Ardını oxu...
Laçın alayının sabiq komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az əməkdaşıyla bu dəfəki söhbətində 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi ziddiyyətli məqamlara münasibət bildirib, bir sıra suallara aydınlıq gətirib.

-Arif bəy, yəqin ki, Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş, lakin sizdən fərqli olaraq həmin rayonların işğalıyla bağlı hələ 1994-1995-ci illərdə və 2002-ci ildə keçirilmiş məhkəmələrdə yalnız şahid qismində ziddiyyətli ifadələr verməklə qurtulmuş general Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsinə baxmısız?

-Bəli, dinləmişəm... Maraqlıdır, icazə verin, öncə mən sual verim, o müsahibə bir jurnalist kimi sizdə necə təəssürat oyatdı?

-Düzü, həmin müsahibəni dinlədikdən sonra qəlbimdə xeyli şübhələr oyandı ki, bəlkə biz bu 30 ildən çox müddətdə Elbrus Orucov haqqında səhv düşünmüşük, səhv yazmışıq. Bəlkə o doğrudan da Şuşa və Laçının düşməndən müdafiəsi üçün əlindən gələni edib, özü şəxsən müxtəlif mövqelərdə ermənilərlə qarşı-qarşıya savaşıb... Və sadəcə, müstəqil dövlətçiliyin yenicə qurulduğu ölkədəki mürəkkəb hərbi-siyasi durum səbəbindən, vahid komandanlığın olmaması səbəbindən həmin rayonlar işğal edilib...

Bəs siz bir hərbçi kimi hansı nəticəyə gəldiniz? 1990-cı illərdən bəri beyninizdəki Elbrus Orucov obrazında dəyişiklik olmadı ki? Və yaxud onunla yenidən polemikaya girmək arzunuz yaranmadı ki?

-Xeyr. Onun haqqında təsəvvürüm zərrə qədər dəyişmədi... Onunla üzbəüz müzakirəyə gəldikdə, Elbrus Orucov onunla polemikaya layiq olan bir persona deyil. Sadəcə, onu deyə bilərəm ki, Elbrus Orucovun danışdıqlarının hamısı yalandır. Və bundan sonra öz şəxsiyyətimə, qüruruma sığışdırmıram ki, onunla qarşı-qarşıya əyləşib, onun səviyyəsinə enib onunla söhbət edim. Amma ictimaiyyətə bir daha bir sıra həqiqətləri çatdırmaq xatirinə, əgər cəsarət etsə, onunla debata çıxmağa hazıram... Bilirsiz, əsində insanın, o cümlədən hərbçinin ağlı, insanlığı, kişiliyi onun haqqa bağlılığı ilə ölçülür. Bu adam isə yalan danışır. Və general paqonu daşıyan yalançı hərbçi heç yefreytorluğa da layiq deyil...

-Yəni deyirsiz ki, Elbrus Orucov özünün iddia etdiyinin əksinə olaraq Şuşa və Laçının müdafiəsi üçün heç bir iş görməyib? Şuşada, Kosalarda, Şırlanda erməni terrorçularıyla üzbəüz döyüşməyib?

-Yalnız bir faktı demək kifayətdir ki, Elbrus Orucovun Laçına, Şuşaya gedişinin əsl məqsədi aşkar olsun. Bu “briqada komandiri”, “Şuşanın komendantı”nın 3 saat öncədən məlumatlı olub ki, şəhərə hücum olacaq. Və orada olub müdafiəni təşkil etmək əvəzinə, Şuşaya hücum başlanandan 15 dəqiqə sonra minaatanları da götürüb şəhərdən 15-20 km məsafədə olan Kosalar kəndinə yollanıb... Hələ Şuşanın işğalı ərəfəsində isə yüzlərlə hərbçiyə ezamiyyət vərəqəsi verməsindən danışmırıq... Bilirsiz, nə qədər çalışsaq da, Elbrusa bəraət verməyə əsas yoxdur... Xahiş edirəm, hər kəs, Eynulla ilə müsahibəni kadrlarından Elbrusun görüntüsünü ayrıca çıxarıb diqqətlə onun simasına baxsın, görsün, o sifətdə milli təəssübkeşlik, milli qeyrət hissi, Vətən sevgisi görə bilir... Belə adamlara adətən deyirlər ki, buğda yeyib – cənnətdən çıxıb...

-Müsahibənin birinci hissəsinin sonunda Elbrus Orucovun öz dilindən tərcümeyi-halına qulaq asanda isə adamda ona qarşı bir rəhm, mərhəmət hissi oyanır ki, bu azərbaycanlı(!) sovet dövründə öz vətənindən Qazaxıstanın ilan mələyən çöllərinə faktiki olaraq deportasiya, sürgün olunmuş bir soydaşımızın ailəsində dünyaya göz açıb, ağır, əzablı uşaqlıq, yeniyetməlik keçirib. Və nəhayət, Rusiyada yalnız öz savadı, əziyyəti hesabına bir peşəkar hərbçi kimi yetişib...

-Bilirsiz, Elbrus Orucov bu “tərcümeyi-halı”nı danışmaqla millətimizin ürəyiyumşaqlığına “stavka” edib... Onun tərcümeyi-halı elə deyil... Əslində onun babaları Naxçıvanın Yuxarı Daşarx və Dərəkənd kəndlərindən Salyan rayonunun Çuxanlı kəndinə köçürülmüş kürdlərdən olublar. Sonradan onun atasını Qazaxıstana göndəriblər...

Amma Elbrus indi deyir, Kürdəmirdə doğulmuşam, 1990-cı illərdə isə deyirdi ki, Salyanda anadan olmuşam... Görünür, bu adamın 5-6 ədəd pasportu var. Birində Kürdəmirdə, o birində Salyanın Çuxanlı kəndində "doğulub"... Pasportunun birində o, ləzgi, digərində isə başqa millətdir... Bunların hamısı elə-belə deyil... Adətən “QRU” agentlərində belə olur... Elbrusa ağaları rusca danışmağı yaxşı öyrədiblər, amma bircə “səhv ediblər”, Azərbaycan türkcəsində danışmağı öyrətməyiblər ki, şeir desin, bayatı desin və çıxışları daha təsirli olsun... Yenə deyirəm, Elbrus Orucovun həyat yolu barədə bu çıxışı xalqımızın rəhmdilliyinə hesablanıb. Yəni rəhmdilli, ürəyiyuxa xalqımızın onun guya Qazaxıstan çöllərində yetim vəziyyətdə böyüməsini, əzablar, çətinliklər çəkməsini öyrəndikdən sonrabir soydaşımız kimi ona yazığı gələcək və Azərbaycana, Vətənə qarşı etdikləri unudulacaq... Onda gəlin biz də həmin “yazıq” Elbrus Orucova bir sual verək: “Sənin 60 yaşın var və onun 30-dan çoxunu Azərbaycanda yaşamısan. Bəs əgər bu Vətənə, bu xalqa sevgin varsa, heç olmasa, bu 30 ildə, o Şuşanın işğalı zamanı şəhid olanlarına, ayaqyalın, miniksiz şəkildə qaçqın düşən uşaq və qadınlarına guya canın yanan bu xalqın ana dilini niyə öyrənməmisən?.. Halbuki, hazırkı texnologiyalarla hər hansı dili cəmi 4-5 aya öyrənmək mümkündür... Sənin lazım olsa, buna maddi imkanın da var?..”

-Əslində bu, hər hansı bir insan, o cümlədən Azərbaycan vətəndaşı üçün qəbahət sayılmasa da, maraqlıdır: Elbrus Orucovun kürd mənşəli olmasını dəqiq bilirsiniz?

-Bəli, iki yüz faiz elədir... Özü də təkcə o deyil... O dövrdə belələri çox olub... Məhz Elbrus Orucovun iştirakıyla Şuşa və ardınca Laçın işğal olunduqdan sonra 1990-cı illərin məşhur “PKK” yetkilisi Vəkil Mustafayevin başçılığıyla bir qrup kürd separatçısı 1992-ci il iyunun 9-da Laçına gəldi və orada “Kürdüstan dövləti” elan etdilər... Axı Laçının, eləcə də Kəlbəcər, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal edilməsi həm də “PKK”-nın missiyası idi...

Yəqin, Elbrus Orucovun Gürcüstanda digər bir yüksək rütbəli hərbçimizlə birgə əxlaqsız işlərlə məşğul olub və kimlərəsə 3 min dollar borclu qalaraq “şöhrətini” hər yana yayıb dövlətimizin, ordumuzun adını “uca” tutmasını da unutmayıb?.. Onun orada olarkən nələr danışması, səs yazısının kimə göndərilməsini də, niyə vəzifədən uzaqlaşdırılmasını da, yəqin, yaddan çıxarmayıb?..

-Arif bəy, sizcə, Elbrus Orucov niyə o vaxtlar, Şuşa və Laçının işğalıyla bağlı məhkəmə gedən illərdə, yəni özü və fəaliyyəti haqqında gerçəklərin üzə çıxmasına, durulanmasına daha çox ehtiyacı olan bir vaxtda yox, yalnız həmin rayonların işğalından 30 il sonra, məhz indi Azərbaycan mediasına – Eynulla Fətullayevə müsahibə verdi?

-Birincisi, əslində 1990-cı illərdə onun belə bir müsahibəyə ehtiyacı yox idi... İkincisi, mən də sizə sual edirəm: “Sizcə, Eynulla Fətullayevin Elbrus Orucovdan məhz Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik, Türkiyə paşası Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi ərəfəsində müsahibə götürməsi və həmin təyinatdan sonrakı ikinci müsahibəsində Elbrusun Nəcməddin Sadıqovdan danışması təsadüfdürmü?”

-Hesab edirsiz ki, Elbrus Orucovun Eynulla Fətullayevə müsahibə verməsinin Bəxtiyar paşanın müşavir təyinatı ilə hansısa əlaqəsi var?..

(Davamı var)
 //moderator.az//
 

Ardını oxu...

 

 

 

 

 

 

İran hakimiyyəti ölkədə yaşayan bütün türk xalqları kimi, Qaşqay türklərinə qarşı da birmənalı münasibət bəsləmir, onlara qarşı ənənəvi işgəncə və zülm siyasətindən çıxış edir. İranı idarə edən molla rejimi onların hüquq və azadlıqlarını kobud şəkildə tapdalayaraq, assimilyasiya siyasətinə məruz qoyur. Lakin buna baxmayaraq, qaşqaylar onlara qarşı olan ədalətsizliyə, zülmə qarşı dimdik dayanır, öz mübarizələrindən geri çəkilmirlər.

İran hakimiyyətinin Türk xalqlarına qarşı assimlyasiya, riyakar və qəddar siyasəti, Qaşqay türklərinə göstərilən barbar siyasət və digər bu kimi məsələlər haqqında Qaşqaylı fəal Emad Hazrati KONKRET.az-a eksklüziv müsahibə verib.

– Qaşqay türklərinin sayı ilə bağlı dəqiq cavab vermək mümkün deyil. Bunun səbəbi isə İranda əhali sayının etnik qruplara görə nisbətinin tam olaraq açıqlanmaması və ya etnik qruplara görə əhali sayının sorğusunun keçirilməməsidir. İranda etnik qruplarla bağlı heç bir məlumat verilmədiyi üçün Qaşqay türklərinin sayı haqqında da rəsmi məlumat əldə etmək çətindir. Ancaq Qaşqay etnik qrupunun quruluşununa (tayfa, tirə, bonku, oba, ailə) və yaşadığı şəhərlərə baxsaq, İranda Qaşqay türklərinin 3 milyon ilə 4 milyon arasında bir nüfuza sahib olduğunu deyə bilərik. Digər tərəfdən də İran dövləti burada yaşayan türklərin gerçək sayını həmişə gizli tutmağa çalışır və bu sayın üzə çıxmasını yüksək səviyyəli təhlükəsizlik məsələsi kimi görür.

– İran hökumətinin Qaşqay türklərinə münasibəti həqiqətdə necədir?

– İran rejiminin qaşqaylara qarşı münasibəti həmişə düşmən və əzici bir baxışdan ibarət olub. Elxanlıq sistemi ilə idarə olunan Qaşqay birləşmiş ellərinin başçıları İran rejimi tərəfindən ya edam edilib, ya da sürgünə göndərilib. Nəhayətində bu türk topluluğu ilə rejim arasında heç bir zaman sülh olmayıb. Bu, istər Pəhləvi rejimində, istərsə də mövcud İran rejimində belə davam edib.

– İran hakimiyyətinin qaşqaylara qarşı ayrıseçkilik etməsinin, onları incitməsinin səbəbi nədir?

– Qısaca desək, qaşqayların Türk olması! İran molla rejimi Pəhləvi rejiminin davamı olaraq şəhərçilik – farsçılıq ideyasını qızışdıraraq Türklük və türklərə qarşı qalxan yaradıb. Məqsəd isə türklüyə qarşı mübarizə aparmaqdır. Buna görə də Qaşqay türklərini, Türk dünyasının ən Güneyindəki topluluq olaraq əzməyə və yox etməyə çalışırlar. Bunun üçün hər cür yola da əl atırlar: silahlı hücum, məcburi köç, məcburi yerləşdirmə və s. Ancaq ən uğurlu olduqları yol isə təhsil və assimilyasiya olub.

– Bu ayrıseçkilik özünü daha çox nədə göstərir?

– Ümumiyyətlə, Güney Azərbaycanda yaşanan zülmlər və haqsızlıqlar Qaşqayda da rejim tərəfindən yaşadılmaqdadır. Ancaq daha çox Qaşqayı türkləri dil mövzusunda daha ağır bir təzyiq altındadırlar. Sözdə Fars əyaləti İran İslam Respublikasının uydurulmuş tarixinin beşiyi olaraq bilinməkdədir, halbuki bu bölgələr türklərin əzəli yurdudur. Bu həqiqət rejimin irqçi mövqeyi ilə kəsişdiyi üçün Fars əyalətində yaşayan Qaşqay türklərini yox etmək üçün daha çox güc tətbiq edilir.

– Qaşqayların İran hökumətindən əsas tələbləri nələrdir?

– Qaşqayların ən böyük istəyi onlardan alınan torpaqları və haqlarını rejimdən geri almaqdır. Orta Şərqin ən zəngin torpaqlarına sahib olan Qaşqay türkləri asanlıqla müstəqil olaraq öz dövlətlərini qurub öz ölkələrində yaşaya bilərlər. Əslində, bu gün bu topluluğun gəldiyi nöqtə rejimdən heç bir şey tələb etməmək və müstəqillik uğrunda savaşmaqdır. Çünki bu faşist rejim heç bir zaman türklərə qarşı rəftarını dəyişdirməyib və dəyişdirməyəcək. Bizim adımızı belə dilinə gətirmək istəməyən bir düşüncədən nəsə tələb etməkdən söhbət gedə bilməz.

