Təbiətin dörd ünsürünü - Su, Od, Yel, Torpağı özündə ehtiva edən, zəngin tarixi və rəngarəng folkloru birləşdirən Novruz xalqımızın ən əziz bayramlarındandır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini bir daha göstərir.
Bu əziz bayramı çox yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev Novruzla bağlı arzularını belə bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər artıq 2 ildir ki, qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur, əminik ki, bundan sonra ölkəmiz bütün bayramları sülh və əmin-amanlıq şəraitində keçirəcəkdir.
Bayramınız mübarək, əziz xalqım.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Teref.az