Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, son 3 il ərzində işğaldan azad olunan ərazilərdə hər hansı yaşayış evi və sosial-mədəni obyekt istifadəyə verilməyib.
Yeniavaz.com-un məlumatına əsasən, Komitənin rəsmi saytında dərc olunan statistik məlumatlardan belə görünür ki, 2021, 2022 və 2023-cü illər ərzində işğaldan azad olunan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa rayonlarında yaşayış evləri, xəstəxana, təhsil müəssisəsi və digər sosial-mədəni obyektlər rəsmi şəkildə istifadəyə verilməyib.
Məlumat üçün bildirək ki, mətbuatda yayılan məlumatlarda ötən il işğaldan azad olunan ərazilərə yüzlərlə keçmiş məcburi köçkün ailəsinin köçürüldüyü qeyd olunub. Adları qeyd olunan rayonların bəzilərində çoxsaylı sosial-mədəni obyektin istifadəyə verilməsi ilə bağlı məlumatlar yayılıb.
2022-ci ilin iyul ayında Zəngilan rayonu ərazisində inşa olunan Ağalı kəndinə köç başlayıb və insanlar orada yaşamağa başlayıblar.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatdan belə görünür ki, işğaldan azad olunan ərazilərdə tikilən yaşayış evləri və sosial-mədəni obyektlər əhalinin istifadəsinə verilsə də, onların istismarına rəsmi dövlət qurumları tərəfindən icazə verilməyib.