– Qaşqaylar bu zülmlərə qarşı necə mübarizə aparırlar?

– İndiyə qədər mövcud güclərin ortada olmamasına görə və Qaşqay türklərini himayəsi altına alan və doğrudan ona yardım etmək istəyən heç bir dövlətin onlarla əlaqəyə keçmədiyi üçün qaşqayların mübarizəsi sadəcə dil, ədəbiyyat və kültür sahələrində mümkündür. İran rejimi tək partiyalı bir diktatura olduğuna görə siyasi fəaliyyət üçün heç bir sahə mövcud deyil. Təəssüf ki, Şərq və Qərb dövlətləri tərəfindən maliyyələşdirilən bəzi satqınlar Qaşqay şüuruna rəhbərlik edib, onu idarə etməyə çalışırlar. Ancaq bütün bunlarla yanaşı, İrandan xaricə çıxan və özünü aydın sayan biz gənclər öz imkanlarımızla siyasi vebsaytlar, xəbər kanalları və digər bu kimi vasitələrlə millətimizi oyatmağa çalışırıq.

– Ümumiyyətlə, İran hökuməti türklərə niyə nifrət edir və onlara qəddar münasibət sərgiləyir?

– İran adlı bu ölkə türklər ilə düşmənlik siyasəti əsasında qurulub. Bu uydurma ölkənin Türk imperatorluqlarının üstünə çökməsi və bütün varlıqlarını saxta bir etnik ada müsadirə etməsi hər şeyi açıq-aydın ortaya qoyur. İranın çöküşü Turanın quruluşu deməkdir. Şərq və Qərbdəki güclər də bu həqiqəti bilərək Yaxın Şərqdə bu çirkin çibanı yaratdılar. Pəhləvi və İran rejimlərinin türklər ilə düşmənlik səbəbi Turan və Türk birliyinin reaalığıdır.

– İranda yaşayan bütün Türklər öz müqəddəratını həll edə biləcək?

– Tarix və təcrübə göstərir ki, heç bir toplum bir dövləti arxasına almadan istəklərinə çata bilmir və çata bilməyəcək də. İranda yaşayan türklərin çox güclü potensialı var və biz bunu onların əsrlərdir köhnəlməyən mübarizələrində görə bilərik. İnsan qaynaqları hər nə qədər güclü olsa da dil, kültür və ədəbiyyat baxımından hər nə qədər zəngin bir dağa sahib olsalar da dövlətsiz bir millətin sonu bəllidir. Ancaq bu türklər üçün bir dövlət qurularsa, əminliklə deyə bilərik ki, türk dünyasının ən uğurlu insanlarını bu torpaqlarda yetişdirə bilərik. Bizim millətimizin böyük bir parçası bu gün dövlət sahibidir. Azərbaycan və Türkiyə əslində bizim də dövlətimizdir, ancaq bu dövlətlərimizə bizim bir sözümüz var:

“Sizin torpaqlarınızın və millətinizin böyük bir ərazisi İran hakimiyyətinin işğalı altındadır. Onu azadlığa qovuşdurmaq üçün sizlər də özünüzü məsul görməlisiniz”.

Mərahim Nəsib,

KONKRET.az

 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin Kastus Kalinovski adına Belarus alayının komandirinin müavini Vadim Kabançuk UNİAN-a müsahibəsində Belarusda Rusiya texnikasının Ukrayna sərhədlərinə çəkilməsinin səbəblərini, Belarus hərbçilərinin müharibədə iştirak edib-etməyəcəyi ilə bağlı fikirlərini səsləndirib. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Bu yaxınlarda Rusiyanın Belarusa hərbi texnika ötürməsi ilə bağlı xəbərlər gördük. Eyni zamanda, Belarus da Rusiyaya avadanlıqlar göndərir. Bunu necə izah edərdiniz?

- Avadanlıqların niyə əvvəlcə Rusiya Federasiyasına getməsi adi adamlara həqiqətən tam aydın deyil. Bölməni hərbi texnika ilə təmin etmək üçün avadanlıq bölmənin daimi dislokasiya məntəqəsinə gəlməli, texniki xidmət və döyüş koordinasiyasından keçməlidir.

- Rusiya Federasiyasının kütləvi hücumlar üçün raketləri tükəndikdə Lukaşenkonun Putinə kömək etmək üçün hər hansı resursu varmı?

- Hərbi anbarlar Sovet dövründən bəri Belarusda qaldığından sursat Rusiyaya böyük miqdarda verilir. Düzdür, onlar köhnədir, ancaq var.

Rusiya Federasiyasının kütləvi atəşə tutmaq üçün istifadə etdiyi raketlərin istehsalına gəlincə, Belarusda belə raketlər yox idi. Baxmayaraq ki, bəzi ayrı-ayrı komponentlər yaratmaq üçün nələrisə dəyişdirə bilərlər. Məlumat var ki, Belarusun ikili təyinatlı məhsullar istehsal edən zavodlarına indi Rusiyadan sifarişlər çoxalıb. Onlar Rusiyanın müdafiə sənayesi üçün işləyirlər.

- Belarus ərazisindən rusların yeni işğal cəhdləri risklərini necə qiymətləndirirsiniz?

- Ukrayna-Belarus sərhədinin 1080 kilometr olması özlüyündə təhlükə yaradır. Putinə müttəfiq olan Lukaşenko rejimi mövcud olduqca bu təhlükə daimi qalacaq.

Fevralda birbaşa Kiyevə doğru hücum hər kəsin yadındadır. Sonra Lukaşenko rejimi rus diktatoruna hər cür dəstək verdi: maddi-texniki təminat, kəşfiyyat məlumatları, yaralı rus əsgərlərinin müalicəsi, hava buraxılış məntəqələri və s. Bu gün tamamilə mümkündür ki, onlar Rusiyaya qoşunla da dəstək olsunlar.

Belarusdan hücum Ukrayna paytaxtına ən qısa yoldur. Lakin Belarus ərazisindən hücuma keçmək qərarına gəlsələr, şübhəsiz ki, 2022-ci ilin fevralında olduğu kimi əməliyyat sürprizinə nail ola bilməyəcəklər. Demək olar ki, bir illik müharibədən sonra ukraynalılar şimaldan gələn yeni təhlükəyə yaxşı hazırlaşıblar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hadisələrin inkişafı üçün bütün variantları dəyərləndirməlidir. Əminəm ki, düşmən Kiyevə təkrar hücum etmək qərarına gəlsə, bu, onlara baha başa gələcək.

- Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri əmin edirlər ki, çox güman ki, heç bir hücum olmayacaq, ən pis halda Ukrayna qüvvələrinin fikrini şimalda yayındıra, bununla cənubda uğur qazana bilərlər...

- Prinsipcə, onlar Ukrayna qoşunlarını ləngitmək, hətta Rusiya hərbçilərinin Belarusda olması faktı ilə belə gərginlik yaratmaq üçün indi belə bir ssenarinin həyata keçirilməsinə çalışırlar.

Mən Ukrayna kəşfiyyatının dediklərinə inanıram: Belarus ərazisində Rusiya-Belarus birgə qruplaşmasının potensialı Ukraynaya zərbə endirmək üçün kifayət deyil.

- Belarus ərazisindən Ukraynaya yeni hücumun məqsədi nə ola bilər?

- Artıq bir çox analitiklər bildiriblər ki, hücum üçün iki mümkün hədəf var: Kiyevə hücum etmək və qərbdən logistika yollarını kəsmək. Digər mümkün təhlükə Rovno AES-in ələ keçirilməsidir.

- Baş Qərargah bildirir ki, Mozır, Qomel, Moqilev şəhərlərində Rusiya Federasiyasının səfərbər edilmiş hərbi qulluqçularının sayında artım qeydə alınıb. Hərbi komissarlıqlarda isə artıq hərbi xidmət keçəcək şəxslərin vəsiqələrini yoxlayırlar. Sizcə, Putin və Lukaşenko belə bir hücum üçün zərbə qüvvəsi yarada biləcəkmi?

- Bəli. Təəssüf ki, birgə qruplaşma yarada bilərlər. Putin artıq səfərbərdir və Lukaşenkoya təzyiq edir. Belarus diktatoru onun dediklərini edə bilər. Onda belə bir razılaşma ilə birgə qoşun qruplaşması yarada bilərlər.

- İndiyə qədər Belarusda insanlara kütləvi şəkildə çağırış vərəqələri göndərilir, lakin insanların əksəriyyəti onu geri göndərir. Yalnız bəzi hərbi mütəxəssislər qəbul edir. Ola bilərmi ki, bu, səfərbərliyə hazırlıq testidir. Yaxud Lukaşenko Putinin qarşısında yeni “tamaşa” nümayiş etdirir?

- Bu, narahatedici faktdır, çünki çağırış kütləvi şəkildə edilir. Artıq xəbərlər var ki, həkimlər çağırılmağa başlayıb. Xəstəxanalar hazırlanırsa, bu, hücumun yaxınlarda olacağı ehtimalını artırır.

Əldə etdiyimiz məlumata görə, qüvvələr artıq qismən müəyyən şəhərlərin yaxınlığında yerləşdiriliblər. Ancaq belə bir fərziyyə var ki, bu, Rusiya Federasiyasının hərbçilərinin müalicəsi üçündür. Çünki indi qrip mövsümüdür.

- Belarus hərbçiləri Rusiyanın yeni hücumunda iştirak edəcəklərmi?

- Təəssüf ki, Belarus ordusunun Rusiya ilə birlikdə işğalda iştirakı ssenarisi mümkündür. Ordu əmrə tabedir. Ona görə də şübhə etmirəm ki, əmr olarsa, Belarus ordusu onu yerinə yetirməyə başlayacaq. Yeganə sual odur ki, hücumda nə dərəcədə effektiv iştirak edəcəklər.

Belarus cəmiyyətindəki əhval-ruhiyyəni hamımız bilirik. Belarusluların 80 faizi Ukrayna ilə döyüşmək istəmir. Bu o deməkdir ki, hər on əsgərdən yalnız ikisi bizi məhv etmək istəyəcək, “rus dünyası”nın pərəstişkarıdır. Qalanları isə Ukrayna ordusu ilə döyüşə göndərilmə faktı ilə üzləşəndə ​​getmək istəməyəcəklər. İnsanlar səmimi olaraq başa düşmürlər ki, niyə ukraynalıları öldürməlidirlər? Putin və Lukaşenkoya görə? Üstəlik, onlar internetdə videonu da gördülər və 2022-ci ilin fevralında Kiyevə hücum edən rus işğalçı əsgərlərinin başına nə gəldiyini bilirlər. Əminəm ki, döyüşdən imtinalar və fərarilik olacaq. Hərbi texnika bilərəkdən sındırılacaq ki, sərhədə çatmasın... Və Belarus ordusu sərhədi keçən kimi darmadağın ediləcək.

- Bu, Belarusda mitinq və ya etirazlara səbəb ola, Lukaşenko rejiminin sonunu gətirə bilərmi?

- Bu gün Belarusda ölkənin 1937-ci ildən bəri görmədiyi terror dalğası davam edir. Hamı müharibədən çox qorxur, amma küçəyə çıxmaq beş il həbsə düşmək deməkdir. Ona görə də insanlar sadəcə çölə çıxmırlar.

Lakin hərbi əməliyyatın başlaması Minskdə yeni etirazlar dalğası üçün tətik ola bilər. Və ya quru əməliyyatı zamanı verilən ağır itkilər etirazlara səbəb ola bilər.

Yeni bir işğal halında Rusiya böyük uğursuzluqla üzləşəcək. Lukaşenko bundan çox qorxur. Çünki bu, onun hakimiyyətinin sonu demək ola bilər. Ordu dağılırsa, o zaman onun bütün bu illər ərzində əlində saxladığı güc aparatı da dağılmış olacaq. Lukaşenko hiyləgərdir, başa düşür ki, döyüşü kənardan seyr etmək daha yaxşıdır. Təbii ki, Putinin uduzacağını anlayır. Çünki Lukaşenko da hər kəs kimi anlayır ki, iqtisadiyyatı deqradasiyaya uğrayan, əhalisi spirtli içkilərə aludə olan ölkə bütün dünyaya qarşı müharibədə qalib gələ bilməz.

- Siz bu yaxınlarda dediniz ki, şimaldan hücum olarsa, Ukrayna tərəfində vuruşan belaruslar Belarus ordusu ilə qarşılaşmaq istəyirlər. Bu nədən qaynaqlanır?

- Bu, Ukrayna ordusunun komandanlığı bizi cəbhənin həmin sektoruna köçürmək əmri versə (əmrsiz hərəkət edə bilmərik) mümkün olacaq. Fiziki olaraq orada olub-olmayacağımızı şərh edə bilmərəm, buna komandanlıq qərar verməlidir.

Amma məsələ ondadır ki, belaruslar döyüşə girsə, onlarla dil tapacağıq. Onlara deyəcəyik: "Uşaqlar, gəlin burada dava edib bir-birimizi öldürməyək. Bizim tərəfə gəlin". Düşünürəm ki, insanlar ya kütləvi şəkildə təslim olacaqlar, ya da bizim tərəfə keçəcəklər. Biz bunu bilirik, çünki bəzi həmyerlilərimizlə danışıqlar aparırıq...

- Amma razılaşmasalar, onlara güllə atmalı olacaqsınız...

- Yaxşı, nə etməliyik? Razılaşmasalar, artıq həmvətənim iz yox, düşməndir. Rusiyanın işğalçı müharibəsinə qoşulub bizə güllə atacaqlarsa, biz də onlara atmalıyıq. Təslim olmaq istəsələr, məmnuniyyətlə qəbul edəcəyik.

Güman edirik ki, onlarla tez razılaşa biləcəyik. Amma yenə də Rusiya və Belarus təbliğatının dəhşətli yalanları öz işini görür. Təəssüf ki, bəzi insanlar bu yalan təbliğatına inanır.

-Təbliğata qarşı mübarizə demişkən, niyə Kalinovski alayının nümayəndələri Volın vilayətinin yerli hakimiyyət orqanları ilə bu mövzunu müzakirə etmək qərarına gəldilər?

- Belarus ordusunun əksəriyyətinin müharibə istəmədiyindən danışdıq. İstilanın qarşısını almaq üçün onlarla informasiya işinin aparılması vacibdir. Məsələn, Belarus ərazisində proqramlar yayımlayan radiostansiyaların köməyi ilə bunu etmək olar. Səhv etmirəmsə, Donbassda televiziya yayımı sahəsində belə işlər artıq həyata keçirilib. Bundan əlavə, sərhədyanı rayonların yerli hakimiyyət orqanları həmişə belarusların baxdığı saytlarda məqalələr yerləşdirə, həqiqətləri onlara çatdıra bilərlər.

