Qarpızdan və ya yemişdən zəhərləndikdə nə etmək lazımdır? Həkim məsləhəti
Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir.
Qarpız və ya yemişdən sonra ürəkbulanma, qusma, diareya və titrəmə halı kimi zəhərlənmə əlamətlərini hiss etdikdə, daha çox maye içmək, uzun müddət qusmağa laqeyd yanaşmamaq, həmçinin bir müddət qida və spirtli içkilərdən imtina etmək lazımdır.
Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova RİA Novosti-yə bildirib.
"Zəhərlənmə zamanı ilk yardım: bu halda daha çox maye içmək məsləhətdir. Bunun üçün adi qazsız su, meyvə kompotları (meyvə şirələri deyil) və ya bir qədər şirinləşdirilmiş su uyğundur. Susuzluğun ağır nəticələrinin qarşısını almaq üçün su-elektrolit balansını saxlamaq məqsədi ilə xüsusi məhlullar var. Bunlar suda həll olunmuş toz və ya sistem (vena daxili infuziya) ola bilər. Sistem xəstəxana şəraitində həkim təyinatı ilə həyata keçirilir", Suxorukova bildirib.
Həkim qeyd edib ki, diareya zamanı reseptsiz dərmanlar qəbul etmək olar. Ancaq qeyd etmək lazımdır ki, onların hamısı uşaqlar üçün uygun olmaya bilər.
"Uzun müddət qusmağa laqeyd yanaşmayın. Qusma başlayırsa və bir neçə saat dayanmırsa, kömək üçün həkimə müraciət edin. Təcili yardım və ya xəstəxana həkimləri onu dayandırmaq üçün iynə vura bilərlər", agentliyin həmsöhbəti əlavə edib.
Əgər hərarət yüksəlirsə, titrəmə və baş ağrıları yaranırsa, qızdırma əleyhinə dərman qəbul etmək və istirahət etməyə çalışmaq tövsiyə olunur.
"Bir müddət yeməkdən imtina edin. Xalq təbabəti ilə müalicə etmək və spirtli içki qəbul etmək məsləhət deyil. Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir", Suxorukova söyləyib.
Qastroenteroloqun sözlərinə görə, qarpız və ya yemiş yeyiləndən sonra zəhərlənmənin ilk əlamətləri bir saatdan iki günə qədər davam edə bilər. Bunun ciddiyəti bir çox amillərdən, o cümlədən zəhərlənmənin növündən (qabıqdakı bakteriyalar, xarab olmuş qarpız və ya yemiş, pestisidlər və ya nitratlar), insanın yaşından, çəkisindən, yediyinin miqdarından və müşayiət olunan xəstəliklərin olmasından asılıdır. Zəhərlənmənin ən çox rast gəlinən simptomlarını ürək bulanma və qusma, diareya, qarında narahatlıq, zəiflik, titrəmə, həddindən artıq tərləməni qeyd etmək olar.
 
 
 

Dünyapress TV

Xəbər lenti