Ermənistan, Azərbaycan liderləri və Avropa Şurası sədrinin Brüsseldə keçirilən üçtərəfli görüşündə ən mühüm məsələlər üzrə ortaq mövqe müəyyən etmək mümkün olmayıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan cümə axşamı Vladivostokda erməni icması ilə görüşdə bildirib.
“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilib və artıq müzakirə edəcək heç nə yoxdur. Bizim mövqeyimiz və aydındır ki, beynəlxalq ictimaiyyətin də mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür”, deyə o, Rusiyanın mövqeyinə istinad edib.
Regional kommunikasiyaların açılmasına toxunan Paşinyan qeyd edib ki, bu, Ermənistana sərf edir. Xüsusən, digər ölkələrlə dəmir yolu əlaqəsi olmadığına görə Ermənistanda ərzaq məhsulları daha bahalıdır, deyə o bildirib. Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır. Bu gün Ermənistanın bütün iqtisadiyyatı Yuxarı Lars yolundan asılıdır və hazırda bu yol daha çox yüklənib.
“Ermənistandan, Gürcüstandan və İrandan atomobillər gəlib-gedə bilər, biz Azərbaycan və Türkiyədən də avtomobillərin gəlib-getməsinin əleyhinə deyilik. Hələlik bu məsələ ilə bağlı qəti razılıq əldə olunmayıb. Bu, hələlik fikirlərimizin tam olaraq üst-üstə düşmədiyi bəzi hüquqi normalarla bağlıdır”, deyə o bildirib.
“Yolun açılması Ermənistan və Sünik vilayəti üçün heç bir təhlükə yaratmır, əksinə, əlavə təhlükəsizlik və sabitlik zəmanəti gətirəcək. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda tez-tez dəhliz haqqında danışılır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik”, deyə Paşinyan bildirib. pressklub