Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-töküntülərin “dövlət naziri” vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan vəzifəsindən azad edilib. R.Vardanyanın yerinə “dövlət naziri” vəzifəsinə Qurgen Nersisyan təyin edilib. Beləliklə, 112 günlük Vardanyan tamaşası sona çatmış oldu.
Vardanyan ilə separatçı tör-töküntülərin “rəhbəri” Araik Arutyunyan arasında intriqanın olduğu bəlli idi. Ruben deyib ki, “Birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər”. O bununla Arutyunyan ilə aralarındakı fikir ayrılıqlarına diqqət çəkərək, vəzifəsindən öz istəyi əsasında getmədiyini demək istəyir.
Vardanyanın vəzifədən azad edilməsinin pərdəarxası
R.Vardanyan hər nə qədər vəzifədən azad edilməsini Arutyunyan ilə əlaqələndirsə də, prosesin əsl səbəbi haqda da ipucları verir. Misal üçün o “birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər” sözlərinin ardınca fikrinə davam edərək deyib ki, “həm də kənardan təzyiq həddən artıq böyük idi. Arutyunyanda informasiya daha çoxdur və o, situasiyanı bilir”.
Vardanyan “kənardan təzyiq həddən artıq böyük idi” deyərkən faktiki olaraq Azərbaycanı, daha dəqiq desək, Prezident İlham Əliyevin qəti iradəsini nəzərdə tutur. Məsələ ondadır ki, ölkə başçısı Vardanyan məsələsində lap əvvəldən prinsipial mövqe sərgiləyərək Rusiyaya açıq şəkildə etirazını bildirdi. Mümkündür ki, Prezident İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışığı zamanı Vardanyan məsələsində yekun sözünü deyib. Digər tərəfdən, Kremlin Vardanyan məsələsinə ötəri yanaşma ehtimalı nəzərə alınaraq hərbi əməliyyat variantı da “B” planı kimi qüvvədə idi.
Növbəti hədəf Araik Arutyunyandır
Azərbaycan Prezidentinin Vardanyan məsələsindəki prinsipial və sarsılmaz mövqeyi Araik Arutyunyanın da sıradan çıxması ilə nəticələnə bilər.
Birincisi, R.Vardanyanın Azərbaycanın təkidi ilə vəzifəsindən azad edilməsi hər şeydən öncə rəsmi Bakının Xankəndi üzərində təsirinin olduğunu göstərir. Bu, həm də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə nəzarət imkanın olmadığı arqumentlərini çürüdür.
İkincisi, R.Vardanyanın məhz Bakının təkidi ilə vəzifəsindən uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə və Araik Arutyunyana olan inamı azalda bilər. Bu, Bakının həm də növbəti mərhələdə Araik Arutyunyanı sıradan çıxarması üçün əlavə dividentlər qazanması deməkdir.
Üçüncüsü və ən önəmlisi, Vardanyanı Rusiyanın belə qoruya bilməməsi erməni əhalisində sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını sarsıtdı.
Laçın yolunda aksiya başa çatır?
Vardanyanın vəzifəsindən uzaqlaşdırılması bu sualı aktuallaşdırır. Lakin bu, Laçın yolunda davam edən ekoaksiyanın başa çatması üçün əsas deyil. Bunun üçün əvvəlcə aksiya iştirakçılarının tələblərinə nəzər yetirmək lazımdır.
Birincisi, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı, Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.
İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.
Üçüncüsü, Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.
Dördüncüsü, Arutyunyan-Vardanyan cütlüyü Qarabağı tərk etməlidir.
Şərtlərə baxdıqda yalnız dördüncü şərtin hələlik yerinə yetirildiyini görmək olar. Daha doğrusu, bu tələb də tam deyil, 50 faizi yerinə yetirilib. Çünki Vardanyan vəzifəsindən uzaqlaşdırılsa da, Arutyunyan ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Aksiya iştirakçılarının digər tələbləri isə ümumiyyətlə həyata keçirilməyib. Vardanyanın vəzifəsindən uzaqlaşdırılması Laçın yolunda aksiyanın yekunlaşması üçün əsas deyil.
Politoloq Turan Rzayev,