“Laçını atıblar ortaya, bəlkə Rusiya Azərbaycandan başqa xahiş edir?”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatsa da, bir sıra suallar hələ cavabını tapmayıb.

Xüsusilə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı müzakirələr gündəmə gəlib. Lavrovun səfərinin nəticələri və digər məsələləri ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-nun suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Sergey Lavrovun Bakıda apardığı danışıqların bəzi detalları qarşılıqlı razılaşmaların əldə olunduğu qənaətini yaradır. Məsələn, Lavrov Rusiyanın vasitəçilyi ilə Azərbaycanın Ermənistanla müzakirələrin keçirilməsinə hazırdır. Ancaq onun Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına qarşı çıxması tərəflər arasında fikir ayrılığının qaldığını deməyə əsas verir. Sizcə, Lavrov Azərbaycandan hansı nəticələrlə döndü?
- Danışıqlarda Laçın məsələsi əsas mövzulardan biri olub. Əslində, Laçın mövzusunu həm Rusiya, həm də Qərb siyasətçiləri qəsdən uyğunlaşdırır. Söhbət nəzarət və “blokada”dan gedir. Azərbaycan Laçın-Xankəndi yoluna nəzarət etmək istəyir. Bu, yalnız bizim konstitusiya və qanunlarımızın, suverenliyimizin tələbləri ilə bağlı deyil. Çünki 10 noyabr Bəyanatında yer alan məsələlər öz həllini tapmayıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda hərbi biləşmələri mövcuddir. Azərbaycana qarşı mövqe tutan insanlar Ermənistana sərbəst şəkildə gedib-gəlir. Nəzarətin olmaması səbəbindən 10 noyabr Bəyanatının icrası ləngiyir. Ona görə də Lavrovun fikirlərində Zəngəzura aid tələblər yer almayıb. Bir bəndin yerinə yetirilməməsi digər məsələlərə də yenidən baxılmasına imkan yaradır. Beynəlxalq münasibətlərdə belə bir prinsip var-bu öhdəlik məni qane edirsə, onu qəbul edirəm, əgər qane etmirsə, ondan imtina etmək hüququm var. Bu baxımdan, Lavrovun mövqeyi tam zəifdir. Yəni Lavrovun açıqlaması Rusiyanın zəifliyini göstərir. Ona görə də Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulacaq. Buna heç kimin şübhəsi yoxdur. Digər tərəfdən, Moskva da, rəsmi Bakı da başa düşür ki, Azərbaycan bu yolda nəzarət-buraxılış məntəqəsi qursa, Rusiya heç nə etməyəcək. Əks halda, Rusiya ilə münasibətlər və Moskvanın Ukraynadakı müharibənin başlanmasından sonra bizim regionda formalaşmış maraqları təmin olunmayacaq.

Lavrov Bakıda sadəcəRusiyanın mövqeyini səsləndirdi. Ancaq bu, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsini təşkil etməyəcəyi anlamına gəlmir. Rusiya bunu istəsə də, istəməsə də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. İndi Lavrov yola nəzarət üçün texniki vasitələrdən danışır. Hesab edirəm ki, yüklərin daşınmasına və gediş-gəlişə nəzarət məsələləri öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən ünsürlər o məntəqəni tərk etməlidir.

- Amma Lavrov bildirdi ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması müzakirə olunmayıb və bu yolda hərəkət 10 noyabr Bəyanatına uyğun təmin edilməlidir. Buradan görünür, Rusiya Azərbaycanın belə bir təşəbbüsünə qarşıdır.
- Əslində, Lavrovun bu bəyanatı bizim xeyrimizədir. Bu, Qərbə ünvanlanmış siqnaldır ki, Rusiya nəzarət-buraxılış məntəqəsinin olmamasını istəyir. ABŞ və bəzi Qərb ölkələri də başa düşür ki, Rusiya bunu nə üçün edir. Mən inanmıram ki, yola nəzarət məsələsi tezliklə öz həllini tapacaq. Ancaq Azərbaycan bu prinsipial mövqeyindən dönməyəcək. Qeyd edim ki, sərhəddə nəzarət tam şəkildə bərpa olunmasa, qələbənin də əhəmiyyəti azalır. Ermənilər yaxşı başa düşür ki, bu yoldan münaqişəni davam etmək üçün alət kimi istifadə edirlər. Əgər bu alət onların əlindən alınsa, proses hansı istiqamətdə gedəcək.

