“Qafandakı evimizlə dəyişsələr, gedib Xankəndidə yaşayaram”
Ermənilərin Qarabağda tərk etdikləri evlərin taleyi necə olacaq?
– 1988-ci ilin dekabr ayı idi. Əşyalarımızı maşına yığdıq, Zəngilandan, Qubadlıdan keçib,
Bakıya gəldik. Əvvəl xəbərdarlıq etdilər, sonra isə saqqallılar silah gücünə bizi ordan çıxardılar.
Müsahibimiz Ağaəli Hüseynov deyir ki, bu hadisələrdən əvvəl o özü Bakıya gəlibmiş. Amma
Ermənistandan pis xəbərlər aldığına görə anasıgili oradan çıxarmağa gedibmiş.
Çətin günlər idi.
– İki evimiz vardı. Biri Oxtar kəndində idi, biri isə şəhərdə, Qafanda. Şəhərdəki evimizi Bakıda
yaşayan bir erməninin evi ilə dəyişmişdik. Kənddəkinə isə heç köçə də bilmədik. Ora gedəndə
qəribə bir hadisə ilə üzləşdik. Evin qapısının üstündən başı aşağı sallanmış bir kukla, adam
maketi asmışdılar. Bununla bizi aşkar hədələyirdilər.
Ağaəli Hüseynov kənddəki evlərinə sonradan bir erməni tibb bacısının köçdüyünü söyləyir. Yerli
camaatın “Doxturxana” dediyi tibb məntəqəsində işləyən bu qadın indi də onun böyüdüyü həmin
evdə yaşayır…
2023-cü ilin sentyabr-oktyabrında Qarabağı tərk etmiş ermənilərin evləri isə bugünədək
toxunulmaz saxlanılır. Ağaəli kişinin fikrincə, onları azərbaycanlıların Ermənistanda qalan evləri
ilə dəyişmək də mümkündür:
– Düzdü, istərdim ki, öz yurduma-yuvama qayıdım. Qafana qayıdaram. Kəndimiz üçün
burnumun ucu göynəyir. Amma indi ki vəziyyət belə gəldi, o evlər əmlak olaraq dəyişdirilsə,
Xankəndidə də yaşayaram”.
Müsahibimiz televizorda məcburi köçkünlərin öz yurdlarına qayıtdıqlarını görəndə kövrəlir,
onların keçirdikləri kissləri yaşamaq istəyir. Öz yurduna qayıdacağı günü həsrətlə gözləyir.
– Ömür keçir, yaş artır. 70-i haqlamışam. O günləri görəcəyəmmi, bilmirəm. Kəndimizin videokasetləri var, onlara baxıram hər dəfə darıxanda. Bir əmim oğlu var, xaricdə yaşayır. İldə bir
dəfə Bakıya gəlir. Onun erməni tanışları var xaricdə. Onlardan Ermənistandakı evimizin
görüntüsünü çəkməyi xahiş edib. Xahişini yerə salmayıblar. Əmioğlu da videonu mənə gətirib.
Bax, o qoyub gəldiyimiz evimiz var ha, necə var idisə, indi də elədir. Hasarı nə rəngdə idisə,
indi də elə o rəngdədir, kənd klubunun və dükanın yanında…
Həmsöhbətim Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan biridir. O torpaqların köklü
sakini olmuş, nəsilbənəsil orada yaşamış insanlardandır. 1988-ci ildən başlayan münaqişə
zəminində Ermənistandan deportasiya olunmuş azərbaycanlılıarın cüzi bir qismi evini dəyişə,
yaxud satıb gələ bilib. Qaçqınların böyük əksəriyyəti başlarını götürüb çıxmağa məcbur olublar.
Həmin evlərdə isə ermənilər məskunlaşıblar, hazırda da yaşamaqdadırlar. (Yazının baş fotosu
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulmasını əks etdirən real fotoşəkildir – red.)
