Cənubi Qafqazda bu üç ölkə vahid mövqedən çıxış etməyənə qədər bu regionda rahatlıq olmayacaq.
Azərbaycanda həm deyirlər ki, Ruben Vardanyan Rusiyanın layihəsidir, həm də deyirlər, separatçı rejim onu vəzifədən qovub. Məntiq yaxşı şeydir.
Ruben Vardanyan Qarabağa göndərilənə qədər “dövlət naziri” vəzifəsi var idi? Rusiya Rubenin şərəfinə Qarabağda vəzifə də icad etmişdi.
Rusiyanın separatçı rejimlərlə bağlı layihələrinin, demək olar ki, hamısı uğursuzluğa düçar olur. Geniş baxanda Ruben Vardanyanın taleyi Abxaziya, Osetiya, Donetsk, Luqansk, ümumilikdə, Rusiyanın separatçı rejimlərin başına qoyduğu şəxslərin taleyindən fərqlənmədi. Rusiya çalışdı ki, Abxaziya, Osetiyanın separatçı rəhbərləri Gürcüstanla danışsın, rəsmi Tiflis bunu qəbul etmədi. Eləcə də Donetsk, Luqansk rəhbərlərilə Ukrayna Prezidenti Paroşenko və Zelenskinin danışmadığı kimi. Rusiya Vardanyanı Qarabağa göndərməklə düşünürdü ki, rəsmi Bakı onunla danışacaq. Rəsmi Bakı digərləri kimi eyni davrandı və danışmayacağını bəyan etdi. Adına məcburiyyət də, jest də deyə bilərik, ya zəlzələdən, ya vəlvələdən, Rusiya Vardanyanı geri çəkməli oldu.
Rəsmi Bakı müharibədən dərhal sonra Qarabağda istər daxildəki agentləri, istərsə də ələ ala bildikləri ilə danışıqlar aparırdı. Düzdür, həmin şəxslər lap yüksək postlar tutmasa da, proses başlamışdı. Rusiya bunu hiss edən kimi dərhal öz nümayəndəsini əraziyə göndərməyə qərar vermişdi. Rusiya üçün, elə Qərb üçün də ən arzuolunmaz şey Bakının Xankəndi ilə vasitəçisiz dil tapması olardı. Çünki Bakı şəbəkəni genişləndirib Qarabağda yaşayan ermənilərlə dil tapsaydı, moderatora da gərək qalmayacaqdı. Belə olan halda, regionda maraqları olan ölkələr də, futbol dili ilə desək, oyundan kənar vəziyyətdə qalacaqdılar.
Rusiyanın Azərbaycanda hərbi bazası yoxdur. Yalnız sülhməramlı adı altında Qarabağda qüvvəsi mövcuddur. Rusiyanın Azərbaycana təzyiq və təhdid rıçaqı sülhməramlılardır. Rusiya rəsmi Bakıya Ruben jestini etməklə sülhməramlıların gələcək 5 il ərzində qalmasını istəyəcək. Lavrovun Bakı səfərində, ehtimal ki, bu mövzu müzakirə ediləcək.
Rusiya buna nail ola bilməsə, Cənubi Qafqazı Ukraynaya çevirməkdən başqa, əlində, demək olar, heç nə qalmır. Çünki Rusiyanın Qərb, Çin, Türkiyə kimi iqtisadi, humanitar yollarla nəyisə əldə etməsinin tarixində analogiyası yoxdur. Ona görə də ən son variantı yazmalı oldum.
Rubenin gedişi hər şeyin müsbətə doğru dəyişəcəyi anlamına gəlir demək sadəlövhlük olardı. Hesab edirəm ki, Rusiya vəziyyəti gərginləşdirmək üçün başqa variantlardan da istifadə edəcək.
Azərbaycan, Ermənistan, Gürcüstan müstəqil dövlətlər olsa da, böyük güclər bu regiona vahid baxır. Ermənistanın Qərbə üz tutub Azərbaycanın müstəqil siyasət yürüdərək Gürcüstanın Rusiyaya meyil etməsi imkansızdır. Bu üçlük Bermud üçbucağı kimi bir şeydir. Ya üçünə də təsir etməlisən, ya da heç birinə. Lap İranı götürək, Ermənistanla dostluq içərisindədir, Gürcüstanın azərbaycanlılar yaşadığı hissəsinə dinlə girir, Azərbaycanı isə təhdid edir.
Bu üç ölkə vahid mövqedən çıxış etməyənə qədər bu regionda rahatlıq olmayacaq. Ancaq hər üç ölkənin uzun illər bir-birinə elə vurdurublar ki, ortaq məxrəcə gəlmək, demək olar ki, imkansızdır.
Səxavət Məmməd
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti