Jurnalist Moldova prezidenti olmaq istəyir -
Jurnalist Nataliya Morari oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək qərarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, "YouTube" kanalında qərarını ölkədə dəyişiklik etmək istəyi ilə izah etdiyi bir video yerləşdirib.

Morari kampaniyasını "Dəyişiklik burada və indi" şüarı altında aparacaq.

"Ümidimizi itirdik, inamımızı itirdik. Amma biz hamının heyranlıqla danışdığı ölkəyə çevrilə bilərik. Biz daxili problemlərin həllinə cəmləşməliyik, uzaq gələcəklə bağlı boş vədlərə qulaq asaraq onilliklər gözləməyi özümüzə rəva bilməyəcəyik", deyə Natalya Morar bildirib.

Natalya Morarinin 40 yaşı var. O, jurnalist karyerasına Rusiyada başlayıb, 2007-ci ildə Moskva Dövlət Universitetinin sosiologiya fakültəsini bitirib. Daha sonra "The New Times" jurnalında işləməyə başlayıb, lakin 2007-ci ilin sonunda Rusiyaya girişi qadağan edilib. Qadağa yalnız 2012-ci ildə götürülüb.

Moldovada Nataliya Morari yerli TV8 kanalında siyasi tok-şousun teleaparıcısı işləyib. Onun proqramı 2021-ci ildə uşağının atasının məşhur sahibkar Vyaçeslav Platon olduğu məlum olanda bağlanıb.

Hazırda Böyük Britaniyada yaşayan Vyaçeslav Platon 2023-cü ildə Moskvanın Tverskoy Məhkəməsi tərəfindən Rusiyadan xarici valyutada olan 126 milyard rubldan çox vəsaitin qanunsuz çıxarılmasına görə qiyabi olaraq 20 il müddətinə maksimum rejimli koloniyaya məhkum edilib. Moldovada biznesmen axtarışa verilib - o, korrupsiya və dələduzluqda ittiham olunur. Bu il iş adamı "Phoenix Moldova" partiyasının yaradıldığını elan edib.

Morari artıq üçüncü qadındır ki, prezidentlik uğrunda mübarizə aparmaq istədiyini bəyan edir. Moldovanın hazırkı prezidenti Maya Sandu keçən il bunu söyləyib. Bu həftə Qaqauziyanın (respublikanın cənubundakı muxtariyyət) keçmiş rəhbəri İrina Vlah namizədliyini irəli sürmək qərarını açıqlayıb.

Ümumilikdə doqquz nəfər qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayıb - Maya Sandu, "Bizim Partiya"nın lideri Renato Usatii, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo, keçmiş baş nazirlər Vlad Filat və İon Çiku, keçmiş daxili işlər naziri Andrey Nastase, keçmiş xarici işlər naziri Tudor Ulyanovski, İrina Vlah və Nataliya Morari. Siyahı hələ yekun deyil. Bir aydan sonra ölkədə seçki kampaniyası başlayacaq.

Dünyapress TV

Xəbər lenti