Arıqlamağa kömək edən qovun
Türkiyənin Elazığ bölgəsinin Kovancılar əyalətində yetişən kultik qovununun bostandan toplanmasına başlanılıb. Kultik qovunu yemişin növlərindən biridir. Formasına görə daha kiçik və yumru olan kultik qovunu adi yemişlərdən fərqlənir. Onu fərqləndirən təkcə forması deyil.
Milliyet.com.tr xəbər verir ki, qovunun bu növünə tələbat böyükdür. Kiloqramı 25 lirədən satılır. Ətri də gözəldir, dadı da çox şirindir. Onu adətən dəmyə torpaqlarda becərirlər. Ona görə də daha şirin və ətirli olur. Lakin kultik qovununun özəlliyi bununla bitmir. Onun orqanizmə faydaları inanılmazdır. Kultik qovunu orqanizmin su ehtiyatını təmin edir, nəticədə dəri nəmli, təravətli qalır, dəridəki qırışıqlar daha az gözə çarpır. Qovunun tərkibi A, C vitaminləri, kalsium, fosfor, potasiumla zəngindir. Günəş şüalarının yandırdığı dərini kultik qovunu qısa zamanda bərpa edə bilir, dərini təzələyir, gəncləşdirir. Kultik qovunu böyük həcmdə suya sahib olduğundan mədədə toxluq hissi yaradır və əlavə qida qəbulunu əngəlləyir. Bu da artıq çəkidən xilas olmağa kömək edir. Liflərlə zəngin olması səbəbindən həzm sistemində heç bir problem yaratmır. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. C vitamini sayəsində orqanizmin immunsistemini gücləndirir, xəstəliklərə qarşı qoruyucu rolunda çıxış edir. Xüsusən payız mövsümünün başlanğıcında xəstəliklərə, soyuqlamaya qarşı önləm alınmasına çox kömək edir. Gözlərin yorulmasının, gözdə bulanıqlığın da qarşısını ala bilir. Tələbələrin, şagirdlərin ondan çox istifadə etmələri məsləhətdir. Qan təzyiqi olanlar da çəkinmədən bu bostan meyvəsindən yeyə bilər. Kultik qovunu tərkibində təbii şəkər olduğundan qanda şəkəri artırmayan meyvədir.
 

Dünyapress TV

Xəbər lenti