Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb. Məlumatlara görə, adı çəkilən qurumun hazırda bir neçə binasının olmasına baxmayaraq, əlavə xərclə dəbdəbəli bina tikintisi və bu istiqamətdə xarici şirkətlərin işə cəlb olunması cəmiyyətdə birmənalı qarşılanmır. Bir bina üçün bu qədər vəsaitin xərclənməsini necə şərh etmək olar? Xarici ölkələrdə də dövlət banklarının binalarına yarım milyard manat və ya dollar pul ayrılırmı? Ölkədə ictimai nəqliyyatın, benzinin, internetin, ərzağın qiymətinin kosmik raket kimi qalxdığı bir vaxtda Azərbaycanın Mərkəzi Bankı niyə belə "bədxərclik" etsin? Ən nəhayət, bu "dəyirman"ın suyu haradandır? İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
"Bu tikinti məsələsi Elman Rüstəmovun Mərkəzi Banka sədrlik etdiyi dönəmdən başlayıb. Öncəliklə, ilk sual budur ki, Mərkəzi Bank binanı nə edir? Hazırda iki binası var: Rəşid Behbudov küçəsində və Bülbül prospektində. Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının binası da hal-hazırda onlardadır. İndi bu binaları təhvil verib, bir banaya köçəcək. O boyda binanı axı, nə edir? Bu qədər xərc çəkilməsinə nə ehtiyac var idi? Normal cəmiyyətlərdə belə tikintilər aparıldıqda, cəmiyyətə bu haqda açıqlama verilir və bütün xərclər göstərilir. Niyə bu qədər xərc çıxıb?
Biz hamımız bilirik ki, Azərbaycanda tikinti işləri nə cür aparılır: yeyirlər, dağıdırlar. Belə deyilsə, biz burda heç kəsi ittiham etmirik. Açıqlama versinlər, ora ödənən bütün xərclərin bizə - ictimaiyyətə smetasını versinlər. Görək, ora nə qədər vəsait və nə səbəb gedib? Niyə belədir? Bunu demirlərsə, onda bizdə tam əsaslı şübhə yaranır ki, o pulları dağıdırlar. Bu qədər pul hara gedir? O bina qızıldandır, bəyəm? Aydın məsələdir...
Təəssüf ki, bu məsələlərdə Azərbaycanda heç nə dəyişmir. Dövlət satınalmalarında, tikintidə və sair sahələrdə korrupsiya böyükdür"- deyə, iqtisadçı-hüquqşünas qeyd edib.