Rusiya tərəfindən dəstəklənən Xankəndindəki hərbi xuntanın başçısı, cinayətkar Arayik Artuyunyan Vladimir Putinin "Valday" diskusiya klubundakı çıxışını dəstəkləyən bəyanat yayıb.
Xatırladaq ki, Kreml rəhbəri bildirib ki, Qərb Qarabağı Azərbaycanın suverenliyi daxilində qəbul edən sülh planı hazırlayıb. O, Ermənistan xalqına müraciət edərək, seçim haqqının onlara aid olduğunu, amma Rusiyanın Qarabağın "özünəməxsus" hüquqlarını tanıdığını ifadə edib. Putin üstüörtülü şəkildə deyib ki, Moskva bu planın icrasına imkan verməyəcək.
Arayik Arutyunyan da Putinin çıxışına dəstək olaraq deyib ki, bir sıra güc mərkəzləri nizamlanmanın əsas məsələləri ilə bağlı Ermənistan və Azərbaycan hakimiyyətlərinə verdiyi təkliflər qəbul edilərsə və həyata keçirilərsə, həm "artsax" və onun "xalqı", həm də Ermənistan və regionun digər ölkələri üçün həlledici əhəmiyyət kəsb edəcək.
"Məhz bu səbəbdən səhv etməyə haqqımız yoxdur, çünki hər hansı bir səhv ölümcül ola bilər. Biz əminik ki, "artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnu inkar edən, münaqişənin ədalətli həlli perspektivindən məhrum edən və "artsax"ın mövcudluğuna şübhə yaradan təkliflər və prinsiplər birdəfəlik rədd edilməlidir…
Əlbəttə ki, danışıqlar prosesi nəticəsində biz Qarabağ münaqişəsinin ədalətli və yekun həllinə və "artsax" respublikasının müstəqil statusunun beynəlxalq səviyyədə tanınmasına nail olmaq istərdik. Bununla belə, mövcud çağırışları və məhdud imkanları nəzərə alaraq, fikrimizcə, Rusiyanın təklifləri "artsax"ın təhlükəsizliyini təmin etməyə imkan verən və onun gələcəyinə şübhə yaratmayan minimum meyarlara daha çox uyğundur".
Hərbi xuntanın başçısı əlavə edib ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində "artsax"ın taleyi ilə bağlı elementləri birləşdirmək mümkün olacaq. "İlk növbədə, söhbət Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların "artsax"da olması həyati əhəmiyyət kəsb edir, çünki 2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlıları bizim təhlükəsizliyimiz üçün mühüm məsuliyyət payına malikdirlər. İkinci əsas parametr ən azı "artsax"ın indiki statusunu saxlamaqdır", - o vurğulayıb.
Ətraflı
Arutyunyan qeyd edib ki, V.Putinin “Valday” Beynəlxalq Klubunun iclasındakı çıxışı bu məqsədlərin kifayət qədər reallaşa biləcəyinə dair müəyyən ümidlər yaradır.
Bu bəyanatdan və bu gün Xankəndində Rusiyanın təhriki ilə mitinq keçirilməsindən açıq-aydın görünür ki, Rusiya 31 oktyabrda keçiriləcək üçtərəfli sammitdə öz bədnam planını tərəflərə qəbul etdirməyə çalışacaq. Kremlin əsas məqsədi "sülhməramlı" qüvvələrin qeyri-müəyyən müddətdə Qarabağda qalmasına, eyni zamanda mövcud status-kvonun saxlanılmasına nail olmaqdır.
Ermənistan rəhbərliyi bəyan edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasına razıdır. Əslində bu, olduqca qeyri-ciddi və qeyri-hüquqi açıqlamadır. İrəvanın Azərbaycanın bir hissəsində hansı qüvvənin qalıb-qalmamasına hər hansı aidiyyatı yoxdur. Görünür, Qərbin sülh planına dəstək verdiyinə görə, Rusiya tərəfindən sıxışdırılan Paşinyan hökuməti Putinin könlünü xoş etməyə çalışır.
Azərbaycan müharibədən dərhal sonra bəyan edib ki, Qarabağda hazırkı vəziyyət uzun müddət davam edə bilməz. 10 noyabr razılaşması yerinə yetirilməlidir, əgər qısa müddətdə bu addımlar atılmazsa, güc tətbiqi qaçılmazdır. Rusiya rəhbərliyi rəsmi Bakının bu addımı atmayacağına o qədər də əmin olmasın. Regiondakı hazırki status-kvo, Rusiyanın düşdüyü vəziyyət, güclü müttəfiqlərə sahib olan Azərbaycana qəti addımlar atmaq üçün şərait yaradır. Arayik Arutyunyanın bəyanatında bu gücün qorxusu açıq-aşkar hiss olunur...
E. Rüstəmli
"AzPolitika.info"