|
"Fransa Ermənistanla çiyin-çiyinə dayanır".
Musavat.com xəbər verir ki, Fransa prezidenti Makron bu sözləri BMT Baş Assambleyasında çıxışı zamanı söyləyib.
Azərbaycan XİN onun bu çıxışına sərt və tutarlı cavab verib. Lakin burada əsas məsələ başqadır.
Ermənistanın baş naziri Paşinyan bir gün əvvəl eyni tribunadan daha fərqli çıxış etdi, olduqca ölçülü və yumşaq, reallıqla barışmış, gələcəyə mesajlarla danışdı. Ermənistanın və ermənilərin Baş naziri Nyu Yorkun Mərkəzi Parkında velosiped sürərkən, Ərdoğandan kitab hədiyyə alarkən, Ermənistanın - Azərbaycan münasibətlərinə dair heç bir ittiham səsləndirməzkən, Bakı türmələrində olan erməni canilər barədə danışmazkən, “pozitivliyə” çağırarkən, Fransa prezidenti Azərbaycanın Ermənistana təzyiqindən danışır, aqressiv tezislər söyləyir, ortalığı qızışdırır. Makrona nə düşüb ki, ən mötəbər kürsüdən bütün dünyaya və taleləri ilə barışan ermənilərə Fransanın İrəvanım yanında olduğunu xatırladır?
Sitata baxın: “Fransa Azərbaycanın təzyiqləri və ərazi gərginliyi qarşısında Ermənistanla çiyin-çiyinə dayanır, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün orada olmalıdır”.
Görünən budur ki, Makron Paşinyandan daha çox ermənilik edir, erməni revanşizmini ürəkləndirəcək açıqlamalar verir. Fransa Qafqazda sülh istəmir və iki dövlətin yenidən münaqişəyə girməsi üçün Ermənistanın üstünlüyünü təmin etməyə çalışır.