Başa düşürük ki, alayının potensialı potensial işğal yerlərinin qarşısını almaq üçün kifayət etmir. Sonradan döyüşməkdənsə, Belarusun işğalının qarşısını almaq daha yaxşıdır.

- Kastus Kalinovski alayı bu yaxınlarda Belarus kiberpartizanları ilə birləşdi. Bu barədə nə fikirləşirsiniz?

- Kiberpartizanlar Putin və Lukaşenko rejimlərinə qarşı işləyən hakerlərdir. Biz onlarla koordinasiya edəcəyik. Söhbət kiberməkanda Belarus və Rusiyaya qarşı hücumlardan gedir ki, bu da indi daha məhsuldar olacaq. Məsələn, rejimi dəstəkləyən strateji müəssisələr və ya obyektlər var. Onlara kiberhücumlar Belarusun işğaldan azad edilməsinə xidmət edəcək.

Kiberpartizanlar bir qrup fəaldır. Düşünürəm ki, onlar əməkdaşlığa kifayət qədər açıqdırlar. Kastus Kalinovski alayı isə milli Belarus layihəsidir. Burada təkcə Ukrayna ordusunun “Xarici legionu”nun tərkibində döyüşən belaruslar iştirak etmir. Bu, sadəcə bizim oğlanlardan bəziləridir. Kalinovski alayına həmçinin işə qəbul mərkəzinin və patronaj xidmətinin nümayəndələri, Belarus və hətta Avropadakı insanlar daxildir. İndi isə bu sistemdə kiberpartizanlar öz yerlərini tutublar. Biz alayı yeni Belarus ordusunun prototipi adlandırırıq.

- Belarus vətəndaşları bu gün məsələn, alaya qoşulmaq üçün ölkəni tərk edə bilərmi?

- Bəli. İnsanlar repressiya təhlükəsi üzündən qaçır, çünki 2020-ci il etirazlarında cəmiyyətin əsas hissəsi iştirak edib. Buna görə də indi Polşada və digər Avropa ölkələrində daha çox belarus var.

Kişilərin Belarusdan çıxmasına icazə verilməməsi ilə bağlı hələ bir məlumatım yoxdur. Alayımıza isə yeniyetmələrin axını davam edir, rotasiya prosesləri gedir. Belaruslular Ukraynaya gəlməyə davam edirlər.

Ardını oxu...
“Bu söz-söhbətləri mən bilərəkdən yaratmamışam. Elgizin verilişində həssas vaxtıma düşdü. İnsanıq, içində saxlayırsan, saxlayırsan və bir gün deyirsən. Söz sözü çəkər də. Mən də neçə illərdir ürəyimdə bunu saxlayırdım, demirdim. Kəmalə ilə dost yox, sənət dostu olmuşuq, yaxınlıq etmişik, o dərdini mənimlə, mən də onunla bölüşmüşəm. Fəxri ad alanda bir Allah bilir ki, onu necə ürəkdən təbrik etdim. Kimlərsə fəxri ad alanda bu böyük stress keçirirdi. Deyirdim ki, ay qız sən Kəmalə Rəhimlisən ee! Ona deyirdim ki, şəxsən mən fəxri ada görə sənətə gəlməmişəm. Ruhəngiz Musəvi kimi tanındım. Hamı kimi mənim də öz sevənlərim var. Ona deyirdim ki, yaxşı mövzularla efirə çıx, sən xanım-xatun müğənnisən. Bir Allah şahiddir ki, ona yaxşı məsləhətlər vermişəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi Kəmalə Rəhimli ilə qalmaqalına münasibət bildirərkən deyib. O, daha sonra əlavə edib.

“Mənim adım indiyə qədər qalmaqallarda hallanmayıb. Məni gözü götürmür. Həmişə deyirdilər ki, Ruhəngiz xanım, ola bilməz ki, sizi hamının gözü götürsün. Deyirdim ki, kimin məndə nə işi var?! Çıxıb efirdə qarğış edirsən! Ayıbdır! Özünü verilişə dəvət etdirmək istəyib, telefonda həmin aparıcı ilə danışıb və o aparıcı da deyib ki, bizlik deyil, şirkətin rəhbəri var. Mən həmişə bütün kanallara problemsiz çıxmışam” deyə o bildirib.

Ruhəngiz Musəvi həmkarının “Mən sənətə çimərlik geyimində gəlməmişəm” sözlərinə də münasibət bildirib.

“Mən tarixdə qalmışam. “Baladadaşın ilk məhəbbəti” filmini rejissor Fikrət Əliyev 1974-cü ildə çəkib. Orada çimərlik geyimində çəkilmişəm, əcəb etmişəm. Çimərlik geyimi də əynimə pis yaraşmayıb. Çünki arıq qız olmuşam. İnanın sənətə bu gün gələn gənclər mənə deyir ki, biz gözümüzü açıb sizi görmüşük. Bundan gözəl nə ola bilər?! Leyla Bədirbəyli mənə deyirdi ki, sən film üçün yaranmısan. Sən mənim çəkildiyim filmləri təhqir edə bilməzsən. Hansı ki, özü dəfələrlə zəng edib deyirdi ki, nə gözəl filmdir. Burda belə deyirsən, efirdə çıxıb başqa deyirsən” deyə aktrisa bildirib.

Ruhəngiz Musəvi aparıcı Elgiz Əkbərə də sözünü dediyini bildirib.

“Elgiz Əkbər dünən məni verilişinə dəvət edib dedi ki, gəl bir mahnı oxu get. Xəbərim yox idi ki, yenidən bu mövzunu davam etdirəcəklər. Ay Elgiz, bunu baxın da kimə edirsən. Sən axı məni tanıyırsan. Sabah mənə bir şey olsa siz mənə baxacaqsız? Orada ekspert qismində gözəl aktrisamız Kübra xanım da oturmuşdu. Deyir ki, barışın. Elə insanla kim barışar?! O öz səviyyəsini göstərdi. Qarğışın iki başı var” deyə o bildirib.
Ardını oxu...
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel: “Açılması planlaşdırılan ortaq universitetimiz qurulmuş olsaydı, bir çox azərbaycanlı gənc Türkiyəyə getmək ehtiyacı hiss etməyəcəkdi. Bu universitetin bir an öncə qurulması üçün nə lazımdırsa, etməliyik”.

Hər il ölkəmizdən yüzlərlə gənc Türkiyə ali məktəblərində təhsil almağa gedir. Qardaş ölkə “Oxumaq istəyən hər bir gəncə qapımız açıqdır”, - sözləri ilə yanaşı “Oxumayanlara heç bir güzəşt yoxdur”, - fikirlərini də şərt kimi irəli sürür. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel “Kaspi” qəzetinə müsahibəsində azərbaycanlı gənclərin Türkiyədə təhsili, peşə təhsili, dünyada müasir təhsilin vəzifələri və s. mövzularda sualları cavablandırıb.

Təhsildən keçməyən yol məyusluğa aparar

- Adətən ölkələr arasında ikitərəfli münasibətlərdən danışarkən daha çox iqtisadi əlaqələri, ticari münasibətləri, investisiya yatırımını önə çəkirlər. Bəs dövlətlərin qarşılıqlı münasibətlərində təhsilin rolunu necə xarakterizə edərdiniz?
- Dediyiniz bir-birləri ilə qan və irq bağı, qonşuluq tarixi, ortaq dəyərləri olmayan dövlətlərə aiddir. Onlar öz xeyirlərini, iqtisadiyyatlarının mənfəətini düşünərək bir-birləri ilə əlaqə qururlar. Türkiyə dövlətinin Azərbaycanla ilk gündən təhsil yönümdən də, iqtisadi yöndən də mütləq əlaqə qurmağı, yardımçı olmağı gərəkli idi. Təhsil isə münasibətlərdə başda durur. “Təhsildən keçməyən yol məyusluğa aparar” kimi bir məsəlimiz var. Təhsilsiz toplumlar məhvə məhkumdur. Bu baxımdan, bizim iki ölkə arasında elm və təhsil yönümündən də əlaqənin üst səviyyədə olması təəccüb doğuracaq bir durum deyil. Hətta bir-birimizə ən çox da bu mövzuda yardımçı olmağımızın vacibliyini düşünürəm.

28600-ü keçən rəqəm

- Bu yaxınlarda “Kaspi” qəzetində Türkiyədə təhsil alan 27 min tələbənin problemləri haqqında məqalə dərc olundu. Bizim gəncləri Türkiyə təhsilinə cəlb edən əsas məqamlar hansılardır?
-Türkiyə son illər dünyanın dörd bir yanından bir çox tələbənin tibb, mühəndislik, pedaqogika, iqtisadiyyat və s. sahələr üzrə təhsil aldığı məkandır. Türkiyə təhsili dünyadakı universitetlərlə rəqabət aparacaq səviyyəyə çatıb. Bir çox universitetimizin artıq texnoparkları var. Universitetlərin yüksək səviyyəli laboratoriyaları fəaliyyətdədir, ciddi mənada araşdırma mərkəzləri mövcuddur. Bu mənada azərbaycanlı tələbələrin də Türkiyədə oxumaq istəkləri təəccüblü deyil. Bunu xüsusilə qeyd edim ki, Türkiyədəki iqtisadi şərtlər və təhsilin ucuz olması da cəlbedici faktordur. Yəni Türkiyədə xarici ölkələr üçün təhsil sahəsində imkanlar genişləndirilib. Ancaq biz Azərbaycanı əcnəbi ölkələr sırasında görmürük. Azərbaycandan övladlarımızın Türkiyəyə gəlməsi çox gözlənən haldır. Türkiyənin 81 bölgəsində universitet var. Bu ali məktəblərin hamısında Azərbaycandan gələn tələbələr oturumlarını çox rahat ala bilirlər. Səyahətləri də çox rahat olur. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 28600-ü keçib. Bu rəqəm artmaqda davam edir.

Müasir peşələrə yüksək maaş təklifi

- Son illər Türkiyədə tələbələr əmək bazarının şərtlərinə daha çox cavab verən hansı sahələrə üz tutur?
- Hazırda kompüter, dəzgah, elektrik mühəndisliyi kimi sahələr gənclər üçün son dərəcə cəlbedicidir. Bu sahələrdə oxuyan tələbələr böyük şirkətlərdə çox rahatlıqla yüksək maaşla iş tapa bilirlər. Bununla yanaşı, texnoloji dövrdə metallurgiya, sənaye mühəndisliyi kimi sahələr də daha çox tövsiyə edilir.

- Hazırkı dövrdə peşə təhsili əmək bazarı üçün vacib amildir. Bizim ölkəmizdə bu sahənin inkişafı diqqət mərkəzindədir. Bəs Türkiyədə bu sahə müasir əmək bazarı ilə uzlaşırmı?
- 1996-97-ci illərdə İmam Hatib liseylərini bağlamaq bəhanəsi ilə Avropa İttifaqı ölkələrinin Türkiyənin peşə təhsilinin keyfiyyətindən narahatlıqları bu sahəni zəiflətdi. O dönəmdəki təsirlərdən sonra son 20 ildə peşə təhsili ilə bağlı hökumətimiz lazımlı işlər həyata keçirir. Türkiyənin təhsil naziri peşə təhsilinə xüsusi diqqət göstərir. Peşə təhsil mərkəzlərində oxuyanların sayı 60 minə qədər enmişdi. Bu gün isə peşə təhsili mərkəzlərində 1 milyon 200 minə qədər tələbə təhsil alır. Eyni zamanda 20-ə yaxın bölgədə fəaliyyət göstərən texniki universitetlər var ki, onlar da peşə təhsili tədris edir. Peşə təhsilində zamana uyğun dəyişikliklərdən müntəzəm istifadə edilməsi, işsiz qalan gənclərin peşə təhsilinə yönləndirilməsi istiqamətində işlər daha da genişləndirilməlidir. Bu bilikləri verən universitetlərimizdən istifadə etmək istəyən azərbaycanlı tələbələr üçün heç bir sərhəd yoxdur. Yetər ki, bu sahədə də təhsil almaq istəsinlər.

Keçmişdə yaxşı olmayan bacarıqlar

- Azərbaycanda da təhsil alan türk tələbələr kifayət qədərdir. Onlar əsasən hansı sahələrdə oxuyurlar?
- Türkiyədən gəlib Azərbaycanda təhsil alan tələbələrin 90 faizə yaxını tibb, əczaçılıq, stomatologiya sahələrində oxuyurlar. Buna səbəb Türkiyədə bu ixtisaslar üzrə tələbə qəbulunda rəqabətin çox yüksək olmasıdır. Bəzi tələbələr var ki, tibb üzrə təhsil almaq istəyirlər, amma balları az olduğundan buna nail ola bilmirlər. Dövlətin dəstəyi ilə onların bir qismi Azərbaycanda, bir qismi Balkanlardakı bəzi ölkələrdə təhsil alırlar. Azərbaycanda təhsil alan tələbələrimizin sayı 3100 nəfərə yaxınlaşıb. Onların bir qismi Azərbaycan Tibb Universitetində, Gəncə və Naxçıvan universitetlərində əczaçılıq və diş həkimliyi sahələri üzrə təhsil alırlar. Təəssüf ki, əvvəl Azərbaycanda təhsil alan tələbələrimizin bir çoxu diplom təsdiqini almaqda çətinliklə üzləşirlər. Çünki Türkiyə dövləti dünyanın harasında olursa-olsun, tibb təhsili alan vətəndaşlarının ölkəyə qayıtdıqdan sonra mütləq diplomlarının təsdiqini həyata keçirir. Bunun üçün imtahan təşkil edilir. İmtahandan keçənlərin diplomu tanınır, keçməyənlərə fərqli dərslər, klinik təcrübə keçmə və ya dərs tamamlama kimi proseduralardan keçmələri ilə bağlı sənəd verilir. Təəssüf ki, bu mövzuda keçmişdə problemlər var idi. Amma bu yaxınlarda Tibb Universitetinin rəhbəri ilə görüşümdə o, bu təhsil ocağında təhsil səviyyəsini dünya standartlarına çatdırma istiqamətində çalışdıqlarını böyük bir sevinclə bildirdi. Bunlar həyata keçirildikdə bizim tələbələrin də həmin bacarıqlara yiyələnəcəyini düşünürəm.

- Türkiyədə təhsil almaq istəyən tələbələri Türkiyə dövlətinin verdiyi tələbə təqaüdü (burslar) da çox maraqlandırır. Bu təqaüdü qazanmağın şərtləri hansılardlr?
- Bizdə Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi fəaliyyət göstərir. Başda Azərbaycan olmaqla dünyanın dörd bir yanında bizə yaxın olan cəmiyyətlər var. Oradakı tələbələrə də Türkiyə Cümhuriyyəti dövlətinin imkanları çərçivəsində təqaüd verilməkdədir. Təqaüd verilməsi üzrə hər sahədə bəlli saylar müəyyənləşir. Amma hər müraciət edənə də təqaüd verilməsindən söhbət gedə bilməz.

