Tənzilə Rüstəmxanlı Boyat kəndində seçicilərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Növbəti görüş Boyat kəndində təşkil olunub. Görüşdə Tənzilə Rüstəmxanlının vəkilləri kənd ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.

Hər zaman olduğu kimi, bu dəfə də Tənzilə Rüstəmxanlı alqışlarla qarşılanıb. Açıq havada təşkil olunan görüşdə əvvəlcə dövlət himni səsləndirilib, daha sonra tədbiri açıq elan olunub.

Görüşü giriş sözü ilə açan öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında danışıb, kampaniyanın “Neftçala üçün birlikdə!” şüarı altında keçirilməsindən və mahiyyətindən söz açıb və seçiciləri layiqli namizədə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Sonra namizədin vəkilləri ictimaiyyətə təqdim olunub.

Onlar da öz növbəsində çıxışlarında Tənzilə xanımın 30 ildən çox olan ictimai fəaliyyətindən, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında ətraflı danışıb, Boyat kənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.

Daha sonra Tənzilə Rüstəmxanlıya çıxış edib. Ö, öz platforması haqqında məlumat verib. Xanım namizəd seçiləcəyi təqdirdə milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacağını, Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında bütün səy və bacarığını əsirgəməyəcəyini vurğulayıb.

Tənzilə xanım onlara millət vəkili olarsa, cəmiyyətin həssas qrupları olan şəhid və qazi ailələrinə xüsusi diqqət ayıracağını, problem və qayğılarını həll etməyə çalışacağını söz verib.

Sonra digər seçicilərin problemləri və təklifləri dinlənilib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə görüşləri davam edəcək.
 

Dünyapress TV

Xəbər lenti