Millət vəkilindən Orta Asiya aydınlarına ÇAĞIRIŞ: SUSMAYIN!
“Sovet işğalı dönəmində Oljas Süleymanov, Çingiz Aytmatov kimi milli mübarizə, milli fikir adamları yetişdirən bir bölgənin aydını bütün geopolitik reallığa qarşı milli iradəni ifadə etməli idi”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili son günlər bir sıra türk dövlətlərinin Şimali Kipr Türk Respublikası ilə bağlı olan mövqelərinə münasibət bildirib.

T. Rüstəmxanlı xatırladıb ki, bir neçə gün öncə Özbəkistanın tarixi şəhərlərindən biri olan Səmərqənddə keçirilən “Avropa İttifaqı – Mərkəzi Asiya” sammitində qəbul edilən birgə bəyannamədə Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın – Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bildirməsi böyük təəssüf doğurdu:

“Zatən Mərkəzi Asiya ölkələrinin heç biri bu günə qədər Şimali Kipri rəsmən tanımamışdı. Yəni faktiki heç bir diplomatik vəziyyət dəyişmir. Amma bunu sənədlə təsdiqləmək türk Kipri, Türkiyə və bütövlükdə türk dünyası üçün diplomatik baxımdan arzuolunmaz bir hadisə idi. Hər bir türk üçün Şimali Kiprin tanınması məsələsi təkcə diplomatik deyil, həm də milli və ideoloji məsələdir. Bu kontekstdə Mərkəzi Asiyanın türk respublikalarının bu mövzuda susmaq əvəzinə açıq şəkildə yunan Kiprinin yanında olması qəbuledilməzdir”.

Müsahibimiz əmindir ki, Azərbaycan, təbii olaraq, Türkiyənin Şimali Kipr siyasətini dəstəkləyir və beynəlxalq platformalarda bu məsələdə susqunluq nümayiş etdirmir:

“Prezident İlham Əliyev bu məsələdə mövqeyi açıq və net şəkildə ifadə edib. Yeri gəlmişkən, dövlətimizin ifadə olunan bu milli qətiyyəti Türkiyə və Kiprdə böyük coşqun ilə alqışlanmaqla bərabər, həm də Azərbaycan adına hər birimizdə qürur hissi yaşatdı. Amma bu qürurla yanaşı Orta Asiya qardaşlarımız üçün üzüntü də var. Orta Asiya türk respublikalarının bu addımı atmasında Avropa İttifaqının, Rusiyanın, Çinin yoxsa İranın rolunun çox olduğunu demək çətindir. Amma reallıq odur ki, Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran-Rusiya tandemi, Çin supergücü tərəfindən məmnunluqla qarşılanır. Çünki Türkiyənin türk dövlətlərini bir çətirdə birləşdirməsi Tehran, Moskva və Pekini elə Paris qədər narahat edir”.

Milli Məclisin deputatı hesab edir ki, bu baxımdan Orta Asiya qardaş dövlətlərinin bu təzyiqlərlə üz-üzə qaldığının və dövlət başçılarının müəyyən məcburiyyətləri başadüşüləndir:

“Amma bütün baş verənlərə bu ölkələrin aydınlarının susqunluğu heç cür qəbul oluna bilməz. Sovet işğalı dönəmində Oljas Süleymanov, Çingiz Aytmatov kimi milli mübarizə, milli fikir adamları yetişdirən bir bölgənin aydını bu gün susmamalı, bütün geopolitik reallığa qarşı milli iradəni ifadə etməli idi. Bir neçə gün sonra Türk Dövlət Təşkilatları Azərbaycanda toplanacaq. Yeni dünya siyasi nizamında türk faktoru, Anadoludan Uzaq Şərqə “Türk zolağı” iqtisadi və siyasi baxımdan qarşısıalınmaz bir gücdür. Dövlət böyüklərimiz “XXI əsr türk əsri olacaq!” fikrini gerçəyə çevirəcək. Amma bu prosesdə aydınlarımızın susqunluğunu nə tarix, nə də gələcək nəsillər bağışlamayacaq”.
 

Dünyapress TV

Xəbər lenti