Ümumiyyətlə, ölkənin tam sərhədləri olmalıdır. Mən təklif etmişəm ki, Kəlbəcər yolu Azərbaycanın qanunlarına uyğun olaraq, fəaliyyətə başlasın. Nəticədə biz “blokada” mifini dağıtmış olarıq. Azərbaycan bəyan edə bilər ki, kim istəyirsə Kəlbəcər yolundan istifadə edə bilər.

-Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan bu mümkündürmü?
-Şərti olaraq mümkündür. Onsuz da Zod tərəfdən yolu açmaqla Ağdərə istiqamətində hərəkəti təmin etmiş olarıq. Bu da taktiki baxımdan, bizim xeyrimizədir. Beləliklə, göstərməliyik ki, problemi yaradan Azərbaycan deyil. Ermənistana və Qarabağa gedən insan sərbəst keçə bilər.
- Heç kimə sirr deyil ki, Lavrovun səfərinin əsas məqsədlərindən bəlkə də birincisi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsinə nail olmaqdır. Müzakirələrdən sonra rusiyalı nazir bildirdi ki, Azərbaycan buna razılıq verib. Artıq deyə bilərikmi ki, Azərbaycan danışıqlarda iştiraka, Rusiya isə Vardanyanın “vurulması”na və Lavrovun dediyi kimi, Laçın yolunda texniki vasitələrin, yəni skaner avadanlığının quraşdırılmasına razılıq verib?

- Vasitəçilərin görüşü ilə bağlı süni stereotiplər yaradılır. Guya Praqa görüşü Soçi danışıqlarından fərqlənir və sairə. Görüş yerinin coğrafi baxımdan dəyişməsi heç nəyi dəyişmir. Bəyəm Praqda, yaxud Soçidə Azərbaycanın maraqları fərqlənir? Xeyr. Eləcə də Ermənistanın mövqeyi. Sadəcə olaraq, digər bir mövzu üst-üstə düşür. Bizə göstərmək istəyirlər ki, guya Qərb məsələni həll edəcək. Burada qarşıdurma süni şəkildə göstərilir. Onların təklfinin fərqini kimsə mənə deyə bilərmi?

-Sizcə, Azərbaycanla Ermənistan arasında danışıqların Blinkenin vasitəçiliyi, yaxud Brüssel formatı çərçivəsində baş tutması Rusiyanı narahat etmir?
- Bu narahatlığın bizim maraqlarımıza xeyri var? Yoxsa Blinken gedib Laçında nəzarət postu yaradacaq? Blinken Lavrovdan fərqli nə isə deyirmi? Xeyr. Yəni bu və ya digər formatın səmərəliliyi orada nümayiş etdirilən mövqedən asılıdır. Brüssel formatında, yaxud Soçi görüşündə Azərbaycanın xeyrinə nə isə deyildiyini mənə göstərsinlər. Azərbaycanın xeyri baxımından bu görüşlərin fərqi varmı? Mən bir mütəxəssis kimi bu fərqi görmürəm.

- Amma ötən il Brüssel formatı çərçivəsində sülh sazişinin mətninin hazırlanmasına dair Azərbaycanla Ermənistan arasında razılıq əldə olunmuşdu. Oktyabrın 31-də Soçi görüşündə isə Rusiya Azərbaycanın maraqlarına birbaş zidd olaraq, status məsələsini gündəmə gətirdi və hətta Qarabağın gələcək taleyinin qeyri-müəyyən müddətə təsirə salınmasını təklif etdi.

