Ermənistanın Sünik vilayətinin rəhbəri Robert Qukasyan bildirib ki, İranla iqtisadi və sosial proqramlar üzrə anışıqlar aparılır:
“İran İslam Respublikasının “Sünik” vilayətində (Zəngəzur) konsulluğunun açılmasından sonra iranlı tərəfdaşlarla iqtisadi və sosial proqramların müzakirəsi və nəzərdən keçirilməsinə başlanılıb”.
Onun sözlərinə görə, gündəlikdə investisiya, mədəni və sosial planlar var. Real planlar hələlik start götürməyib, lakin çoxlu planlar var ki, müzakirələrin son mərhələsindədir və biz onaların icrasına başlamalıyıq.
Görəsən, İran və Ermənistan Zəngəzurda nəyi planlaşdırır?
DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, Tehranla İrəvanın bu hərəkəti İranın Azərbaycana, Türkiyəyə yönəlik növbəti təxribatıdır:
“Məqsəd Azərbaycanı qızışdırmaq, əsəbiləşdirmək üçün molla rejiminin düşündüyü əhəmiyyətsiz proqramdır. İran bu gün özü nə gündədir ki, Ermənistana da hansısa köməyi etsin? Qafanda Moskva da konsulluq açır. Bu mənada Rusiyanı hardasa anlamaq olar. Çünki İran-Ermənistan sərhədini rus sərhədçiləri qoruyur.
“Sünik”in rəhbəri ondansa gedib Ermənistan-İran sərhədinin erməni əsgərləri tərəfindən qorunmasının dərdini çəksin. İranla Ermənistanın bu bölgəsi arasında heç bir iqtisadi əlaqələrdən söhbət gedə bilməz.
Qafan acından ölən bir yerdir. Orada əhali də azdır. Ona görə işçi qüvvəsi və bazar yoxdur. İstehsal da yox dərəcəsindədir. İran bu əsasda Ermənistanla birlikdə ərazidə hər hansı bir iqtisadi layihəni gerçəkləşdirə bilməyəcək”.
Ekspert qeyd edir ki, İran burada heç nəyə nail olmayacaq:
“Tehranla İrəvanın iqtisadi cəhətdən bir-birinə kömək etmək imkanları sıfıra bərabərdir. İran bu kimi addımları ilə Zəngəzur dəhlizinin gerçəkləşməsinə mane ola bilməyəcək. Zəngəzur dəhlizi dünyanın qəbul etdiyi layihədir və onun arxasında ABŞ, Avropa, Çin və Rusiya kimi dövlətlər durur. İran bu gücün qarşısında dayana bilməyəcək”.