Bu yaxınlarda Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov mətbuatda Bakının tıxac problemi ilə bağlı “Bitməyən tıxac dərdimiz” adlı yazı ilə çıxış etmişdi. Bakupost.az -ın dərc etdiyi həmin yazıda o, tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğundan bəhs edirdi. Mövzu aktual olduğundan yazı geniş müzakirələrə səbəb oldu. Ancaq Həsən müəllim bu müzakirələrin gedişində bir sıra məqamlardan narazı qalıb. Cənab general xüsusən də problemləri müzakirə etmək əvəzinə, dövlətdə böyük xidməti olmuş insanları üz-üzə qoymaq cəhdini yanlış hesab edir. Bakupost.az bununla bağlı onun qələmə aldığı yeni yazını təqdim edir: Ümumxalq məsələlərin həllində, bilə-bilə problemlərdən yayınıb şəxsi mövqe sərgiləmək yolverilməzdir. Məncə, bu məsələdə, ictimaiyyəti narahat edən, yol hərəkət iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməyən yol qovşaqlarındakı mövcud nöqsanlara bir daha aydınlıq gətirmək, tıxacların yaranma səbəblərini qeyd etmək, onların aradan qaldırılması yollarını göstərmək, tənqid yox, əksinə, aidiyyatı təşkilatlara kömək, xalqa xidmətdir. Bu, alqışlanmalıdır! Burada hər kəs öz fikrini deyə bilər. Amma, gərək şəxsi düşüncəyə yox, ümumxalq rəyinə, həqiqətə, Qanuna söykənəsən. Allahın, "Qurani-Kərim"də bəşərə, insanlığa aid etdiyi ümumi dəyərlər, haqq, ədalət, dürüstlük, imanlılıq mütləqdir! O, haqq yoludur! Baxış bucağı fərqli olsa da, hədəf bir olmalıdır. O hədəfə gedən yol, insanlıq ölçü vahididir! Kim nə qədər o hədəfə yaxınlaşa bilirsə, bir o qədər də insanlığını nümayiş etdirmiş olur. Ən böyük vəzifə insanlıqdır! Ehtiyac içində yaşayanlar üçün həmişə vicdanlı olmaq çətin olsa da, vicdanlı olmaqdan gözəl peşə, ədaləti qorumaqdan böyük vəzifə yoxdur. Həqiqətdən kənar hər şey öz dəyərini itirir, “hamı kimi olmaq”, “fərqlənməmək” tələbi, bəzən, qaçılmaz olsa da, baxmayaraq ki, dəli çox olan yerdə, ağıllı dəli hesab olunur, mən həmişə haqqın tərəfində duran azın yanında olmuşam. Çünki Allahın razılığı olaraq, bir kimsəsiz məsumu sevindirməkdən aldığım ləzzəti heç nədən almıram. Ayrı-ayrı əsrlərdə yaşasalar da, insanları bir-birinə sevdirən, onların fikirlərinin üst-üstə düşməsi, həyata baxışı, düşüncələrinin eyni olmasıdır. Ona görə də çox sevdiyim və öz adını dünya tarixinə qızıl hərflərlə yazdıran Benjamin Franklinin bir tövsiyəsini oxuculara xatırlatmaq istəyirəm: “...qəzet naşiri kimi mən, həmişə calışmışam ki, şəxsiyyətə qarşı yönəlmiş böhtan və iftiralara yer verməyim. Naşirlərin əksəriyyəti heç bir vicdan əzabı çəkmədən, aramızda olan ləyaqətli insanlara qarşı şər-böhtan yazıları sifariş edənlərin xidmətində dururlar. Bunları yada salmaqla, gənc naşirləri xəbərdar etmək istəyirəm ki, dövri mətbuatlarını zəhərləməsinlər və öz sənətlərini mənfur hərəkətlərlə hörmətdən salmasınlar”. “Qızıl Qələm” mükafatı laureatı, general Həsən Şirinov //Bakupost.az//