Müsafir tələbələr də yataqxanada qalacaq

- Vətəndaşlarımızın Türkiyə təhsilindən məmnunluğu öz yerində, amma valideynlərin və tələbələrin narazı qaldıqları məqamlar da var ki, zaman-zaman eşidilir. Məsələn, təhsil haqqının artması, yataqxana (yurd) yerlərinin çatışmaması, nəqliyyat xərclərinin yüksək olması və s. Türkiyədə təhsil alan və bu arzuda olan gənclərimiz “Daha hansı güzəştlər ola bilər”, - deyə maraqlanırlar.
- Biz Türkiyədə təhsil alan bütün tələbələri “əcnəbi” yox, “müsafir tələbələr” (qonaq) adlandırırıq. Diqqət etsəniz, dövlət başçımız da belə deyir. Yataqxanalarla bağlı problem pandemiyadan sonra tələbələrimizin bir çoxunun dövlət yataqxanalarına müraciət etməsi ilə bağlı yarandı. Bizdə 8 milyona yaxın tələbə var. Onların çoxu yataqxanada qalmaq istədikdə, xaricdən gələn tələbələr üçün həmin il problem yaşandı. Onu da deyim ki, Türkiyə tələbə yataqxanalarının tutumuna görə dünyada birincidir. Dövlətimiz 400 minə yaxın tələbəyə ev sahibliyi edə bildi. Kimini yataqxanalara yerləşdirdi, kiminin problemini binaları kirayəyə götürüb yataqxanalara çevirməklə həll etdi. İstər Türkiyə vətəndaşı, istər müsafir tələbə olsun, müraciət edənlərin demək olar ki hamısını yataqxanalara qəbul etdilər. Bəzi regionlarda tədris ilinin əvvəlində yataqxana problemi çözülə bilmədi. Hazırda onlar da tədricən həll edilir. Bundan sonra inanıram ki, müsafir tələbələrimizin də hamısını qonaq edəcəyik. Təhsil haqlarının yüksək olması ilə bağlı fikirlərə gəlincə, qiymətlərdə dollarla müqayisədə artım olmayıb. Amma türk lirəsinin dollar qarşısında dəyər itirməsi ilə bağlı problem yaşanır.

- Azərbaycanla Türkiyə arasında təhsil sahəsində daha hansı yeniliklər gözlənilir?
- Azərbaycana iki aydır gəlmişəm. Düşünürəm ki, iki qardaş ölkə başda təhsil olmaqla sonuna qədər bir-birinə yardım etməlidir. Bizim ölkəmizdə də, burada da xaricilərin açdığı məktəblər var. Eyni zamanda, Türkiyə dövlətinin açdığı Bakı Anadolu Liseyi və açılması planlaşdırılan ortaq universitet layihəsi var. Mən bu layihəni həyata keçirən dövlət başçılarımıza müdrik və strateji düşünmələri üçün təşəkkür edirəm! Amma məmurlarımızın da bu layihələrə dəstək verməli olduqlarını düşünürəm. Bu universitet qurulmuş olsaydı, bir çox azərbaycanlı gənc Türkiyəyə getmək ehtiyacı hiss etməyəcəkdi. Bu universitetin bir an öncə qurulması üçün nə lazımdırsa, etməliyik.

Təhsilin təməl hədəfi

- Təkcə bilikli yox, həm də bacarıqlı, düşünə bilən insan yetişdirmək müasir təhsilin əsas məqsədlərindən biridir. Təhsil mühitimiz buna nail ola bilirmi?
- Olmalıdır… Çünki hikmət, düşünmə elmdə ən önəmli irfan qaynağıdır. Mənə görə təhsilin ən təməl hədəflərindən biri bu olmalıdır. Amma bunu nə qədər bacara bilirik? Təkcə Türkiyə üçün yox, dünya üçün deyirəm: əgər bu hikməti yaxalaya bilsəydik, bu qədər problem yaranmazdı. Dünyada mənfəətə, pul qazanmağa söykənən, iqtisadi istiqamətli sahələr inkişaf edir, amma sosial elmlərdə bunu görmürük. Cəmiyyətlər bir-birinə qarşı qərəzli hala gəldi, dünyada münaqişələr çoxaldı. Sosial mediada qeyri-insanı, qeyri-əxlaqi, elmdən, hikmətdən uzaq davranışların daha çox olduğunu müşahidə edirik. Bunun dünya üçün bir problem olduğunu düşünürəm. İnsanlıq bir ailədir. İnsan olaraq rənglərimizin fərqli olması bir-birimizi aşağılamağa və ya məhv etməyə haqq vermir. Qapı və ya ölkə qonşumuz, ümumən insanlıq yardıma, köməyə möhtacdırsa, onlara mütləq dəstək olan, hörmət göstərən gənclik yetişməlidir. Gələcək belə olmalıdır. Amma bu mövzuda təhsilin bütün dünyada uğurlu olmadığını görürük.

- Texnologiyaların təsiridirmi?
- Bu fikri qəbul etmirəm. Məncə, problem verdiyimiz təhsilin sosioloji anlamdakı problemlərin həlli məntiqində olmamasındadır. Və ya irqçiliyə dayanan təhsilin verildiyi qənaətindəyəm. Bu iki məqam güclü olanın haqlı olduğu bir dünya düzəni yaşamağımıza səbəb olub. Bu, bir təhsil problemidir. Bu, qətiyyən texnologiyalarla əlaqələndirilməli bir problem deyil. Texnologiya bizim istifadə etdiyimiz alətdir. Təəssüf ki, istər sağlıqla bağlı, istər təbii fəlakətlərdə ölkələr insana və insani dəyərlərə yatırım etmirlər. Savaş texnologiyası isə sürətlə inkişaf edir. İqtisadi anlamda dünyanın qanını içmək istəyənlərin zərurət olmayan bir çox istiqamətlərdə fəaliyyətləri həyata keçirilir. Peyğəmbərin bir hədisi-şərifi var: “Savaşlarda məscidlərə, heyvanlara, ağaclara, bitkilərə, yaşlılara, qadınlara, uşaqlara zərər verilməməlidir”. Təəssüf ki, bu gün dünyanı idarə edənlər buna fikir vermirlər. Ukraynadakı savaşa, ermənilərin Qarabağda törətdiklərinə baxdıqda bunu aydın görürük. Başda təhsil olmaqla insanlığın bu istiqamətdə formalaşması gərəkdir.
 
Ardını oxu...
Ekspert: “Azərbaycan torpağını Ermənistan ərazisinə yapışdırmaq cəhdi regionumuz üçün yaxşı heç nə vəd etmir”

“Mümkündür ki, İrəvan gələcəkdə Qarabağın təhlükəsizliyini təmin etmək üçün Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq başqa variantları nəzərdən keçirməli ola bilər”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan “müşahidəçilərin və ya sülhməramlıların beynəlxalq mandatını müzakirə etmək üçün beynəlxalq tərəfdaşlarla ciddi söhbəti” zəruri hesab edir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 12 üzv dövlətinin müşahidəçiləri mümkün variantı ola bilər.

Çox maraqlıdır, erməni tərəfi nəyə ümid edərək belə bəyanatlar verir? İrəvan mənaca eyni niyyətli bəyanatları artıq dəfələrlə səsləndirib. Amma ortaya sual çıxır: Ermənistan rəhbərliyinin bu istəklərini təkcə sözdə, müraciət və qətnamələrlə deyil, əməli hərəkətlərlə qarşılamaq istəyən olacaqmı? Və bu gün Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaq və onların yerinə başqasını gətirmək üçün kiminsə təsirli rıçaqları və alətləri varmı? Kim buna icazə verəcək? Azərbaycan? Mümkün deyil. Simonyan da, Ermənistanın digər siyasətçiləri də bunu başa düşməlidirlər. Onda bu boş istəkləri niyə səsləndirirlər?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

– Birincisi, Alen Simonyanı əsl siyasətçi adlandırmazdım. Əsl siyasətçi buludlarda uçan deyil, siyasətlə peşəkarcasına məşğul olan adamdır. Ermənistanda rəhbər vəzifə tutan bu şəxs münaqişəni beynəlmiləlləşdirmək cəhdləri ilə vəziyyəti gərginləşdirmək və daha çox problemlər yaratmaqdansa, öz dövlətinin əsl mənafeyini rəhbər tutmalı idi.

Müşahidəçilərin və sülhməramlıların beynəlxalq mandatı ilə bağlı bu sözləri dövlət rəsmisi – Ermənistan parlamentinin spikeri səsləndirib. Bəs Ermənistanın Azərbaycan ərazisinə nə aidiyyatı var? “Artsax”, “Dağlıq Qarabağ”, Qarabağ – onların necə adlandırmasından asılı olmayaraq, bu ərazi Azərbaycanın tərkib hissəsidir. Təbii ki, heç bir aidiyyatı yoxdur.

Əsl siyasətçi ilk növbədə öz millətinin mənafeyindən çıxış edərək, beynəlxalq hüquq normalarına arxalanaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmalıdır. Növbəti addımının necə olacağını proqnozlaşdırmaq mümkün olmayan Rusiya, eləcə də Qafqazdan çox uzaqda yerləşən və burada heç nəyə təsir etməyən Fransa kimi dövlətlərin iştirakı ilə regionda əlavə gərginlik yaratmaq cəhdləri isə tamamilə anlaşılmazdır.

Ona görə də Simonyana real iş görməyi təklif edərdim. Bu isə hər iki dövlətin marağında olan beynəlxalq hüquq normaları və prinsipləridir və bu, təbii ki, sülh müqaviləsidir. Sülh müqaviləsi imzalanandan sonra Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başlayacaq.

Azərbaycanın tərkib hissəsinin Ermənistan ərazisinə birləşdirilməsi cəhdi (fərq etməz, Rusiyanın əli ilə, Fransanın və ya hansısa başqa siyasi oyunçuların köməyi ilə) regionumuz üçün yaxşı heç nə vəd etmir.

Rauf Orucov
 
Ardını oxu...
İkram Kərimov həm müstəntiq, həm prokuror, həm hakim, həm də vəkil kimi fəaliyyət göstərmiş nadir hüquqşünaslardandır. Bu yazıda hazırda da Vəkillər Kollegiyasının üzvü olan və bu yaxınlarda 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilən qocaman istintaqçının həyat yolunun bir hissəsinə nəzər salınıb.

İkram Kərimov sovet illərində Azərbaycanda böyük rezonansa səbəb olan ağır cinayətlərin açılmasında müstəsna rol oynayıb. Onun istintaq etdiyi işlərlə bağlı təcrübələr bir sıra dünya ölkələrində tədris edilməkdədir.

Qısa arayış:

Əməkdar hüquqşünas İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.

– İkram müəllim, tələbəlik illərini də nəzərə alsaq, 60 ildən çoxdur hüquq sahəsindəsiniz…

– Bunların hamısı hüquqşünas olmaq arzumla bağlıdır. 59-cu ildə qərar verilmişdi ki, Jurnalistika və Hüquq fakültəsinə qəbul elan edilsin. Orada qeyd edilirdi ki, orta məktəbi bitirəndən sonra azı 2 il istehsalatda işləyən insanlar bu ixtisaslara sənəd verə bilər. Savxozlardan birində fəhlə vəzifəsinə qəbul olundum, 1 il sonra elan yayıldı ki, qiyabi şöbəyə qəbul var və işləyən şəxslər də müraciət edə bilər, mən də sənədlərimi verdim və bir “4”, iki “3” qiyməti ilə, cəmi 10 balla fakültəyə qəbul olundum. Bunu xatirələrimdə də yazmışam, bu qiymətlərlə universitetə daxil olmuşam. Bəzən mənə deyirlər, nə üçün kitabınızda “3” qiyməti ilə universitetə qəbul olunduğunuzu yazmısınız. Hər dəfə deyirəm ki, bu, bir istiqamətdir ki, insanlar “3” qiymətinin keçərliliyini hiss etsin. Bu qiymətlə də universitetə daxil olmaq olardı, gərək ki, əsl “3” olsun. İki il sonra əyani şöbədə təhsil almağa başladım. Həyatımdakı ən böyük dönüş də əyaniyə keçməklə oldu.

– Necə oldu ki, istintaqçı oldunuz?

– Tələbə ikən prokurorluqda stajor kimi mühüm işlər üzrə müstəntiqlərin qrupunda işləməyə başlamışdım. Yay tətili vaxtı rayona getmirdim, ictimai əsaslarla müstəntiqlərə kömək edirdim, çağırış vərəqələri paylayırdım, işləri tikirdim, nömrələyib siyahıları tuturdum. Sonradan özüm də müstəntiq kimi işləyəndə gördüm ki, onların bu köməkliyə həddindən ziyadə ehtiyacı olur. Ümumilikdə isə prokurorluqda düşdüyüm mühit mənə çox kömək etdi, mənə həyatı öyrətdilər, mənə istintaqa məhəbbəti aşıladılar və mənim aspiranturada oxumağımı məsləhət bilmədilər. İstintaq da məni elə cəlb etmişdi ki, prokurorluqda qalıb işləyəsi oldum.

Ölüm hökmü verilən şəxsin bəraət aldığı iş olub

– İcraatınızdakı ilk iş hansı olub?

– İlk iş yerim Qusar Rayon Prokurorluğunda müstəntiq vəzifəsi oldu. Azərbaycan SSR-in Cinayət Məcəlləsində belə bir maddə var idi: İnşaat materiallarını qanunsuz yolla əldə etmə. Bu maddə Sovet İttifaqına daxil olan ölkələrin çoxunda yox idi, lakin bizdə var idi. Mürtəce bir qanun idi, nə qədər insanlar bu qanunun təsiri altına düşüb vəzifələrini itirmişdi, həbsxanalara düşmüşdü. Qusara gələndə də partiya komitəsinin iclası olmuşdu və orada bildirilmişdi ki, rayonda qanunsuz ev tikənlər çoxdur, buna qarşı mübarizə aparılmalıdır. Kampaniya şəraitində bir neçə şəxsin barəsində “qanunsuz inşaat materialları əldə etmə” maddəsi ilə cinayət işi qaldırılmışdı. Bunlardan biri də Qusarın Xuray kəndində qazmada yaşayan və tikdirmək istədiyi evin dam örtüyü üçün şifer almış çoban ailəsi ilə bağlı idi. Həmin evə gedəndə şiferlərin sənədi təqdim edilməmişdi, sonra mən çobanın olduğu Salyan rayonundakı qışlağa getdim, məlum oldu ki, sənədlər çobanın üstündə qışlaqdadır və şiferlər qanuni yolla, sənədlə Xudat dəmiryolu stansiyasından filan bazadan alınıb. Bazaya da gedib sənədləri əldə etdim. Özlüyümdə düşündüm ki, mən hüquqşünas olarkən belə insanlara qarşı sənəd hazırlamağı qarşıma məqsəd qoymamışam axı… Çoxları elə bilir ki, müstəntiq kimisə ittiham etmək üçündür. Müstəntiq olmaq həqiqəti bərpa etməkdir. İcraatımda olmuş işlərin bəlkə də yarıdan çoxunda araşdırmaların nəticəsində şəxsin təqsirli olmamasına qərar verilib. Onların arasında əvvəllər dəfələrlə məhkum edilmiş də, hətta ölüm hökmünə məhkum edilmiş şəxs də olub. Həmin şəxs həyatda olarkən ölüm hökmünə məhkum edilməsi ilə bağlı ittiham onun üzərindən götürülüb. Qusardakı ilk işimdə də çoban haqqındakı cinayət işinə xitam verdim, heç prokurorla məsləhətləşmədim. Axı prokuror məndən narazı qalacaqdı ki, əsassız cinayət işi qaldırıb. Qərarı dəftərxana vasitəsilə ona çatdırdım və qərarın altında da yazdım ki, götürülən qurum tərəfindən əvvəlki yerinə qaytarılsın, yəni çobanın ailəsi şiferləri yenidən daşımaq məcburiyyətində qalmasın.

