Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan hamını təccübləndirən addımlarına davam edir.
Onun yaxın zamanda Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanla görüşdüyü ortaya çıxıb.
Maraqlıdır ki, Şahramanyan bir müddət əvvəl Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla da görüşüb.
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, onlar işsizlikdən özlərinə iş axtarırlar:
“Yəni onların çalışdıqları əsas məsələ ermənilərin yenidən Qarabağa qaytarılması və oradakı qondarma rejimi bərpa etməkdir. Amma bütün bunlar tarixə qovuşmuş və sıradan çıxmış məsələlərdir.
Aydındır ki, ermənilər Qarabağdan nə qovulublar, nə çıxarılıblar, nə də etnik təmizləməyə məruz qalıblar. Sadəcə olaraq, özləri könüllü şəkildə yerdəyişmə ediblər. Ona görə də Samvel Şahramanyan, Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın bundan sonra heç nə etməsi mümkün deyil.
Onlar nə erməniləri Qarabağa geri qaytara biləcəklər, nə də əvvəlki qondarma strukturları bərpa edə biləcəklər. Azərbaycan dövləti həmin ərazilərdə möhkəm strukturlarını qurub”.
Politoloq diqqətə çatdırıb ki, Qarabağa gələn istənilən erməniəsilli şəxs ciddi şəkildə araşdırılıcaq:
“Üstəlik, onların keçmiş separatçı rejimlə əlaqələri olub-olmaması və ya azərbaycanlılara qarşı cinayət törədib-törətməmələri məsələləri də müəyyən olunacaq.
İnanmıram ki, hansısa separatçı bu cür yoxlama prosesindən çıxa bilsin. Yəni çox mənasız işlərlə məşğuldurlar. Hətta Azərbaycan Samvel Şahramanyan, Robert Köçəryanı və Serj Sarkisyanı da İnterpol xətti ilə həbs edə bilər”.