“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə müəllif İrəvan Mətbuat Klubunun direktoru Boris Navasardyanın “Exo Kavkaza” portalına müsahibə verərkən səsləndirdiyi fikirlərə diqqət çəkib.
Qeyd edək ki, Boris Navasardyan sözügedən müsahibəsində bildirib ki, hazırkı məqamda Qarabağın müqəddəratı ilə əlaqədar risklər mövcuddur və son aylar baş verən hadisələri Rusiya nə öz sülhməramlıları, nə də diplomatik vasitələrlə həll etmək iqtidarında deyil.
Müəllif vurğulayıb ki, Boris Navasardyan müsahibənin davamında absurd fikirlər səsləndirməkdə davam edir.
Boris Navasardyan qeyd edir ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda hərbi qulluqçular müqavilənin imzalandığı andan etibarən olduqları yerdə dayanmalıdırlar.
Boris Navasardyan hesab edir ki, Azərbaycan razılaşmanın bu bəndini pozur və ona görə də bölgədəki qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
Müəllif isə öz növbəsində üçtərəfli bəyanatı həyasızcasına təhrif edən Boris Navasardyanın diqqətinə çatdırıb ki, noyabrın 10-da imzalanan razılaşmada çox aydın və dəqiq qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə paralel şəkildə bölgəyə yerləşdirilməlidir.