– Ölüm cəzası tələb etdiyiniz şəxslər kimlər olub?

– Hər cinayət işinin özünəməxsus xüsusiyyətləri var. Mən təbiət etibarilə kövrək insanam, müəyyən hadisələri görəndə kövrələ bilərəm. Amma desəm ki, 30-dan çox şəxsin ölüm cəzası almasına imza atmışam burda ziddiyyət yaranır. Amma izah olunsa ki, bu ölüm cəzası alan şəxslər hansı əməlləri törədib, onda özün-özündən məmnunluq duyursan ki, belə cəmiyyətə yararsız şəxslərin yaşayıb ziyan vurmaqda davam etməsinə də ehtiyac yoxdur. Düzdür, mən ölüm cəzasının əleyhinə olan şəxsəm, insanlar elə bilər ki, mən ölüm cəzasının tərəfdarıyam. Yox, elə deyil. Amma ozamankı qanunlarda bunlar var idi. Ancaq ağırlaşdırıcı halda qəsdən bir neçə adamın öldürülməsi ilə bağlı işlər üzrə ölüm hökmünün verilməsi olub məndə. Qanunda rüşvət alma, dövlət əmlakının mənimsənilməsi, valyuta əməliyyatları qaydalarını pozma, vətənə xəyanət, casusluq və sair kimi əməllərə görə də ölüm hökmü nəzərdə tutulurdu. Lakin mənim icraatımda olan və ölüm hökmü verilmiş işlər yalnız qəsdən ağırlaşdırılmış halda adam öldürmə əməlləri ilə bağlı olub.

“Bu işlərdən qəsd, qatil iyi gəlir”

– Müstəntiqdən fərqli olaraq, prokurorun cinayət işi başlatmaq səlahiyyəti var, siz də uzun müddət prokuror kimi çalışmısız.

– Mən 6 il 6 ay müddətində Əzizbəyov rayonunda (indiki Xəzər) prokuror işləmişəm. Prokuror kimi hələ təcrübəsiz idim. Ora gedəndə belə bir halla rastlaşdım ki, rayonda 2 iş var, hələ cinayət işi deyil, materialdır. İtmiş şəxsləri axtarırlar. Bir evdən nənə ilə nəvə 7 ildir yoxdur, digər ailədə isə ana ilə əlil qızı neçə ildir yoxdur, elə hey bunları axtarırlar. İstintaqçı olmağım mənə diqtə edirdi ki, bu işlərdən qəsd, qatil iyi gəlir. Bunlar elə-belə axtarılmamalıdır. Bunu araşdırmaq üçün cinayət işi qaldırılmalıdır. İş də qaldırılanda Moskvaya qədər xüsusi məlumat gedirdi ki, iki nəfərin öldürülməsi ilə bağlı iş qaldırıldı. Bundan sonra iki ay müddətində cavab verməlisən ki, tap bunu kim edib. Buna qarşı da müqavimət olurdu ki, birdən-birə açılmamış ölüm işlərinin sayı artdı. Hər iki iş iki ay müddətində açıldı. Gülçülük savxozunda əlil bir qız yoxa çıxıb, üstündən 4 il keçir anası da yoxdur, 7 ildir ki, ana və qızı itkin şəxs kimi axtarılır. Bir evdən iki nəfər itkin düşmüş hesab olunur. Axı bu, təbii hal deyil. O vaxtlar məhkəmə prosesi klublarda keçirilirdi. Həmin anası ilə bacısını qətlə yetirən şəxsin məhkəməsi də Şüvəlanda 400-500 sakinin iştirakı ilə səyyar məhkəmə heyəti tərəfindən klubda keçirildi. Bunun çox böyük tərbiyəvi, maarifləndirici əhəmiyyəti var idi. Mən həmin şəxsə orada ölüm hökmü tələb etdim və icra da edildi. İndi deyin, mən hansı hissləri keçirməliyəm? Bir tərəfdə qətlə yetirilmiş şəxslər, bir tərəfdə də qanun və qatil. İnsan dərk etməlidir ki, müstəntiq də, prokuror da nələr çəkir.

– Müstəntiq, prokuror, hakim və vəkil kimi çalışmısınız. Birini seçməli olsaydınız, hansına qərar verərdiniz?

– Ancaq istintaq, müstəntiqi seçərdim. Yaradıcı iş odur. Müstəntiq də, prokuror da, hakim də vəzifədir. Lakin müstəntiq olan şəxs həm də sənətkar olmalıdır, yaradıcı olmalıdır. Səttar Bəhlulzadə məsələn hansısa gülü seçib onu çəkirdi, onu məcbur edən də yox idi ki, əsərini hansı müddətə başa çatdırsın. 3 ay, bir il, bəzən illərlə işləyir bir əsərin üstündə. Müstəntiq də sənətkardır, amma müstəntiq qanunun ona verdiyi vaxt çərçivəsində əsərini ortaya qoymalıdır. Tablo bu gün yaxşı olmaya bilər, yenidən çəkmək mümkündür. Müstəntiqin isə səhv etmək şansı yoxdur. Məndən kimsə inciyə bilməz ki, niyə müstəntiqliyi seçirsən, çünki bu vəzifələrin hamısında çalışmışam. Məndə 200-300 cildlik cinayət işi, 700 səhifəlik ittiham aktı olub. Bəlkə də müqayisəm etik çıxmayacaq, müstəntiqi bir futbol topuna bənzədirəm, meydanda olan hər kəs onu vurur. İşi yazıb-oxuyub, tikib bitirirsən, qoyursan əvvəlcə müdafiəçilərin qarşısına, oxuyurlar, hər biri nöqsan axtarır, vəsatətlər verirlər, mövqelərini bildirirlər, sonra iş gedir prokurora, o da harada nə nöqsan var axtarır, o da təsdiq etməlidir. İş sonra gedir məhkəməyə, məhkəmədə də onu oxumalıdırlar. Orada artıq hakimlər, başqa prokurorlar, zərərçəkmiş tərəfin nümayəndələri də oxuyurlar. Sonra şikayət olur, gedir yuxarı instansiyaya. Bir dəfə saymışdım, müstəntiqin hazırladığı iş 70-dək prokurorun, hakimin, ittihamçının, vəkilin əlindən keçir. Amma müəllif bir nəfərdir və hamı nöqsan axtarır. O futbol topuna hamı ayaq vuran kimi, müstəntiqin də işi ortadadır, hamı ona zərbə vurmağa çalışır. İş o qədər mükəmmal olmalıdır ki, bu qədər zərbələrə tab gətirə bilsin, bütün suallara cavab olsun.

Bir zəng cinayətin üstünün açılmasına kifayət edir

– Elmi-texniki inkişafla istintaqçıların da işi xeyli rahatlaşıb, artıq texniki təqib vasitələri kifayət qədər həlledici rol oynayır, sizin çalışdığınız dövrlə indiki şəraiti necə müqayisə edərdiz?

– Tez-tez televizorda görürsüz də… Göstərirlər ki, əməliyyat keçirildi, filankəs rüşvət alarkən kabinetdə tutuldu, axtarış aparıldı və sair. Artıq bu işdə kim tərəfindən törədilməsi də məlum oldu. Nadir müstəntiqlər var idi ki, bütün kateqoriyalı işləri istintaq edirdi. Bəziləri ölüm, bəziləri təsərrüfat, bəziləri vəzifə cinayətləri. Tale elə gətirib ki, bütün kateqoriyalar üzrə işləri istintaq etmişəm. O vaxt indiki kimi deyildi, aylarla araşdırmalar aparılırdı, iynə ilə gor eşmək kimi idi. Məndə bir iş var idi, rayonlardan birinin birinci katibinin pul almasına dair cinayət işi idi, orada 37 nəfər müqəssirliyə cəlb olunmuşdu. Amma ortalıqda pul yox idi. Hansı pul verilib, necə verilib bilinmirdi. Düzdü o vaxt da, işarələnmiş pullardan, xüsusi vasitələrdən istifadə edilirdi, sübutlar toplanırdı. Bəzən belə hadisələrdə bəraət alanlar da olurdu. Məlum olur ki, bu, kiminsə tələsidir, həmin şəxsə oyun qurublar, əlində pul tutulsa da, bəraət alanlar olurdu. Amma bütün hallarda o dövr üçün onların istintaqı çətin idi. İndi texniki innovasiyalar da imkan verir ki, müstəntiq bəzi işləri daha rahat və tez açsın. Məsələn, ad çəkməyəcəm, bir tanınmış ailənin evinə basqın olmuşdu, ər və arvadı başqa-başqa otaqlarda tutub əl-qollarını, ağızlarını bağlayıb evdə pul-qızıl axtarmışdılar. Lakin həmin şəxs heç nə tapa bilməyəndə onu oraya göndərən şəxsə zəng etmişdi ki, bəs burada heç nə yoxdur. Təkcə həmin zəng bu cinayətin üstünün aılmasında həlledici olmuşdu. Zəng etməsəydi, o işi açmaq çətin olardı, bəlkə mümkün olmazdı. Bütün hallarda müstəntiqin vəzifəsi işin faktiki hallarını bərpa etməkdir, hadisə necə olub, onu bərpa edib ortaya qoymalıdır.

– İstintaq etdiyiniz ən maraqlı iş hansı olub?

– 69-cu ildə mühüm işlər üzrə müstəntiq təyin edildim. O vaxt ölkədə cəmi 9 mühüm işlər üzrə müstəntiq var idi və vəzifənin adı belə gedirdi: Azərbaycan SSR Prokuroru yanında mühüm işlər üzrə müstəntiq. 74-cü ilin oktyabr ayınadək məzuniyyətə çıxmamışdım. Bu arada ailə də qurmuşdum, 1 gün icazə vermişdilər. Bəlkə də, demək yerinə düşməz, mənim övladım vəfat etmişdi, onun dəfnindən birbaşa işə gəlmişdim, rəhbərim qolumdan tutub evə gətirmişdi ki, axı uşağın anasını evdə niyə tək qoyub işə gəlmisən. Amma mənim vaxtım yox idi, o vaxt ərzində müəyyən istintaq hərəkətləri var idi, onları etməli idim. İstintaq elədir ki, sualı verməyin, tanınmanı həyata keçirməyin də vaxtı var. Bəzən mən bir sualı vermək üçün, tanınma keçirmək üçün prosessual qaydada aylarla hazırlaşmışam. Nə vaxt bu sualı verim ona… Bəzən tənanınmanı həyata keçirmək üçün aylarla gözləməli olmuşam. Bir nazir Kislavodskya istirahətə gedəndə , çamadanlarını götürüb gəlir təyyarə vağzalına, yola düşür. Sürücü gəlir onun evini qarət edir. Mebelə əl izləri düşür. İndi o sürücüyə dərhal sual versən, deyəcək ki, çamadanları daşıyanda ola bilər, əlim dəyib də… Sübut itdi. Gərək bundan sonra xeyli müddət istintaq edəsən ki, o evə girib-girməyib, taksidə barmaq izi qalmışdı, biz şəxsə xeyli vaxt taksiyə minməsi ilə bağlı sual vermədik. Sualın verilmə vaxtı da düzgün seçilməlidir. Qubada və Əzizbəyov rayonundakı işlərin istintaqından sonra mənə növbədənkənar rütbələr verilmişdi. Qəbahət bilirsiniz nədə idi, bir hadisədə 4 adam öldürülüb, ictimai məlumatlarda yazılırdı 1 adam öldürülüb. Guya SSRİ-də 4 adamı öldürmək mümkün deyil.

– Bildiyimizə görə, ilk dəfə istintaq itlərindən istifadə də sizin araşdırdığınız Qubadakı qətllə bağlıdır.

– Qubadakı hadisədə elə vəziyyət yarandı ki, it bir neçə dəfə tətbiq edildi və eyni adamı tutdu. Adı Şıxbaba idi, itin hər dəfə onu tutması, həm də psixoloji təsir edirdi. Müstəntiq işi elədir ki, gərək müqəssirlə tərəf müqabili ola biləsən, qarşılıqlı inam yarada biləsən. Bu psixologiyanı da gərək formalaşdıra biləsən. Hər dəfə müqəssirdən soruşanda ki, necə oldu, it səni tutdu, elə hey deyirdi ki, “Murdar olsun o it”. Əslində itin kimisə tanıması sübut növü deyil, lakin müttəhimə bir növ psixoloji təsir vasitəsi kimi rol oynayır. Həmin işdə mən şahidlərin siyahısını hazırlayanda istintaq iti ilə tədbiri keçirən kinoloqu ilk sıraya yazmışdım. Bu yolla bir növ müttəhimə təsir edirdik.

“Vəsiyyətində demişdi ki, həmin cinayəti mən törətmişəm”

– İstintaq edib aça bilmədiyiniz iş olub?

