“On bir yaşım var idi, bulaq başında əlimə xına qoyurdum”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Aidə Zülfüqarova doğma yurdu ilə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, Füzuli haqqında danışanda hər dəfə kövrəlir:
“Füzulidən çıxanda 11 yaşım vardı, balaca, məktəbli uşaq idim. Uşaq olsam da, hər şeyi xatırlayıram. O günlər yadıma düşəndə, Füzulidən danışanda həmişə qəhər məni boğur. Xatırlayıram, qızlarla bulaq başına gedərdik, xına daşı deyirdilər biz tərəfdə, xına otunu o daşın üstündə hazırlayıb, əlimizə xına qoyurduq. Çox gözəl günlər idi. Allah bu günləri bizə çox görməsin. Artıq uşaqlığımızı, xatirələrimizi qoyub gəldiyimiz el-obamıza qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”. Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 125 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 470 ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.