Laçın şəhəri Heydər Əliyev prospekti 157 ünvanında yaşayan sakin ona burada verilən evin inşasında keyfiyyətsiz materiallardan istifadə olunduğunu, həmçinin tikintiyə etinasız yanaşıldığını, prosesin qaydalar çərçivəsində aparılmadığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, Fariz adlı şəxs bu barədə öz sosial şəbəkə hesabında kadrlar yayıb və evində aşkarladığını bildirdiyi nöqsanları sadalayıb.
Sözügedən şəxs qeyd edib ki, yenicə istifadəyə veriməsinə baxmayaraq evin fasadında çatlar meydana gəlib. O, həmçinin tikilinin bünövrəsinin də düzgün qoyulmadığını deyir.
Laçın sakini bildirir ki, tavan da düzgün izolyasiya olunmayıb və evi isitməkdə çətinlik çəkir. O deyir ki, tikinti zamanı istifadə olunmalı olan bəzi materiallar isə ümumiyyətlə yoxdur.
Sözügedən kadrları təqdim edirik:
Qeyd edək ki, daha əvvəl də Laçına köçürülmüş sakinlərdən bəziləri oxşar problemlərlə bağlı məlumat dərc edib, aidiyyəti qurumlara müraciət ünvanlayıblar.
Laçındakı evləri inşa edən “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov Yeniavaz.com-a bildirib ki, məsələdən məlumatlıdırlar.
“Sözügedən şəxs bizə müraciət etmişdi. Biz də onun şikayəti əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlamışıq. Onların mütəxəssisləri də gəlib baxış keçiriblər. Yaxın günlərdə bununla bağlı rəsmi məlumat yayacaqlar. Biz sözügedən sakinə suvaqda olan çatları, həmçinin digər problemləri aradan qaldırmaq üçün müraciət etdik. O isə bununla razılaşmır və evin tamamilə yenidən inşasını tələb edir. FHN-in rəsmi rəyi yazılı formada bizə çatanda, həmin rəy əsasında addımlar atılacaq”.
N. Əsədov qeyd edib ki, başqa belə müraciətlər də var və onlar aidiyyəti üzrə yönləndirilərək yerində həll edilir. O bildirib ki, evlər podratçı şirkətlər tərəfindən inşa olunur və buradakı nöqsanlara görə onlar məsuliyyət daşıyırlar:
“Hansı orada qüsur edibsə, o qüsuru öz vəsaiti hesabına bərpa edir”.
Qeyd edək ki, nizamnamə kapitalı 10 min manat olan “Bakı Abadlıq Xidməti” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazi, ev 8, m. 504-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Qasımov Binnət Əli Oqtay oğludur.