Azərbaycanla Ermənistan arasında diplomatik təmaslarda bu problem müxtəlif formalarda
qaldırılır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında ona toxunur. “Euronews”
televiziyasına noyabr müsahibəsində dövlət başçısı demişdi ki,“Əgər onlar Azərbaycanda
erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan
qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda
azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min
insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır…
Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı
arasında fərqin əhəmiyyəti yoxdur…”
Azərbaycanın mövqeyi bəllidir – hər iki tərəfdən azlıqlar qayıdıb öz evlərində yaşaya
bilməlidirlər. Ancaq Ermənistan bu ideyaya o qədər də isti yanaşmır, belə görünür ki, hazırkı
status-kvonun qalması onu daha çox təmin edir. Elə olacaqsa, azərbaycanlıların Ermənistanda,
erməni sakinlərin isə Qarabağda tərk etdikləri evlərin, əmlakın taleyi necə həll ediləcək? Praktik
həll üçün hansı yol seçilə bilər? Mülk sahiblərinin qərarı əsas olacaq, yoxsa dövlətlərin gəldiyi
razılaşma? Azərbaycan da Ermənistanın təcrübəsinə adekvat olaraq, boş qalmış evlərə qaçqın
və məcburi köçkünləri yerləşdirə bilərmi?
“Xankəndi və ətraf bölgələrdə olan erməni mülkləri ilə bağlı məsələlər yerli və beynəlxalq
qanunvericiliyin norma və prinsiplərinə uyğun həll edilməlidir”.
Bu fikir hüquqşünas Şamil Paşayevə məxsusdur. Pressklub.az-a açıqlamasında o bildirir ki,
Azərbaycan 1991-ci ilə qədər SSRİ-nin tərkibində sosialist respublikası idi. Həmin vaxt mülklər
üzərində özəl mülkiyyət yox idi, mülklər yalnız dövlətə məxsus idi. Xankəndi və ətraf ərazidə
yaşayan insanların da mülkiyyəti o cümlədən. İndi ermənilərin qoyduqları mülklərlə bağlı
məsələni həll edərkən nəzərə almaq lazımdır ki, burada inventarlaşdırma aparılmalıdır:
– Həmin mülklərin kimə məxsus olduğu ilkin olaraq müəyyən edilməli, sonra isə onların taleyi
ilə bağlı qərar verilməlidir. Burada qeyd etməliyəm ki, Azərbaycan Respublikasının dövlət
qurumlarından icazə və razılıq almadan, separatçıların öz qərarı ilə tikilən evlərin faktiki
mülkiyyət hesab olunması bizim qanunvericiliyə görə doğru hesab edilmir. 1991-ci ildən əvvəl
tikilən evlər isə, söylədiyim kimi, birmənalı olaraq dövlətə məxsus idi. Bu dövlət də Azərbaycan
SSR idi. Yəni, mülkiyyət hüququ Azərbaycan SSR-ə məxsus idi.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə özəlləşdirmə həyata keçirildi.
Xankəndi və ətraf bölgədə yaşayan ermənilər isə bu prosesdən kənarda qaldılar. Çünki o ərazilər
işğal olunmuşdu. Azərbaycan Respublikasında aparılan özəlləşdirmə qaydalarına uyğun olaraq,
ermənilərə məxsus evlər də özəlləşdirilə bilər. Amma onlar bunun üçün Azərbaycan
Respublikasının vətəndaşı kimi özəlləşdirmədə iştirak edib, əmlak, pay sahibi olmalıdırlar.
Hüquqşünas bildirir ki, orada olan ictimai binaların, məbədlərin böyük əksəriyyəti Azərbaycan
SSR-ə aid idi. İctimai iaşə obyektlərinin, restoranların, teatr binalarının, universitet binalarının
hamısı dövlətimizin hesabına tikilmişdi.
Şamil Paşayev sonda bildirdi ki, Azərbaycanın həm məbədlərin, həm evlərin, həm də mülkiyyətin
qorunması ilə bağlı məsələləri yerli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət etməklə,
ədalətli şəkildə həll edəcəyinə zərrə qədər şübhə yoxdur.
“Bütün bu məsələlər Azərbaycan qanunvericiliyinə uyğun olaraq həll edilməlidir”.
Millət vəkili Arzu Nağıyev Pressklub.az-a açıqlamasında belə deyib.