– Mən hadisə yerinə gedim, işi araşdırım, lakin açılmasın, olmayıb. Amma açıla bilməyən, bağlı işləri veriblər mənə. Olub ki, sonradan mənə verilən bəzi işlərdən uzun müddət keçib, müəyyən izlər itib, işin istiqaməti əvvəldən fərqli yerə yönləndirilib və nəticədə həmin işin icraatı dayandırılıb. Bəzən olub ki, sonradan o işlər açılır, bəzən təsadüfdən, bəzən başqa cinayət işinin gedişində köhnə işlər də açılır. Yaxşı yadımdadır, Ağstafada bir nəfər vəfat edəndə vəsiyyətində demişdi ki, filan vaxtı, filan cinayəti mən törətmişəm. Sonradan baxmışdılar ki, həmin iş üzrə başqası cəza çəkir. Olur ki, illər sonra təbii olaraq bəzi işlərin üstü açılır. Bəzən elə olur ki, cinayət baş verir, lakin şikayətçi olan olmur. Bakıda bir vəzifəli şəxsin evindən xeyli miqdarda oğurluq olmuşdu, lakin həmin şəxs şikayət etməmişdi ki, birdən soruşarlar, bu qədər var-dövlət səndə haradandır. Lakin başqa cinayət faktı üzrə müqəssirlər tutulanda o, həmin adamın evindən də oğurluq etdiyini etiraf etmişdi, halbuki vəzifəli şəxs şikayətçi olmamışdı və hadisə barədə məlumat verməmişdi. Ümumiyyətlə, şərt deyil 100 faiz deyəsən ki, bütün işlər açılmalıdır. Tarixdə də olub, elə işlər var ki, açılmamış sayılır, Məsələn ABŞ Prezidenti Kennedinin qətli hələ də bağlı qalmış iş hesab edilir. Ümumiyyətlə, mən ona görə yazılarımda da qeyd edirəm ki, ölüm hökmü verilməməlidir. Çünki bəzən səhvlər də olur. İstər istintaq, istər məhkəmə tərəfdən səhvlər ola bilər. Ona görə ölüm hökmü vermək doğru deyil. Həmin şəxslərin yaşaması bəzən başqa işlərin açılmasına da kömək edir, bəzən onlarda sirlər olur, onları əldə etmək də lazım olur.

“Xəlil Rza Ulutürkə bəraət verdik”

– İstintaqa, hakimlərə və digər instansiyalara kənar təsirlərlə bağlı nə deyə bilərsiniz?

– Təsir olur, baxır onu necə qəbul edirsən. Bəzən olur ki, müraciətlərin istiqaməti işin obyektiv araşdırılmasına da kömək edir. Təsir altında işin istiqamətini dəyişməməlisən. Təsirlər həmişə olub və olacaq da. Mən çox təsirlər görmüşəm, amma heç vaxt təsirə təslim olmamışam. O vaxt Xəlil Rza Ulutürkün həbsi… Onu Moskva tutmuşdu, SSRİ DTK tərəfindən istintaq olmuşdu. SSRİ Baş prokurorunun təsdiqi ilə işi bitirib bizə göndərmişdilər. Biz məhkəmədə Nemət Pənahlının işinə baxırdıq. Bir də görürdün yüzlərlə insan məhkəmənin qarşısına gəlib aksiya keçirir. Bunlar hamısı təsir vasitəsidir. Moskva özü də təsir edirdi ki, biz işi belə araşdırıb qurtarmışıq, belə olmalıdır. Xəlil Rzanın işində prokuror ona cəza istəyirdi, biz isə ona bəraət verdik. Bizim qərarımızdan yuxarı instansiyalara şikayətlər etdilər, lakin yenə qərarımızın üstündə dayandıq, təsirlərə təslim olmadıq. Biz o vaxt təsir altında obyektiv olmayan qərar versəydik, mənim indi sizə müsahibə verməyə, bu kitabları yazmağa mənəvi haqqım olmazdı.

– İkram müəllim, sonda bir neçə il əvvəl Tovuzda baş verən və hələ də hökm elan olunmamış Nərminin qətlə yetirilməsi işi barədə soruşmaq istəyirəm. Bu iş niyə bu qədər dolaşığa düşdü?

– Mən həmin işlə tanış olmamışam, nə deyə bilərəm ki? Gərək o işi oxuyasan, bütün hallarla tanış olasan, işin içində olasan ki, nə isə deyə biləsən. İstənilən halda cinayət işinin istintaqı elə aparılıb yekunlaşdırılmalıdır ki, sonradan hər hansı sual çıxmasın. Sual yarananda da işin materiallarında həmin sualın cavabı olmalıdır. (Qafqazinfo)
 
Ardını oxu...
“Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub”.

DİA.AZ bildirir ki, bu sözləri kulis.az-a müsahibəsində mərhum bəstəkar Bəhram Nəsibovun oğlu Adil Nəsibov deyib.

Müsahibəni təqdim edirik:

– Atanızın öz şeirləri olub?

– Bəli. Xalq şairlərinin yazdığı sözlərə melodiyalar da əlavə edirdi. Hərtərəfli istedadlı idi.

– Gözəl musiqilər bəstələsə də, Konservatoriya təhsilinin olmamağını çox yerdə bəhanə gətiriblər. Niyə Konservatoriya təhsili olmayıb? O dövrdə çətin olub, yoxsa başqa səbəbləri var?

– Başqa səbəbləri var. Bu, sadəcə, bəhanə idi.

– Səbəb nə idi?

– Konservatoriyada tələb belə idi ki, oranı bitirmək üçün simfonik əsərlər yazmalı idin. Mahnını adi janr kimi qəbul edirdilər.

– Ələkbər Tağıyev də Konservatoriyanı bitirməmişdi. Prokuror idi.

– O da həvəskar idi. Onu da qəbul etmədilər.

– Amma ona bu qədər qadağa qoyulmayıb.

– O, Zeynəbin (Zeynəb Xanlarova - red.) hesabına nələrsə edib. Zeynəb olmasa, heç nə edə bilməzdi.

– Deyəsən, qoyulan qadağalar ona gənc yaşında o qədər də təsir etməyib.

­– Əslində, bütün vaxtlarda təsir edib.

– 300-dən çox musiqinin müəllifi olub.

– Ondan da çox. Amma paylayıb ora-bura. Notları öyrənib yazmadığı üçün ancaq şifahi bəstələyib. Toylarda da həmin mahnıları zümzümə edib. Bir növ Molla Nəsrəddin kimi. Bəhram Nəsibov bütün həvəskar bəstəkarların mahnılarını toplayıb televiziyaya təqdim etdi ki, onları efirlərə çağırsınlar.

– Neçənci ildə?

– Təxminən, 1960-70-ci illər.

– O vaxt hələ xəstə deyildi?

– Yox, hələ təzə yazmağa başlamışdı. Onu televiziyadan göndərdilər ki, Bəstəkarlar İttifaqından rəy alsın. Ələkbər Tağıyevi oraya yaxın buraxmırdılarsa, onu heç buraxmazdılar. Xalq yazıçısı Əli Vəliyevin yanına getdi. O da Bəstəkarlar İttifaqına tapşırdı ki, bu cavan uşaqlara şərait yaratsınlar. Televiziyaya göstəriş verildi. Nəticədə, həvəskar bəstəkarların mahnılarından ibarət konsert təşkil olundu. Amma onun bir dənə də mahnısı orada getmədi. O da gedib dava-qırğın etməyib. Kim olsa idi, edərdi.

– Konkret kim mane olurdu Bəhram Nəsibova?

– Mən bir neçə ad eşitmişəm. Açığı, o adları demək istəmirəm. Onunla rəqabətdə olan adamlar mane olurdular.

– Müğənnilər idi?

– Yox, bəstəkarlar.

– Öz dövrünün bəstəkarları?

– Bəli. Onların nə mahnıları oxunurdu, nə də çoxlu simfonik əsərləri var idi. Amma əlləri uzun idi. Paxıllıq edirdilər ki, biz musiqi təmayüllü orta məktəbi bitirmişik, Konservatoriyanı da qurtarmışıq. Bəs niyə onun mahnıları oxunur, bizimkilər yox?! Sənin istedadın yoxdursa, o nə etsin?! Onun heyifini alırdılar atamdan. Tofiq Quliyev və Cahangir Cahangirovun da problemi yox idi. Ona kömək edirdilər.

– Atanız məişətdə necə biri idi?

– Onu çox az hallarda evdə görürdük. Amma keçirdiyimiz az vaxt bizə çox kimi görünürdü. Şən, pozitiv adam idi. Televiziyada Çingiz Abbasov adında bir adam var idi. Onun yaxşı mənada bir xəstəliyi var idi. Zəng edib adamlara deyirdi ki, sənin filan vaxt çalmağını, oxumağını efirə salıblar, aç, bax. Amma bizim evə tam başqa məqsədlə zəng edirdi.

– Niyə zəng edirdi?

– Deyirdi, Bəhramın iştirak etdiyi verilişdən çıxışını kəsiblər. Evdən çıxarın, görüb əsəbiləşməsin. O vaxt Bəstəkarlar İttifaqının rəhbəri Tofiq Quliyev idi. Polad Bülbüloğlu, bir də Məmməd İsmayıl bununla bağlı ora açıq məktub yazdılar. Bunların da xeyri olmadı. Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub.

– Xəstə olanda siz mahnılarını ona dinlədib başı ilə razılıq alırmışsınız.

– Bəli. Çoxunu edə bilmədim amma. Bu adamın bəxti heç gətirməyib...

– Bölgələrə səfəri olub?

– Bəli. Vətənpərvərliyə aid bir neçə mahnı da yazdı. Onu da televiziyada Ramiz Mustafayev xor oxutdurdu. Filarmoniyada yazdırmaq istədik. Heç qulaq asmadan pozdurdular ki, bu, zəif mahnıdır. Ramiz Mustafayev hər şeyi bəyənən adam olmayıb. Orada senzurada oturan adam özü də əsgər mahnısı yazmışdı. Özünə rəqib olmasın deyə onun yazdığı mahnını sıradan çıxardı. Paxıllıq belə olur. Paxıllıq ən çox da bəstəkarlar arasında olur. Konservatoriyanı bitirməməyi onların əlinə bəhanə kimi düşmüşdü. Bir ara həvəskar bəstəkarların mahnılarını da yığışdırdılar. Çünki rəhbərlik onları danlamışdı ki, hara gedirəm, həvəskarların mahnılarını eşidirəm, bəs siz nə işlə məşğulsunuz?!

– Əsəbi biri idi?

– Hə, dəhşət əsəbi idi. Həm də iş düz getməyəndə kim əsəbiləşməz ki? Onun da işləri, göründüyü kimi, heç düz getməyib. Kömək edən yaxın bir adamı da olmayıb.

– Sənət adamlarından kimlərlə yaxınlıq edirdi?

– Ad çəkmək istəmirəm.

– Niyə?

– Sonra zəng edib bezdirirlər...

– Konkret olaraq Bəhram müəllimin adına təsdiq olunan mahnılar hansılardır?

– Kifayət qədər elə mahnı var. Onun ölümündən sonra siyahı topladım. 20 yanvar günü toya getməli idi. Həmin gün faciə olacağından xəbərsiz idi. İki-üç gün öncə bildi ki, toy olmayacaq. Dedilər ki, 21-i gələrsən. Burada bəxti gətirdi. Çünki getsəydi, öləcəkdi.

Sonra biz maşınla gedəndə artıq 20 Yanvar hadisələri olmuşdu. Rus əsgərləri burada idilər. Ərazidə fırlanırdıq. Orada yekə bir heykəl var idi. Qarşısına keçib dedi, tfu sizin üzünüzə. Camaatın hamısı dönüb ona baxdı. Belə qəribəlikləri var idi.

– Çılğın adam olub.

– Hə. Dəhşət çılğın idi.

– Sizi ona oxşadırlar?

– Xasiyyətdə çox oxşadırlar. Əsəbiləşəndə heç nəyi gözüm görmür. Verilişdə görmüsünüz, yəqin, dava edəndə.

– Özü heç deyirdi ki, mənim mübarizəmi apar?

– Yox. O, mübarizə aparmırdı. Bilirdi ki, sınıb. Əldən düşüb. Axırda xəstələnməmişdən qabaq mahnılarını toplayırdım. 20 Yanvar hadisələrindən sonra sənətdən bir qədər soyudu. Sonra da elə oldu ki, onun adam etdiyi, birlikdə toylara getdiyi müğənnilərdən biri başladı pulunu kəsməyə. O ifa edən zaman musiqinin səsini də kəsməyə başladı.

– Adil bəy, dolanışığınız necə olub?

– Çox yaxşı olub. Bizi dolandırıb. Axır vaxtlarda ailəni saxlamaq üçün Peterburqda satmağa mal aparmaq istəsə də, səhhətində problem yarandığı üçün alınmayıb.

– Onun xəstə olduğu vaxtların kadrlarını görmüşəm. Evin təmirsiz olması da gözümdən qaçmayıb. Ona görə dolanışığınız necə olub sualını verdim.

– Pulu olsa da, bəxtsiz olub.

– Bir evi olub?

– Bəli.

– Amma toylardan yaxşı qazancı olub.

– Qazansa da, qohum-əqrəbasına xərcləyib. Bir növ Hacı Zeynalabdin Tağıyevə də oxşayırdı. Hamı onunla dərdini bölüşürdü.

Sovetlər dağıldığı vaxtlar tikinti malları ucuz idi. Bir qohum ona dedi ki, gəl evi təmir edək. Onun evini öz hesabına təmir etdirdi. Bu belə bir adam olub. Amma xəstə olanda o adam bir dəfə də gəlib atamı ziyarət etməyib.

– Kim olub o adam?

– Oxuyanların hamısı alçaqdır. Bircə Xan Şuşinski yaxşı olub. Bir də barmaqla sayılası bir-iki nəfər. Qalanlar hamısı namərddir. Atam xəstə yatanda heç biri gəlmədi.

– Yaqub Məmmədovla arası necə idi?

– Bizimlə qonşu idi. Pis deyildi.

– Uşaqlığı çətin keçib. Heç bu haqda danışırdı?

– Uşaq vaxtı kövrək biri olub. Kövrəlmədiyi vaxt olmurdu.

– Sizə həm ata, həm dost ola bilmişdi? Videolardan və şəkillərdən görünür ki, həmişə onun yanında olmusunuz.

– Biz onu ancaq axşam, bəzən də səhər görə bilirdik. Axşam gəlib yatırdı, səhər tezdən çıxıb gedirdi. Onu ən çox xəstələndiyi vaxt evdə yatanda görmüşük.

Fikrini dağıtmaq üçün rayonlara gedirdi. Amma darıxdığı üçün çox qala bilmirdi. Yaradıcı adamlar belə olurlar. Bəlkə, oturaq həyata öyrəşə bilmədiyi üçün bir az da gerilədi. Heç vaxt kabinetdə oturub nəsə yazmayıb. Fikrində sözləri ölçüb-biçir, sonra onları mahnıya çevirirdi. Öz aləmi var idi.

– Yaradıcılığının ilkin dövründə mahnıları konkret ünvanlı olub. Sevdiyi qadına yazıb. Qadın da, deyəsən, dünyasını dəyişib.

– Hə ona da yazıb. Həmin qadınla Naxçıvanda tanış olmuşdular.

– Ananıza da yazıb?

– Yazıb. Bu onun konteksti idi. Naxçıvanda tanış olduğu qızı ailəsi ona verməyib.

– Ananızı da vermək istəmirlərmiş.

