Qarabağda qalan qadının Ermənistana getmək istəmədiyini deməsi İrəvanda müzakirələrə səbəb olub. Bu barədə tanınmış erməni jurnalist Marat Yeqanyan da yazıb. O, Ermənistanı tərk edib Xankəndiyə qayıtmaq istəyən ermənilərin varlığı faktının araşdırılmalı olduğunu qeyd edib: “Videoya əsasən deyə bilərik ki, “Artsax”da qalan qadın Qırmızı Xaç Komitəsinin Ermənistana köçmək təklifini rədd etdiyini deyir. O həmçinin bildirir ki, 1000-ə yaxın erməni Qarabağa qayıtmağa hazırlaşır. Əgər qadının dedikləri doğrudursa, demək, 1000 xainimiz var”.
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Qarabağda qalan ermənilərin Azərbaycandan getməməsinin səbəbi böyük ehtimalla getməyə yerləri olmadığı üçündür. Analitik bəyan edib ki, Qarabağda qalmış ermənilərin əksəriyyətinin yaşlı, xəstə, eyni zamanda tənha insanlar olduğu görünür:
"Amma aralarında cavan, özünü idarə edən ermənilər də var. Xankəndidə şəhərin içində süfrə açıb oturmuşdular. Əslində, həmin ermənilər də soydaşlarının etdikləri cinayətlərə, vəhşiliklərə görə qorxub Azərbaycanı tərk etməli idilər, amma getməyiblər. Harasa getmək imkanı olmayanları başa düşmək olar, amma imkanı ola-ola getməyən ermənilər ya risk edib qalıblar, ya da azərbaycanlıların xarakterlərini bildikləri üçün belə ediblər. Azərbaycan xalqı öz düşməni də olsa, yaşlıya, xəstəyə, ona pənah gətirən insana pislik etməz. Ermənistandan geri gəlmək istəyən ermənilərin işi isə nisbətən rahatdır. Onlar görürlər ki, Azərbaycan heç bir erməniyə toxunmur, ona görə geri qayıtmaq istəyənlərin sayı getdikcə artır. Erməni ekspertin onlara xain deməsini də təbii hesab etmək olar. Çünki hələ iki ölkə bir-birinə düşmən gözü ilə baxır. Sülh sazişi olsa belə, bu məsələlərin yoluna düşməsi üçün uzun zaman tələb olunacaq. Əslində, ekspertin xain adlandırdığı ermənilər elə xaindirlər və onların geri qayıtması Azərbaycana da lazım deyil. Gəlmək istəyən ermənilər böyük ehtimalla imkansız adamlardır. Daha doğrusu, özlərini Azərbaycanın öhdəsinə buraxıb müftə yemək axtaranlardır. Onların arasında həkim, müəllim, elm adamı olduğuna şübhə edirəm. Odur ki, gəlmək istəsələr belə, rədd cavabı üçün səbəblər çoxdur".