Haker müharibələri səngimir
Dünyada isti müharibələrlə yanaşı haker müharibələri də davam edir. Keçmiş illərdə haker hücumlarına görə şübhələr Rusiyanın üzərində idi. Rusiya hədəf seçdiyi müxtəlif ölkələrdə seçkilərə internet üzərindən müdaxilələr etməyə çalışırdı. Rusiyanın başı Ukraynadakı müharibəyə qarşıb, diqqət Çinə yönəlib.
ABŞ, Böyük Britaniya və Yeni Zellandiya Çini haker hücumlarında ittiham ediblər. Rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir. “The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir.
Pekin bu ittihamları rədd edib. Əksinə, Pekin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib. Vəziyyət o qədər gərginləşib ki, məsələyə Çinin xarici işlər naziri Van Yi münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-ın siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir.
London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi bildirilib. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi.
Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.info

Dünyapress TV

Xəbər lenti