Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Prezident açıq şəkildə qeyd edir ki, biz sülh istəyirik: “Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.
Ölkə başçısı həmçinin bildirib: “Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir”.
Prezidentin bu sözlərindən çıxan ümumi nəticə belədir:
1. Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyir və bu məsələdə Rusiya ilə fikir mübadiləsi aparılıb.
2. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.
3. Ermənistan dəhlizin qarşısını almağa çalışsa, qarşısında həm də Rusiyanı görəcək.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması
Prezident çıxışı zamanı bildirib ki, biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin. “Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses – Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, – deyə dövlətimizin başçısı qeyd edib.
Göründüyü kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan heç bir maneçilik törətmir, əksinə, bunu dəstəkləyir. Hətta prosesin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə paralel olmasını təklif edir. Bu həm də İrəvanın “Azərbaycan-Türkiyə ilə münasibətlərin normallaşmasına mane olur” tezisini də çürüdür.
“İki bacı ilə bir görüşdən” imtina
Prezident qeyd edib ki, Şarl Mişelin ofisindən ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilib, bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Prezident isə bu cür “şərtli” görüşdən imtina edib.
Aydın məsələdir ki, Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilməsini xahiş edib. Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirib.
Buna baxmayaraq ölkə başçısı açıq şəkildə bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Ümumiyyətlə Praqada baş tutan dördlü görüşün ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını göstərir. Prezident isə “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağının mesajını vermişdi. Bu gün də bunu bir daha təkrarlamış oldu.
İranın üç keçmiş prezidenti
Prezident İlham Əliyevin çıxışı zamanı ən diqqətçəkən məqamlardan biri də İranla bağlı dedikləri oldu.
Birincisi, prezident İranın üç keçmiş prezidenti – Hatəmi, Əhmədinejad və Ruhaninin adını çəkərək mövcud İran-Azərbaycan münasibətlərinin pisləşməsində müqəssir olaraq İranı göstərir.
Prinsip etibarilə bu belədir. Yəni rəsmi Bakı həqiqətən də İranla münasibətləri korlamaq istəsə idi prezidentin dediyi kimi Hatəmi, Əhmədinejad və Ruhaninin prezidentlik müddətində bunu edərdi. Əgər münasibətlər məhz indi pozulursa, bu, rəsmi Bakının deyil, Tehranın ucbatndan baş verir.
İkincisi, ölkə başçısı açıq şəkildə bildiri: “Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq”. Yəni rəsmi Bakı hərbi təlimləri keçirərək faktiki olaraq İranın Araz çayı boyunca keçirdiyi hərbi təlimlərə cavab verdiyini elan edir.
Üçüncüsü, Prezident “biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır” deyib.
Ümumiyyətlə, ölkə başçısı son çxışlarında tez-tez İran ərazisində yaşayan azərbaycanlıların məsələsinə yer verir. Bakı İrandakı azərbaycanılıların yanında olduğunu göstərərək Tehrana yumşaq mesaj verir: “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir.
Prezidentin bu sözləri həm də Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan məsələsinə daha çox yer verəcəyinin elanıdır. Rəsmi Bakı faktiki olaraq cənubi azərbaycanlıların müdafiəsini üzərinə götürür.
Nəticə etibarı ilə demək olar ki, İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik epizodik xarakter daşımır. Rəsmi Bakı bundan sonra İranla münasibətlərə ehtiyatlı yanaşmayacaq.
Turan Rzayev
Globalinfo.az