- Bu da bir nağıldır və stereotipin yaradılmasıdır. Vaşinqton sənədində də göstərilir ki, status məsələsinə baxılacaq. Mən həmin sənədə baxmamışam. Lakin bilirəm ki, orada yazılacaq ki, təhlükəsizlik və hüquqlar məsələsi müzakirə olunmalıdır. Bu da status deməkdir. Bizim üçün nağıl yaradırlar və istəyirlər ki, ona inanaq. Bəs deyirdilər sərhəddə Rusiya və Fransa müşahidəçiləri toqquşacaq? Halbuki, belə bir hadisə baş vermədi.

- O halda, Ermənistan nə üçün Qərbə üstünlük verir və Rusiyanın vasitəçiliyi ilə danışıqlardan yayınır?

- Yayınmır və müzakirələrə gələcək. Sadəcə olaraq, görüntü yaradır ki, Laçın-Xankəndi yolunu açmaq üçün Rusiya təzyiq nümayiş etdirməlidir. Əgər Paşinyan Rusiyanı qane etməsəydi, 2021-ci ildə generalların üsyanı olanda ona dəstək verərdimi? Paşinyan Moskvanı tam qane edir. Rusiya yaxşı başa düşür ki, Qərb Paşinyana təzyiq göstərir. O da öz manevrləri ilə vaxtı uzadır. Paşinyan hakimiyyəti Qərbpərəstdir və yaxşı başa düşür ki, Rusiyanın onları saxlamağa pulu yoxdur. Yəni bu oyunda Rusiyanın və Qərbin mövqeyi eynidir.

- Lavrovun bu səfərindən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş keçiriləcəkmi?

- Görüş baş tutsa da, heç nə dəyişməyəcək. Sadəcə olaraq, Rusiya müəyyən mesajlar vermək üçün bu məsələdən istifadə edir. Putinə lazım olanda özünü sülh tərəfdarı kimi göstərmək üçün bu mənzərəni quraşdırır. Bu da təbliğat məqsədi daşıyır. Hamı başa düşür ki, Ermənistandan Qarabağdakı cinayətkar rejimə dəstək olmasa, məsələ qısa müddətdə həll olunar. Amma bu, nə Rusiyaya lazımdır, nə Ermənistana, nə də Fransaya.

- Lavrov bildirib ki, Azərbaycan tərəfi danışıqlarda iştiraka hazırdır, Ermənistan hələlik yekun razılığını verməyib: “Hesab etmirəm ki, biz xidmətlərimizi təklif etməkdə çox israrlı davranacağıq”. Amma faktiki olaraq, Rusiya israrlı görünür. Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev İrəvana səfər edib, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı da olub. Bu baxımdan, Lavrovun israr etməyəcəyi barədə dediyi nə qədər səmimi səslənir?

- Söhbət görüşün coğrafi məkanından deyil, müzakirələrin gündəmində nəyin olmasından gedir. Əgər Ermənistan bundan qaçırsa, deməli, müzakirə mövzusu onu qane etmir. Ola bilsin ki, Lavrov Bakıda belə deyir, amma o biri tərəfdən Ermənistana deyir ki, sən danışılara gəlmə. Kim bilir? Biz həmişə məsələlərə nəticə etibarı ilə baxırıq. Amma onlar üçün bu prosesdir. Hər bir mərhələdə onlar üçün təbliğati və digər uduşlar lazımdır. Lavrov Qarabağ məsələsini həll etməyə və ya sərhədlərin delimitasiyası üçün gəlmir. Bəlkə sanksiyalar altında olan Rusiya Azərbaycandan başqa xahiş edir? Laçın mövzusunu atıblar ortaya, kim bilir ki, hansı məsələni müzakirə edir? Bizə göstərilən mənzərə heç də real vəziyyəti əks etdirmir.

- Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik formatını onlayn diplomatiya əvəz edir. Tərəflər sülh sazişinin prinsipləri ilə bağlı təklifləri bir-birinə onlayn qaydada göndərir. Belə olan təqdirdə vasitəçiyə ehtiyac varmı?

- Azərbaycanla Ermənistan arasında onlayn diplomatiya birinci dəfə deyil tətbiq olunur. Hələ 1994-cü ildə atəşkəs razılaşması faks mübadiləsi ilə əldə olunub. Bu da onlayn diplomatiyadır. Bu, sadəcə olaraq, texniki üsuldur. Vasitəçilik isə bizə deyil, Ermənistana lazımdır. Onlar vasitəçilik yolu ilə öz maraqlarını təmin etməyə cəhd göstərirlər. Ermənistan Qarabağa olan iddiasından əl çəkməyəcək. Ya biz onları bundan imtina etməyə vadar edə bilərik, ya da vasitəçilər. Vasitəçi ölkələr də bizə deyirlər ki, gəlin danışaq, çalışarıq onlara təsir edək. Eyni fikri Ermənistana da deyirlər. 30 il ərazində başa düşdük ki, bunlar boş və mənasızdır. Ona görə də vasitəçiliyin Brüsseldə, Soçidə, yaxud Vaşinqtonda keçirilməsinin fərqi yoxdur. Prosesin mahiyyəti dəyişməlidir.

- Ruben Vardanyan “post”undan kənarlaşdırıldı, amma Qarabağı tərk etmədi. Bu, Rusiyanın ev sahibliyi ilə danışıqların keçirilməsində yaranmış maneəni aradan qaldırdımı?

- Bu da təbliğat mifidir. Vardanyandan başqa Qarabağda yüzlərlə, bəlkə minlərlə cinayət törətmiş adam var. Biz nə üçün Vardanyanı qabardırıq? Daha doğrusu, bizim üçün onu ortaya atıblar. Vardanyanların Azərbaycan ərazisinə gəlib-getməməsi üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmalıdır. Ümumiyyətlə, Vardanyanın Qarabağda qalması bizim xeyrimizədir. Çünki bu, gərginlik mühitini daha da genişləndirir. Ermənilər arasındakı qarşıdurma daha da dərinləşir. Orada siyasi maraqlardan əlavə kriminal qruplar var. Onların öz gəlirləri, əmlakları var. Vardanyan isə gəlib deyir ki, mən bunlara rəhbərlik edəcəyəm. Onlar da sual verir ki, bəs biz burda kimik? Ona görə də maraqlar toqquşması baş verdi.

-Amma bu gərginlik həm də Rusiyaya lazmıdır...

-Bəli. Rusiya bu gərginılikdən Paşinyanın Qərbyönlü siyasətinə qarşı ideoloji silah kimi istifadə edir. Lakin Vardanyanın bir səhvi oldu. Rusiya elə zənn edirdi ki, Vardanyanı Qərb qəbul etməz. Qərb isə Vardanyanı qəbul etdi. Avropanın kütləvi informasiya vasitələri Vardanyanı çox ciddi istifadə etdi. Ona görə də Vardanyanı hədəfə gətirdilər. Rusiya da hiss etdi ki, Vardanyan Fransa və Avropa ilə əməkdaşlığa gedib öz oyununu oynayacaq. Bu layihə Rusiya xeyir gətirmədi. Çünki onlara elə layihə lazımdır ki, Qərbyönümlü fikirlər bölgədən uzaqlaşdırılsın. Çünki Rusiya gələcəkdə Qərblə siyasi alverə hazırlaşır. Təxminən Minsk Qrupu kimi format yaratmaqla bölgədə öz mövcudluğunu təsbit etməyə çalışırlar. O alver indi də gedir. Fransa və Rusiya bu və ya digər şəkildə əlaqədədir.

Dünyapress TV

Xəbər lenti