Rusiya xarici işlər naziri Sergey Lavrov “balans” naminə həm Azərbaycana, həm də Ermənistana daş atıb. Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı mətbuat konfransında deyib ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni sözlərindən belə çıxır ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi yoxdur. Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minalar keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırıb: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Bu adam dolamaqdır. Sizə bu məlumat aksiyadan aylar əvvəl ötürülüb və Siz yoldan silahın, sursatın və minaların keçirilməsinə seyrçi qalmısız. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”. Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımız həlak olub və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti olub. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” nəticəsində öz paxırını açarmı? Sergey Lavrov Ermənistana da daş atıb. O deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verib. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırıb: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”. Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Birincisi, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. İkincisi, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir. Elxan Şahinoğlu Teref.az