– Yox. Anamın atası Sovet İttifaqı Qəhrəmanı və tarix müəllimi idi. Aktyora qız vermirəm deyirdi.

– Ölümünü Füzulinin işğalı ilə bağlayırlar, düzdür?

– Düzdür. Füzuli işğal olunduqdan sonra stres keçirdi. Peterburqdan qayıdandan sonra, 1993-cü ildə həkim demişdi ki, istənilən vaxt infarkt keçirmək riski var. Ondan sonra daha da pisləşdi.

– Torpaqların işğaldan azad olunacağına inanırdı?

– İnanırdı. Füzulidə konsert verdiyi zaman atışma başlayıb. Onda bilib ki, vəziyyət ciddidir. Torpaqların geri qayıdacağına inanırdı. Bu haqda mahnı yazıb Zeynəb xanıma da oxumuşdu. O, da çox bəyənmişdi. Biz Yasamalda qalırdıq. Bacısı da Əhmədlidə. Axşam evdən çıxıb onun yanına getdi. Evə qayıdanda küçədə tappıltı eşitdik. Beyninə qan sızdığı üçün yıxılmışdı. Ondan sonra dörd il yaşadı... Ancaq yataqda oldu. Buna da yaşamaq demək olarsa...

– Ürəyində nə problem var idi?

– İki dəfə infarkt olmuşdu. Peterburqa müalicə üçün getdi. Gəldikdən sonra da insult keçirdi.

– Ananızla münasibəti necə idi?

– Yaxşı idi.

– Başqa qadınlarla bəs?

– Sağa-sola getmək kimi xasiyyətləri yox idi. Yaradıcılıqda hər dövrə öz münasibətini bildirib. Səhnəciklərini Nəsibə xanım oynayıb. Onu da qısqanırdılar. Deyirdilər ki, özün yazmırsan. Toydan çoxlu pul qazanıb, kiməsə verib yazdırırsan. Bu da sübut etmək üçün onların qarşısında da yaza biləcəyini deyirdi. Belə şeylərlə onu iyrəndirdilər. Getdikcə yaradıcılıqdan uzaqlaşdı.

– Ailədə neçə uşaq olmusunuz?

– İki qardaş, iki bacı. Böyüyümüz Güldəstədir. Sonra mən, sonra Ceyran. Ən çox Ceyrana şeir yazırdı. Ona “Ceyranın kələyi” səhnəciyini də yazmışdı. Mənə isə heç nə yazmayıb.

– Sizə münasibəti maraqlıdır. Heç sizi vurub?

– Çox nadir hallarda. O da tərslik etdiyimdə. Uzağı, bir-iki dəfə vurub. Oğlum da indi tərslikdə mənə oxşayır.

– Yanında siqaret çəkir və ya içki içirdiniz?

– Yox. Aramızda pərdə var idi.

– Nə qədər xərclik verirdi sizə?

– Birinci sinifdə üç manat verirdi. Sonradan artırdı. Ansambldan çıxandan sonra isə bir az çətin oldu.

– Həmin ansamblı özü yaratmışdı?

– Nəzakət Məmmədova ilə birlikdə yaratmışdılar. Adı “Şahnaz” idi. Sonra adını dəyişdi “Vətən” qoydu.

– Deyirlər, əlyazmalar yanmır. Bəhram Nəsibovun müsahibələri, yazdığı mahnılar da elədir.

– Vaxtında ona şərait yaratmayıblar. Öləndən sonra bir çox mahnıların ona aid olduğunu biliblər.

– Ən çox üzdə olan mahnısı “Deyin haradadır?” idi. Bəhram Nəsibov sonrakı 300 mahnını yazmasa da, bu mahnı bəs edir.

– Bütün bunlara rəğmən, elə bil, bu adamı ləkələmək üçün səfərbərlik elan edilib. Atam da bəstələrinə qarşı laqeyd olub. Dostları da xatirələrində belə deyirlər. Mahnılarını bir yerə yığıb saxlamayıb.

– Buna görə onu qınayırsınız?

– Yox. Peterburqdan qayıdandan sonra xəstəliyini bildi və mahnıları toplamağa başladı. Mən də onun zəhləsini tökürdüm ki, bunu etməlisən. Kömək edirdim ki, həvəslənsin. Çox qısa bir müddətdə buna cəhd etdi. O vaxt indiki kimi asan olmayıb. Mən bir sıra mahnılarını siyahıya aldım. Bir neçə mahnısını daha da təkmilləşdirdik.

İndi onun dəst-xətti ilə yığdığım mahnıları üçcildlik kitab kimi hazırlamaq istəyirəm. Dördüncü cilddə isə ikinci variantlarını tapdığım mahnıları ayrıca yığmaq istəyirəm. Düzü, imkan vermirlər.

– Siz onun varisisiniz. Nə deyə bilərlər ki?

– Biri çıxıb deyir, o sözləri mən yazmışam, digəri deyir, o musiqi mənimdir. Başqa biri deyir, fars musiqisinə niyə söz yazıb? Vətənə xəyanət edib və s.

– Bəhram müəllim həm də toylarda gitara çalırdı...

– Məcburiyyətdən. Ona şərait yaratmırdılar. Çox toya gedib. Hər toydan da 50, 100 manat qazanıb. Amma pulları bir yerə yığmayıb. Mahnıları kimi.

– Evdə məclis qurmağı xoşlayırdı? Kimlər gəlib-gedirdilər?

– Hə, xoşlayırdı. Qazandığı pulların çoxu elə yeyib-içməyə gedirdi. Televiziya işçiləri gəlirdilər. Məclis adamı idi. Qonşuları da çağırırdı. Bir dəfə eşitmə qabiliyyəti zəifləmiş bir dostuna şeir yazmışdı. Deyirdi ki, qulaq köçürə bilən bir həkim tap, mən öz qulağımın birini sənə verim. Belə bir adam idi. Övladı olmayan bir qohumu var idi. Ona demişdi ki, Ceyranı verim, sən saxla. O da istəmədi.

– İstəsəydi, doğrudan, verərdi?

– Beş gün verdi, saxladılar. Sonra onsuz ürəyi dözmədi.

– Eşitdiyimə görə, ananız ona qarşı çox yumşaq olub. Pul xərcləməsinə də.

– Hə. Onunla çox işi olmazdı.

– Ananız atanızdan sonra rəhmətə gedib?

– Bəli. Qazandığı pulları yığan olmayıb. İmkanlı vaxtlarında həmişə adamlara borc verirdi. Kasıb vaxtında gəlib ondan borc istəyirdilər, qaçıb gizlənirdi yox deməmək üçün. Borc verdiyi adamlar da yumşaq biri olduğunu görüb aldıqları pulu geri qaytarmırdılar.

– Atanızla bağlı həmişə yadınıza düşən hansı xatirə var?

– Çox şey var. Onun haqqında düşünmədiyim gün yoxdur. Məni əsəbiləşdirən bir çoxlarının bu adamı plagiatlıqda ittiham etməsidir. İndi o qədər də yaxşı maddi imkanım yoxdur ki, vəkil tutub onlara cavab verim. Onu fars mahnılarını oğurlamaqda da ittiham edirlər. Elə deyil axı. Bu adam, sadəcə, bir-iki fars musiqisinə söz yazıb. Onları milliləşdirib. Bu nə vaxtdan Vətənə xəyanət hesab olunur? O, təmənnasız şəkildə xalqına xidmət edib. Əgər bu xəyanətdirsə, mən xalqdan üzr istəyirəm. Bu boyda bəstəkarı oğru çıxartmaq istəyirlər.

2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi.

– Reanimasiyada olduğu vaxtlarda danışa bilirdi?

– Danışırdı, amma çox şey yadından çıxırdı. O vaxtında belə, şeir deyirdi, biz onun yerinə yazırdıq.

– Mahnıya görə ona hücum edən adamlar arqument kimi nəyi gətirirlər?

– Bizdə ümumiyyətlə arxiv olmayıb. O vaxt həvəskar bəstəkarlara qarşı münasibət də pis olub. Onları Bəstəkarlar İttifaqına yaxın buraxmayıblar. Həvəskarlar daha çox toyda öz mahnılarını təşviq edirlər. Həmin toylardan çıxan mahnılar bir müddət sonra konsertlərə gedir. Dörd-beş il sonra oradan televiziyaya çıxır.

Bu qədər müddət keçəndən sonra o mahnılar lentə yazılır, arxivə göndərilir. Farslar, ermənilər və digərləri isə o mahnıların arxivləşməsini daha tez edirlər. Ona görə bir çox mahnılarımız da onlarınkı kimi bilinir.

İndi həmin arxivçilər gəlib Bəhram Nəsibova ilişirlər. Onun mahnılarının oğurluq olduğunu iddia edirlər. Bizdə arxivləşmə gec olduğu üçün də sübut edə bilmirik. Bizimkilər də özününküləri başqasının ayağına verməkdə maraqlıdırlar. Ona görə onlar da bu adamlara qoşulub Bəhramı oğru adlandırırlar.

– Ad verildi atanıza?

- Yox. Hələ həvəskar bəstəkar kimi siyahı verəndə də onun adını oradan çıxardılar. Özü də bunu edən adam öz qarabağlısı idi. Qarabağlı bəstəkar Süleyman Ələsgərov da onu ən çox vuran adamlardan biri idi. Bir dəfə eyni toyda iştirak edirdilər. Süleyman müəllim atama deyib ki, “Qarabağ” mahnısını çal. Oynadıqdan sonra Bəhram Nəsibov ona yaxınlaşıb, deyib ki, mən bəstəkar Bəhram Nəsibovam. O da deyib ki, belə bəstəkar tanımam. Deyib, bəs bayaq oynadığın “Qarabağ” haqqında xoş söz dedin. O da deyib ki, həmin mahnı xalq mahnısıdır. Bəhram deyib, xalq mahnısı deyil, mənim mahnımdır. Ondan sonra deyib, tanıdım.

– Arif Babayevlə münasibəti necə idi?

– Yaxşı idi.

– Bayaq Zeynəb Xanlarovanın adını çəkdiniz…

– Hə, onunla arası çox yaxşı olub. Ona mahnı da yazıb. Sonra paxıl adamlar onun adından Zeynəb xanıma xoş olmayan sözlər çatdırıblar. Beləcə, o utandığından daha Zeynəb xanımın yanına getməyib. Amma getsə idi, o da Ələkbər Tağıyev kimi tanınardı.

– Bəhram bəyin son günlərini necə xatırlayırsınız?

– Anama deyirdi ki, mən səni çox incitmişəm. Bundan sonra incitməyəcəm.

– Evdə idi o vaxt?

– Hə. İki-üç gün sonra rəhmətə getdi.

- Uşaqlarının toyunu görə bildi?

– Bircə kiçik qardaşımın kiçik toyunu etdi.

– Qohumlarla münasibəti də pis olub?

– Qohumlar onu sağılan inək kimi görüblər. Heç biri onun dərdinə yanan olmayıb. Özü də şeirlərində qeyd edib anasının, qardaşının ona yad olduqlarını.

– Xəstə yatanda gəlib ziyarət etmədilər?

– Xəstə olanda insan acizləşir. Bizimkilər adamı belə görəndə daha çox sevirlər.

– Qohumlarını gözləyirdi?

– Hə. Birlikdə oxuduğu adamlara zəng edirdi, telefonu açmırdılar.

– Ən çox kimi görməyi arzulayırdı?

– Özü qəzetdə iki nəfərin - Şamo İsayev ilə Niyaməddin Musayevin - adlarını yazmışdı.

– Şamo da gəlməmişdi?

– Yox. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır.

– Aradan uzun illər keçib. Zaman yaraları sağaldır deyirlər. Atanızın xəstəliyi, başına gələnləri unuda bilmisiniz? Yoxsa hər şey olduğu kimi qalıb?

– Zaman heç nəyi sağaltmır. Belə olması daha yaxşıdır. İnsan sağalmayanda intiqam hissi də güclənir. Qisas keçmişə, intiqam gələcəyə hesablanır. Məndəki intiqam hissidir. İmkanım olan kimi bütün çaqqalları məhkəməyə verəcəyəm.
Ardını oxu...
Məşhur bəstəkar 20 illik ayrılıqdan, tənhalıqdan və yaratdığı əsərlərdən danışdı

Küçəni, evi, bloku rahatlıqla tapdım. 20 il əvvəl də bu mənzildə onunla həmsöhbət olmuşuq. Yoxluğunda ayağım o küçəyə düşəndə, evinə tərəf nisgilli bir həsrətlə baxırdım. Bura onun evidir – elə bil sükuta, kədərə qərq olub. Bircə qayıtsaydı… İkinci mərtəbəyə qalxan pilləkənləri çıxıram. Qapını açıb ki, mənzili səhv salmayım, amma mənzil də dəqiq yadımdadır.

Ölkədə ziyalı qıtlığı var, bunu hamı bilir, barmaqla sayılacaq ziyalı qalıb. O azlardan biridir Cavanşir Quliyev, özü, sözü, şəxsiyyəti və sənətkarlığı ilə bütünlük təşkil edən adam. 20 il Azərbaycandan kənarda yaşadı… Yaşadımı? Artıq Azərbaycandadır və bütün sualları da özünə vermək şansımız var. Pressklub.az-ın oxucularının qonağı bəstəkar Cavanşir Quliyevdir…


– Cavanşır müəllim, beşinci aydır Bakıdasınız. Az da olsa, hər hansı məyusluq olub ki, niyə qayıtdım?

– Yox. Bilmirəm, Allahın işidir, valideynlərimin tərbiyəsidir, bir addımı atmazdan əvvəl çox düşünüb-daşınıram, özüm özümlə çoxsaylı iclaslar keçirib, qərar verirəm. Bütün amilləri nəzərə alıb qərar verdiyim üçün peşman olmuram. Bilirdim hara gəlirəm, hər il ən azı iki dəfə gəlib-getmişəm, xəbərim vardı nə var, nə yox. Buna rəğmən, mənim üçün sanki yeni ölkə oldu. Hərdən mənə elə gəlir ki, başqa ölkəyə gəlmişəm. Qoyub getdiyim Azərbaycan deyil. 20 il keçib, təbii ki, dəyişməli idi. Yaxşı tərəflər də görürəm. Xüsusi ilə məni rast gəldiyim gənclər sevindirir. Bu boyda problemli cəmiyyətin gənclərinin bir qismi bilikləri, dünyagörüşləri ilə məni şad etdilər.

– Tələbələriniz deyirsiniz?

– Təbii ki, gördüyüm gənclər onlardır. Xəzər Universitetində və Bakı Musiqi Akademiyasında dərs deyirəm. Çox rahatlaşdım ki, irəlidə bu gənclərin içindən ölkə idarə edəcək səviyyədə yetişəni də olar. Təbii ki, cəmiyyətin bəzi yaraları hələ də sağalmayıb, davam edir. Mən bilirdim hara gəlirəm, bilə-bilə gəldim, çünki artıq gəlməli idim. Belə deyəndə bəzi həmkarlarınız mənə məşhur bayatını xatırladır:

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı…

Vətən ölmək üçün deyil. Amma həm də elə rahat ölmək üçündür. Bayatının mənası budur ki, vətən sənin ölünə də sahibdir, səni hər cür qəbul edir.

