Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərində yeni yüksəklikləri nəzarətə götürdükdən sonra rəsmi Bakı 10 Noyabr Bəyanatının praktiki tənzimlənməsi üçün imkanlarını artırır.
Azərbaycan Bəyanatın 4-cü maddəsinin, qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması müddəası üzrə vaxtı və qaydaları konkretləşdirmək üçün aktivlərini çoxaldır. Bu, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 9-cu maddənin icrasına da əlavə stimul yaradır.
Texniki məsələlərin həlli üçün Azərbaycan Rusiya ilə danışıqları intensivləşdirə bilər. Beynəlxalq siyasət cəbhəsində isə hərbi-siyasi rəftarlarının hüquqa söykəndiyini göstərməyə davam etməlidir.
Azərbaycanı Qarabağda tələyə salmaq istəyənlər böyük miqyasda əziyyət çəkməkdə davam edirlər, çünki Bakı bir neçə hədəfi ard-arda sıradan çıxardı:
Birincisi: Rusiyanın Ruben Vardanyan planının “Qarabağ hissəsi” iflasa uğradı.
İkincisi: Azərbaycan Qarabağdakı ermənilərlə təması bərpa edərək Rusiyanın planlarındakı digər nöqtəyə də toxunaraq onu kənara atdı. Qərbin isə insan hüquqları üzrə manipulyasiyalarının yersiz olduğunu göstərdi.
Üçüncüsü: Nəhayət, hərbi-siyasi tədbirlərin davamı kimi Qarabağda və Şərqi Zəngəzurun Laçın istiqamətində yeni yüksəkliklərə nəzarəti ələ keçirdi.
Beləliklə, Rusiyanın və Qərbin Qarabağ ermənilərinin sülh, təhlükəsizliyini bəhanə edən tezislərini süquta uğratdı.
Lakin düşünmək olmaz ki, Rusiya və Qərb Qarabağla bağlı siyasətlərindəki ambisiyaları geri çəkəcəklər, əksinə, onlar daha da genişlənə bilər.
Bakı preventiv cavab olaraq reallıqları əlində olan imkanlar hesabına irəliyə aparmağı davam etdirəcək.
Proseslər və onun nəticələrində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi də, Rusiya da, Qərb də ortaq maraqlar hesabına platforma təsis edə bilərlər.
Bircə Ermənistanın manevr və imkanları dar çərçivəyə girir və İrəvanın regional arxitekturanın gələcəyi üçün həll yolları təqdim etmək imkanları heçə enir.
Resursları azalan Ermənistana hansı dövlət strateji kredit verəcək – yəqin ki, Azərbaycan bu suala cavab axtarışlarını İrəvanın siyasətini ayaqda tutmaq istəyən mümkün kanalları qapatmaq iradəsilə göstərir.
Bildirmək yerinə düşər ki, Ermənistanın dünyaya çıxışı üçün iki pəncərə var: İran və Gürcüstan.
Ancaq Gürcüstan Azərbaycan-Ermənistan mübahisələrində neytrallığını elan edib ki, bu da İrəvana sərf etmir. Çünki neytral olmaq Rusiyadan Ermənistana Gürcüstan üzərindən silah-sursat daşınmasını bloklayır. Ermənistanın yeganə ümid yeri İrandır. Lakin burada başqa bir təhlükə də çıxır.
İranın Ermənistanı diri tutmaq üçün ona silah-sursat verməsi artıq təəccüblü gəlmir.
İşin qarışıq tərəfi budur ki, Tehran Moskva ilə güclənən əlaqələrini əsas gətirərək İran vasitəsilə Rusiya silahlarının Ermənistana daşınmasına şərait yarada bilər.
Rusiyanın Ermənistana silah vermək ehtimalları yenidən münaqişə yaratmaq cəhdi kimi şərh oluna bilər.
Üstəgəl, mübahisəli məsələlərin tənzimlənməsi üzrə yeganə münsif olmaq səyləri kimi qiymətləndirmə almalıdır. Hər iki ehtimal və mümkün perspektiv risklər Azərbaycanı narahat etməyə bilməz. Buna görə də Azərbaycan silah trafikinə nəzarəti artırmağa və diplomatik-siyasi kanallar vasitəsilə İrəvana “barıt ixracı”nın qarşısını almağa çalışır.
Qərbin isə Ermənistana silah tədarük etmək imkanları yoxdur, çünki o silahların gətirilməsi fiziki baxımdan problemlər yaradır. Beləliklə, Ermənistanın müdafiə qabiliyyəti sarsılır və onun sülh üçün Bakının təkliflərini qəbul etməsindən başqa çarəsi qalmır.
Üstəgəl, Ermənistanın Azərbaycan-Türkiyə ittifaqına qarşı balanslaşdırıcı güc formalaşdırması çətin görünür.
Lakin nəzərə almaq lazımdır ki, Ermənistan təqdim edilən seçimləri də qəbul etmir.
Belə olan halda Azərbaycan genişlənən hərbi-siyasi tədbirlərini və danışıqlar üçün diplomatik arqumentlərini cavab olaraq ortaya qoyacaq.