə cavab verəcəyini, ümumilikdə vəziyyətdən necə çıxacağını gözləyirdi (Yeri gəlmişkən, Ukrayna ordusu bu ay 8500 kv. km ərazini işğaldan azad edib.). Rusiya gözləntilərin əksinə olaraq, hərb meydanında cavab verə bilmədi, çünki tükənib və cəbhəyə yeni hərbi birləşmələr göndərmək imkanında deyil. Lakin cavab mütləq olmalıydı, içəriyə və dünyaya güclü bir mesaj verilməliydi. Nəticədə kimsəyə sürpriz olmayan asimmetrik cavab - referendum və ilhaq yolu seçildi. Guya ki, həmin ərazilər Rusiya torpağı elan edildikdən sonra Ukraynanın ora hücumları nüvə silahının tətbiqinə əsas yaradacaq.
Əvvəla, bu, Rusiyanın acizliyini göstərir və ciddi prestij itkisidir. Dünya diqqətlə izləyir və görür ki, Rusiya konvensional savaşda Ukrayna ilə bacarmır.
İkincisi, bu "çeynənmiş" üsulu optimal çıxış yolu kimi Putinə təklif edənlər, yaxud qərarı verən Putin böyük riskə getmiş olur və manevr imkanlarını daraldır. Şübhə yoxdur ki, Ukrayna ordusu Rusiya ərazisi elan olunan ərazilərdə hücumlarını davam etdirəcək və o əraziləri geri almağa çalışacaq. Bu halda Rusiyanın cavabı nə olacaq? Axı o, öz ərazisi elan etdiyi və "nüvə çətiri"nin qoruması altına aldığı yerləri mütləq müdafiə etməlidir. Edə bilməsə, o dərəcədə nüfuzdan düşəcək ki, bundan sonra onu Nauru, Tuvalu kimi ölkələr də ciddiyə almayacaq. Adi silahlı qüvvələrlə bunu etmək, göründüyü kimi, çətindir. Belə çıxır ki, Putin taktiki nüvə silahına əl atmalı olacaq.
Lakin taktiki nüvə silahının tətbiqi vəziyyəti Rusiyanın xeyrinə kökündən dəyişə bilməz, əksinə, onun iflasını sürətləndirər.
Əvvəla, ona görə ki, taktiki nüvə yalnız tətbiq olunduğu istiqamətdə Ukraynanın hücumunun qarşısını kəsə bilər, ümumilikdə Ukrayna ordusunu dayandıra bilməz.
İkincisi, hərbi əməliyyatlar məskun mahalda gedir və Rusiya nüvə atmaqla dünyanın gözü qarşısında insanlığa qarşı ağır cinayət törətmiş olacaq, nəticədə indiyədək tərəfsiz qalan Çin və Hindistan kimi önəmli güc mərkəzlərini də özünə qarşı çevirmiş olacaq. Bu ölkələrin liderləri Si və Modi Səmərqənddə Putini müharibəni tezliklə dayandıraraq masaya oturmağa çağırdılar. Nüvə tətbiqindən sonra əgər Ukrayna rəhbərliyində Rusiya ilə masaya oturmağı gözə alacaq dərəcədə cəsur adam tapılarsa, bu, bəşər tarixinin ən sensasion olayı olar. Belə bir vəziyyətin yaranması Rusiyanın azsaylı yaxın tərəfdaşlarına da lazım deyil.
Üçüncüsü, Rusiyanın bu çılğınlığı heç şübhəsiz ki, Ukraynaya hərbi dəstəyin miqyasını birə on, birə yüz artıracaq. Ukraynaya hər cür modern silah sistemləri veriləcək, bütün Qərb hərbi sənayesi Ukraynaya işləyəcək.
Nəhayət, dördüncüsü və ən önəmlisi: heç kim Rusiyanın rahatlıqla nüvə silahı tətbiq etməsinə tamaşa etməyəcək. Putinin zərrə qədər də qanuni əsas olmadan nüvə silahından istifadəsi ABŞ və NATO tərəfindən cavabsız qala bilməz. Bu, o demək olar ki, onlar yeni dünya düzəninin şərtlərini Putinin diktə etməsini qəbul etmiş olurlar: özü də nə vaxt - Putin rejiminin ən zəifləmiş və çöküş mərhələsinə girmiş anında.
Qərbin cavabı əks nüvə zərbəsi olmaya da bilər. Məsələn, NATO heç quru qoşunları göndərmədən Ukrayna ərazisindəki rus ordusunu raket-aviasiya zərbələri ilə qısa müddətdə məhv etmək gücündədir.
Yəni Rusiyanın nüvə zərbəsi NATO-nu müharibəyə cəlb edəcək. Lakin elə buradaca sual meydana çıxır: bəlkə elə Putinin məqsədi də budur? Ukraynaya məğlub olmağın dözülməz rüsvayçılığı əvəzinə NATO-ya məğlub olmaq daha məqbul variant olardı. Ukraynaya məğlub olmaq Putin rejimi üçün qaçılmaz çöküş vəd edirsə, NATO kimi qüdrətli düşmənə məğlub olmaq qismən də olsa sifətini qoruyaraq bir müddət içə qapanıb, yaraları sarımağa şərait yarada bilər.
Nüvə silahına əl atmadan digər çıxış yolu isə səfərbərlik elan etmək ola bilər. Lakin bu, vaxt aparan, böyük xərc tələb edən və bir az da riskli variantdır.
Səfərbərlik elanı cəmiyyətdə ciddi sosial kataklizmlərlə müşayiət oluna bilər. Rəy sorğularına əsasən Rusiyada müharibə tərəfdarları 50 yaşdan yuxarı əhali təbəqələridir, gənclər arasında bu savaş populyar deyil. Səfərbər olunanlardan ibarət yeni hərbi birləşmələr yaratmaq, onları bütün zəruri silah, hərbi texnika və digər ləvazimatlarla təchiz etmək üçün vaxt lazımdır, cəbhədəki vəziyyət isə təcili müdaxilə tələb edir. Bu da mümkündür ki, səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər dərhal cəbhədəki hərbi hissələr üzrə bölüşdürülsünlər və boşluqları doldursunlar. Bunun nə dərəcədə effekt verəcəyi də sual doğuran məsələdir.
Bununla yanaşı, aydındır ki, səfərbərlik müharibəni uzadacaq, bunun da öz növbəsində Rusya üçün müsbət və mənfi nəticələri ola bilər. Müsbət tərəfi odur ki, uzanan savaş hansısa məqamda masaya oturub, müəyyən nəticələrlə sülh bağlamaq şansı yaradır. Mənfi tərəfi isə budur ki, sanksiyalar şəraitində bu cür çətin müharibə aparmaq Rusiyanın resurslarının tükənməsinə səbəb ola bilər.
İstənilən halda, Rusiya bu müharibənin məğlub tərəfidir.
Şahin Cəfərli