Müsahibimiz deyir ki, istər Mənzil Məcəlləsi olsun, istər digər qanunvericilik sənədləri olsun,
bütün bu proseslər həmin sənədlərlə tənzimlənməlidir. Çünki burada söhbət ermənilərin geri
qayıdıb-qayıtmamasından da gedir. Xankəndi və digər rayonlar Azərbaycan ərazisi olduğuna
görə, bütün hüquqi hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmalıdır.
Deputat qeyd edir ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, bizim Konstitusiya və
qanunlarımıza uyğun olaraq orada yaşaya bilərlər. Başqa tərəfdən, Azərbaycanda yalnız bizim
ölkənin vətəndaşları yaşamır, əlbəttə, amma həmin şəxslər qeyri-vətəndaş kimi, qanunu icazə
verdiyi müddətdə və tələb olunan şərtləri yerinə yetirməklə ölkəmizdə yaşaya, işləyə, hətta
əmlak sahibi ola bilərlər. Amma o halda, onlar yaşadıqları torpaqlarda qonaq, mühacir, yaxud
sadəcə işçi vizası ilə gəlmiş şəxs olacaqlar. Ölkənin və torpağın sahibi olmaq, onun həyatında
tamhüquqlu iştirak etmək, seçib-seçilə bilmək üçün vətəndaşlığı qəbul etmək lazım gələcək:
“Ermənistan çalışır ki, Qarabağdan könüllü gedənlər qaçqın statusu alsınlar, BMT və digər
qurumlardan müvafiq yardımlar üçün müraciət etsinlər. Təbii ki, hər hansı bir statusdan söhbət
gedə bilməz. Çünki onların şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportlarıdır”.
“Qarabağda yaşayan erməni əsilli şəxslər lokal xarakterli anti-terror əməliyyatlarından sonra
özləri könüllü şəkildə Qarabağı tərk etdilər”.
Bu sözləri əslən Xankəndidən olan jurnalist, APA informasiya agentliyinin baş direktoru Nurşən
Quliyev saytımıza açıqlamasında deyib.
Müsahibimiz deyir ki, o adamların orada evləri, əmlakları qalır və Azərbaycan dövlətinin
qarşısında duran əsas məsələlərdən biri də bu problemin həlli yolunu tapmaqdır: “Erməni əsilli
şəxslər əmlaklarını, evlərini qoyub, gediblər və onların qayıtmaqları ilə bağlı bir cavab da hələ
yoxdur. Amma heç kim onları sonsuza qədər gözləyəsi deyil”.
Nurşən Quliyev qeyd edir ki, onların konkret vaxta qədər geri qayıtmayacaqları təqdirdə,
məsələnin həllinin başqa variantları düşünülə bilər: “Ola bilər ki, onların əmlakları ilə bağlı
məsələ hüquqi şəkildə həllini tapsın, Azərbaycan dövləti tərəfindən onlara kompensasiya
ödənilsin. Amma ermənilərin əmlakı ilə bağlı məsələlərdə onların qarşısına çox arqument qoya
bilərik. Məsələn, Qarabağda işğal vaxtı dağıdılmış rayonlar, evlər, insanların əmlaklarının
mənimsənilməsi faktları var. Bütün bunları nəzərə almaqla, dövlət Qərbi Azərbaycandan
deportasiya olunmuş şəxslərin əmlaklarının qarşılıqlı dəyişdirilməsi və yaxud da, uyğun bildiyi
digər variantlara baxa bilər” – deyə, Nurşən Quliyev sonda bildirdi.
Beləliklə, hamı qanun deyir. Həmsöhbətlərimizin ümumi rəyi bundan ibarətdir ki, mübahisəli və
hüquqi taleyi naməlum qalan bütün situasiyalarda qanunlara istinad etmək lazımdır. Məsələnin
elə ən müsbət tərəfi də budur. Güc, anarxiya, cinayət, separatizm yox, hüquq verməlidir bütün
sualların cavabını. Bu həqiqət, heç çox demirik, 30 il əvvəl dərk olunsaydı, nə bu faciələr baş
verərdi, nə talelər, nə əmlaklar dağılardı, nə də biz indi bu cür suallara cavab axtarmalı olardıq…
Mədinə Useynova
pressklub.az
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
25 Noyabr 2024 Bu gün Kəlbəcər günüdür
24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı

Dünyapress TV

Xəbər lenti