Xəbər verildiyi kimi, Ukrayna Putinin "sülhməramlı"ların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi milyarder "desant"ı Ruben Vardanyanı axtarışa verib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Lakin erməni milyarderin hansı səbəblərdən axtarışa verildiyi bizim üçün qaranlıq qalıb...
Avropanın nüfuzlu "EU Reporter" analitik portalı “Aİ üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır” başlıqlı məqaləsini məhz Ruben Vardanyanın Qarabağdakı təxribatçı fəaliyyətinə və ümumiyyətlə, Rusiyanın burada Azərbaycan, Güney Qafqaz, Ukrayna və Avropa İttifaqına qarşı gördüyü işlərdən bəhs edir.
TEREF.AZ həmin məqaləni kiçik ixtisarla Moderator.az-a istinadla oxucuların nəzərinə çatdırır:
“Bu yaxınlarda ABŞ Rusiya kəşfiyyatı ilə əlaqəli qrupun yeddi aparıcı üzvünə Rusiyanın Moldovada destruktiv təsir kampaniyalarında və sabitliyi pozma əməliyyatlarında oynadıqları rola görə sanksiya tətbiq edib. Ən azı bir nəfərin qara siyahıya əlavə edilməsinə təcili ehtiyac var – hazırda “sülhməramlı” kimi görünən Rusiya hərbçilərinin bazasına çevrilmiş Azərbaycan torpaqlarında tanınmamış separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyanın...
Ötən həftə Ukrayna Məxfi Xidməti ("SSU") Vardanyanı saxlamağa və Ukrayna hakimiyyətinə və ya hər hansı NATO ölkəsinin səlahiyyətlilərinə təhvil verməyə çağırıb. Onun adı “Myrotvorets” ("Sülhməramlı") məlumat bazasında yer alıb. Orada ukraynalılar Rusiyanın işğalını dəstəkləyənlərin siyahısını təqdim edirlər.
Vardanyan Kremlə yaxın fəaliyyəti ilə məşhurdur. Xatırladaq ki, Ruben Vardanyanın 2005-2022-ci illərdə ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulması və Putinin ətrafının ən nüfuzlu adamlarına (məsələn, Sergey Rolduqinə) pul köçürməsi ilə məşğul olduğu bildirilib. Həmin dövrdə o, Rusiya Federasiyasının prezidenti və hökuməti yanında “ekspert şuraları”nda, yalnız Putinə yaxın adamlar üçün əlçatan olan vəzifələrdə çalışıb. Eyni zamanda, Vardanyan 2011-ci ildə Rusiya Federasiyasının "Sberbankı"nın tərkibinə daxil olan “Troyka Dialoq” investisiya bankına da rəhbərlik edib.
2019-cu ilin martında Avropa İttifaqı parlamentinin üzvləri Vardanyanın “Troyka Dialoq”un rəhbəri kimi fəaliyyətinin araşdırılmasını tələb ediblər.
Bu günlərdə Vardanyanın və onun “Troyka Dialoq”unun adı ofşor şirkətlər mövzusu ilə bağlı yenidən gündəmə gəlib: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (OCCRP) “Troyka Dialoq”un ofşor şirkətlərin geniş şəbəkəsi yaratdığını inandırıcı şəkildə sübut edib. Bu şirkətlər Rusiyadan pulların yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılmasında ittiham olunan digər şirkətlərlə əməkdaşlıq ediblər. Söhbət 76 şirkətdən keçən 4,6 milyard dollardan gedir...
Bu gün Qarabağdakı separatçı anklavda “dövlət naziri” vəzifəsindən azad edilsə də,“Putinin pul kisəsi” hələ də Cənubi Qafqazda Rusiya qazı və neftinin əsas enerji təchizatı alternativlərindən biri olan Azərbaycan üçün qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur...
Qəribədir ki, ukraynalılar bunu avropalılardan və amerikalılardan daha yaxşı başa düşürlər. Ukrayna kəşfiyyat xidmətləri yalnız Cənubi Qafqazda Rusiyaya pilotsuz təyyarələr və raketlər verən İranla bağlı işləmir. Ukraynalılar başa düşürlər ki, Aİ-yə sabit enerji təchizatına təsir edən istənilən məsələ onlara ağır zərbə vura bilər.
Vardanyan bu yaxınlarda Qarabağdakı separatçıları silaha sarılmağa çağırıb: "Biz sona qədər döyüşəcəyik. Son həddi keçilib: siz ya "Artsax"ın müdafiəsinə qalxın, ya da bütün erməni xalqına qarşı". Bu çağırış Aİ və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh nizamlanmasına nail olmaq səyləri fonunda edilib...
“Sülhməramlılar (anklavdakı rus hərbçiləri - red.) “Artsax”ı dəstəkləyən qüvvədir... Onların burada daha çox sayda və daha uzun müddət qalması üçün biz çox iş görməliyik”, - Vardanyan belə deyib.
Mayın əvvəlində Rusiyayönlü mitinqdə o, Putinin Cənubi Qafqazda təsirini saxlamaq üçün bir vasitə kimi rus qoşunlarının iştirakının zəruriliyi ideyasını açıq şəkildə irəli sürüb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hərbçiləri Qarabağdakı separatçıları Çinin yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və zərbə vuran pilotsuz təyyarələri ilə təmin edib. Onlar minaatan kimi partlayıcı qurğuları atmağa imkan verən bombardman sistemləri ilə təchiz olunublar. Həmin silahların separatçılara verilməsi əmrini Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim verib. Onlardan təxribatlar üçün istifadə oluna bilər, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlini əngəlləməklə regionda yeni müharibəyə başlamaq məqsədi ilə.
Bu təhlükənin qarşısını almaq vaxtıdır; Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb təhlükəsizlik xidmətlərinin axtarışına çıxarmağın vaxtı çatıb”.
Zəruri şərh:
Moderator.az Ruben Vardanyanın Qarabağa daxil olduğu ilk gündən – 2022-ci il sentyabrın 1-dən Azərbaycan XİN-ə onun ölkəmizin ərazisindən uzaqlaşdırılması üçün təcili və qəti tədbirlər görülməsi üçün müraciət edib. Lakin təəssüf ki... Həmçinin Putinin milyarder desantının “dövlət naziri” vəzifəsindən azad edildiyi 23 fevral 2023-cü il tarixindən bəri də mütəmadi olaraq Vardanyanın Qarabağda və Ermənistanla sülhyaratma prosesi qarşısında böyük əngəl və təhlükə olduğunu vurğulayıb...