– Bayaq dediniz bir qism gənclər, onlar elə həmişə bir qism olublar…

– Bəli, yaxşı ki, o qism var. Olmaya da bilərdi. Məsələn, gedəndə ümidsiz idim. Ora universitetə oxumağa gələn gənclərimizin heç biri mənə bu ümidi vermədi. Hamısı zəngin ailənin ərköyün uşaqları, heç nə bilmirlər. Zor gücünə ingilis dili kurslarına qoyublar ki, xaricə oxumağa göndərsinlər. İngilis dili bilməklə iş tamam olmur. Bilik lazımdır, o yoxdur. Ora gələn kimi ətrafdakı tələbələrin biliklərini, bir-biri ilə elmi mübahisələrini, ağıllı söhbətlərini görüb, büzüşürlər.

– Bayaq bir ifadə işlətdiniz, özümlə iclas keçirirəm, yaradıcı insanlar iclası sevməz axı.

– Hər kəs müşkülə düşəndə düşünür, mən bir az iclas formasında düşünürəm. Özüm özümə bəzi suallar verirəm, cavabını axtarıram. Uşaqlıqdan, “Robinzon Kruzo”nu oxuyandan beləyəm. Robinzon Kruzo adaya düşəndə oturub düşünür, hətta qumun üstündə yazır-mənim bu adada olmağımın yaxşı tərəfləri və pis tərəfləri. O vaxtdan bu mənim xoşuma gəlib və elə də analiz edirəm.

– Özünüzü danladığınız da olur?

– Təbii ki, peşman olduğum da olur, gərək etməzdim deyirəm. Hər kəsdə olur. Ancaq unuda bilmədiyim elə böyük peşmanlıq olmayıb.

– Bəs, ölkədən gedəndə nədən incimişdiniz?

– Durumum çox pis idi. İşdən çıxarmışdılar. İşim yox, aşım yox, cibim boş, qarnım ac. Belə bir vəziyyət idi, əsəblər də tarımda. Kimsə yardım etmədi, maddi demirəm. Kimsə ümid vermədi, ovundurmadı, dostlarım belə. Müğənnilər də, həmkarlarım da, özünə ziyalı deyən nadanlar da. Oyun seyr edirdilər. Hamısı gördü ki, Cavanşir uduzdu, getdi. Sevinənlər də oldu, xüsusən həmkarlarımın bəziləri dedilər ki, canımız qurtardı ondan, getsin cəhənnəmə.

– Çəkildi qarşımızdan.

– Hə… Getdim Kiprə, orda da bir müddət hər şey rəvan olmadı. Nə qədər eyni millət olsaq da.

– Sıfırdan başlamalı oldunuz.

– Demək olar ki. Heç kimə kimliyimi demədim, müəlliməm, vəssalam. Bilsəydilər, onlar da məni çəkəcəkdilər ictimai-siyasi işlərə. Orda siyasət daha maraqlıdır, çünki hər seçkidə rəhbərlik dəyişir. 20 il yaşadım orda, beş prezident dəyişdi, 7-8 baş nazir. Hər dəfə dəyişirlər, çünki həyatları pisləşəndə bunu ölkə başçısını dəyişməklə həll edirlər. Ona görə o işlərə qarışmadım. Dərsimi deyib, gəlib əsərlərimi işləyirdim.

– Əslində siz heç vaxt siyasətdə olmamısınız.

– Yox, heç vaxt özümü siyasətdə görməmişəm, deyiləm də. Bizim məmləkətin bir xüsusiyyəti var, bir adam tənqid edirsə ki məsələn, avtobus yaxşı işləmir, deyirlər müxalifətçisən. Orta bir vətəndaşın tənqidini qəbul etmirlər. Düşünürlər ki, tənqid edirsə, siyasi marağı var. Mən ömrümdə heç bir siyasi partiyanın üzvü olmamışam, heç sovet vaxtı komsomola üzv olmadım. Konservatoriyaya sənədləri təqdim edəndə, komsomol üzvlüyündən çıxarış gətirib verməlisən, dedim unutmuşam, sən qeyd elə, rayona gedib gətirəcəm, o da qeyd etdi, qoydu qırağa və unutdu. Elə də oxudum, sonra hətta komsomol mükafatı da aldım. Gülüstan sarayında təqdimat idi, Mərkəzi Komitənin məsuluna yavaşca pıçıldadım ki, indidən deyim, sonra eşidib məni günahlandırmayasınız, mən komsomolun üzvü deyiləm. Bir az dondu, düşündü və dedi ki, daha gecdir, fərman verilib, heç kimə demə.

– Dövlət adamını da yalana ortaq etdiniz? Bəs, o mükafat nəyə görə verilirdi sizə?

– İki əsərimə görə, mükafatın kağızında belə də yazılıb – “Sazla skripka üçün sonata”, bir də “Orkestrlə zurna üçün uvertura” əsərlərinə görə.

– Bəs, orda necə oldu, bildilər sizin kim olduğunuzu?

– Bəstəkar olduğumu internetdən öyrənib bildilər, ünlü bəstəçisiniz – dedilər. Amma ictimai məsələləri bilmədilər. Universitet üçün bəstələrim oldu, musiqilər yazdım, bəzən səhnədə canlı ifa edirdim. Bir dəfə “Şahnaz” operettasında canlı ifa etdim, həm də orkestrin əvəzinə. 2016-cı il 15 Noyabr Şimali Kiprin cümhuriyyət günündə Azərbaycanda tədbir keçirilirdi. Mən ordan bir müğənni ilə gəldim, Bakıda Kipri təmsil etdim. Dedilər, məmləkətinizi də görmüş olarsınız, gedin bizi təmsil edin. Hətta burda çıxışımda “mən bir kiprli olaraq” cümləsini işlətdim.

– Həyatınızı neçə dövrə bölmək olar? Kiprə qədərki və ondan sonra?

– O da var, amma burda da etaplar olub, 3-5 olar.

– Hansı dövr daha məhsuldar və ürəyincə olub?

– Kiprdə daha məhsuldar olub. Ürəyimcə deyə bilmərəm, amma məhsuldar olub. Kəmiyyət baxımından ən çox əsərimi orda yazmışam, üç balet, üç oratoriya, bir simfoniya, bir sıra kamera əsərləri. Ordan bura mahnılar, burdakı tamaşalara, filmlərə musiqilər. Burda həyat gərgin olur.

– Orda yaradıcı rahatlığı tapmısınız.

– Beş aydır gəlmişəm, görürsən, otağım bomboşdur, işləməliyəm, mümkün deyil, işləməyə qoymursunuz (gülümsəyir – R.Q.).

– Hə, günah yenı biz jurnalistlərin oldu?

– Təbii ki, zarafat edirəm. Bir gündə iki televiziya çəkilişinə getmişəm. İmtina etmək olmur, onları da başa düşürəm, eyni simalardan qurtulmaq istəyirlər. Başqa işlər də çıxır, buranın həyatına alışmaq lazımdır. Orda həyat daha aramlı, sakit idi. Kiprliyə səhər-səhər “günaydın” deyirsən, günorta yeməyində cavab verir ki, “günaydın, əfəndim”.

– Son dəfə sizinlə söhbət edəndə, “Müşfiq” oratoriyasını işləyirdiniz və nigaran idiniz ki, oratoriyanı tamamlayıb Bakıda premyera edə biləcəm, ya yox. Şükür etdiniz, çox sevindim.

– “Müşfiq” oratoriyasını yazanda onun ruhu ilə söhbət edirdim, elə bil, ruhu da insanlardan küskündür, mənə mane olurdu, yazmağa qoymurdu. Gah xəstələndim, gah başqa maneələr çıxdı, çox çətin yazıb tamamladım. Deyirdim Müşfiqin ruhuna ki, sənin üçün edirəm, imkan ver, yazım. Xəstəliyim də elə oratoriya ilə birgə gəldi. O qış Kiprdə çox soyuq oldu. Ordakı evlər soyuğa hesablanmayıb, çünki soyuq olan yer deyil. O soyuq havada, soyuq evdə oturub, təkcə işləyirdim. Gərgin işlədim, soyuq da öz işini gördü.

– Siz qoyub gedəndə necə olduğu aydındır, qayıdandan sonra nə gördünüz yaradıcı sferada – teatr, kino və musiqidə?

– Köhnə sistem artıq yoxdur. Kinostudiya dağılır, bilərəkdən durdurdular ki, yenisini quracağıq. Yenisini də cəhdlər oldu, hələ nəticə yoxdur. Kənardan belə görünür- bir qrup kino işçiləri istəyirlər ki, kino, sovet vaxtı olduğu kimi, dövlətdən maliyyə alsın. Hardasa haqlıdırlar, düşünürlər ki, kino adamı qapı-qapı pul yığmaz, kinosunu çəkməklə məşğul olar. Yeni nəsil deyir ki, dövlət pul versə, sifariş verəcək. Azad olaq, istədiyimiz çəkək, amma pul da olsun. Hansı doğru, hansı yanlışdır, zaman göstərəcək. Balaca ölkələrdə, məncə, böyük kinofabrik saxlamağa ehtiyac yoxdur. Çəkdik, bunu harda göstərib pul qazanmaq olar, axı ölkə balacadır. Türkiyə böyükdür, ən kiçik kəndlərində belə kinoteatrları var. Bir filmi yüz nüsxə çıxardıb, ölkənin hər yerinə göndərirlər. Sovet vaxtı deyirdilər biz sizə pul veririk, siz bizi vəsf edin. İndi təbliğat yoxdur, pul da yoxdur. Dövlət deyir, qazan, çək, çək, qazan. Çox vacib məsələdir, dərindən araşdırlıb, yolu tapılmalıdır. Maliyyə ayıran haqlı olaraq deyir ki, hanı sənin çəkdiyin hansı film son illər bu millətə nə isə verib? Festivallar üçün çəkirsiniz? Yaxşı, bəs millət necə görsün, faydalansın o filmlərdən?

Mən heç bir ideologiyanın tərəfdarı deyiləm. İdeologiya tərəfdarları deyirlər ki, görün sovet vaxtı nə qədər bəstəkar yetişdi. Deyirlər Sovet hökuməti təhsili təşkil etmişdi, oxuyub yetişirdilər. Bəlkə müəyyən həqiqət var, amma istedadı olmadan yetişmək mümkün deyil.

– İdeologiyanı sevmirsiniz, bəs dinə münasibətiniz necədir?

– Mən Allahın, yaxud bir yaradıcı qüvvənin olduğuna bəlkə var deyə, düşünürəm, amma din nədir, anlamıram.

– Hərdən adam düşünür ki, milyonlar inanırsa, yəqin bir bildikləri var.

– Hə, çünki milyonlar kütlədir, nadan insan daha çoxdur dünyada. Din deyir ki, mən dediyimə kor-koranə inan, sual vermə. Elm deyir ki, yoxlamadan heç nəyi qəbul etmə, sübutunu axtar. Daban-dabana zidd düşüncələrdir. Biri deyir, araşdırmayacaqsan, inanacaqsan, o biri deyir, inanmayacaqsan, araşdıracaqsan. Hərə öz tərəfini seçir, ağlını işlətmək istəyən elm tərəfi seçir, digərləri düşünməyi sevmir, rahat tərəfə keçir. Dindar deyiləm, Allahsız da deyiləm. M.F.Axundov Allahsız deyildi, mollalarla mübarizədə idi. Mən də onun kimi düşünürəm, mən niyə Allahla sizin kimi fırıldaqçılar vasitəsi ilə ünsiyyət qurmalıyam… Bir dəfə bir Avropa alimi demişdi ki, vicdanla yaşayan, amma kilsəyə getməyən insan Allaha o kilsəyə gedən vicdansızdan daha yaxındır.

– Yazıb-yaratmaq mühiti tapmaq üçün istirahətə getmək istəməzdiniz, ailənin yanına, məsələn?

– Mən istirahəti axşam yatmaqla edirəm, musiqi ilə məşğul olaraq edirəm. Gedib dənizdə qumda yatmaq mənim üçün istirahət deyil, anlamıram onu. Dincəlmək başqa, əylənmək başqa, mən musiqi ilə dincəlirəm, əylənmək də mənlik deyil. Çalışacam burda bir şərait yaradıb, işləyim.

– Cavanşir müəllim, tənhalığı özünüz seçdiniz, yoxsa taleyin işidir? Baxıram, otağınız büsbütün nəvənizin şəklidir…

– Buna tənhalıq deyilməz, yox. Həyatımda iki qadın var – biri qızımdır, biri nəvəm.

– Amma onları sizə bəxş edən qadın yoxdur həyatınızda.

– Bu mövzuya toxunmayaq, özünün icazəsi olmadan kiminsə haqqında danışmaq düzgün olmaz, bəlkə istəmir bunu.

– 70 yaş çox deyil, amma gəlinən yola baxıb, özünə hesabat vermək üçün kifayətdir.

– İnana bilmirəm 70 olub. Necə oldu 70 oldu. Arada xəstəlik gəldi, hələ ki, uyutmuşuq xəstəliyi. 70 budursa, 30-da, 40-da da beləydim. Bir bu xəstəlik olmasa, immun sistemim məni qorumaq yerinə, mənə hücum edir. Aradan keçən 20 il elə bil olmayıb, qayıtmışam, evdə hər şey qoyub getdiyim kimidir, elə bil zamana səyahət etmişəm.

70 yaşın hesabatı isə o qədər pis deyil. Arzum, amalım, işim-gücüm ancaq peşəm olub. Soruşsanız ki, qarşıya qoyduğun məqsədə hər baxımdan çata bildinmi, həyata keçirdinmi? Yox. Ümid varmı? Allah ömür versə…

Ramilə Qurbanlı
 
 
 
Ardını oxu...
Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibə verib.

Rusiyanın Baş Kəşfiyyat İdarəsi öz agentlərini Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə daxil edə bildimi? Generallar Nəcməddin Sadıkov, Şahin Musayev və elə Elbrus Orucovun özü niyə Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham olunublar? Baş Qərargah rəisi Nəcməddin Sadıkovla müdafiə naziri Səfər Əbiyev arasında maraq müharibəsi hansı səbəbdən baş verdi? Türkiyəli təlimatçıları Azərbaycan Ordusundan kim çıxarıb? Bəs Ermənistanın hərbi rəhbərləri Azərbaycan Müdafiə Nazirliyinin hərbi xəritələrini necə əldə ediblər?

 

Dünyapress TV

Xəbər lenti