
"Taksi sürücülərinin iş qrafiki ilə bağlı məsələyə qanunvericilik səviyyəsində baxılıb, müəyyənləşdirilib. Sadəcə, hal-hazırda bəzi taksi faktları var ki, onlar bu vəziyyətdən sui-istifadə edirlər. Onlar sistemdə elə əməllərə yol verirlər ki, onu müəyyənləşdirmək biraz çətin olur. Məsələn, sonuncu "uçan taksi" söhbətində gördük ki, taksi parkı nə qədər ədəbsiz bir iş görüb, məsuliyyətsizliyə yol verib və belə bir ağır hadisə qeydə alınıb. Bu baxımdan düşünürəm ki, belə məsələlərdə taksi parklarının üzərinə getmək lazımdır. Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir".
Bu sözləri Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O, açıqlamasında qeyd edib ki, 10-12 saatı taksi sürücüləri üçün normal iş rejmi kimi qəbul etmək olar:
"Yəni, istismarı dedikdə iş saatlarından tutmuş, başqa maşını qeydiyyatdan keçirtmək və onunla hərəkətə imkan yaratmaq vəs. nəzərdə tutulur. Belə ki, hər cür əmələ əl atırlar. Məsələn, əvvəl "Pirus"la işləyirdilər, indi isə birdən-birə maşınların hamsını təbii ki, yeniləyə bilməyiblər. Bunu da baş düşmək lazımdır. Yeniləyə bilməyənlər isə elə köhnə maşınları da bəzən, təzə adı ilə qeydiyyatdan keçirdib işlədirlər. Bu hallara görə də ciddi nəzarətə ehtiyac var. Əlbəttə, normal iş və istirahət rejmi olmalıdır. Ümumilikdə baxsaq, taksi ilə bağlı beynəlxalq təcrübədə fərqli yanaşmalar var. Bir çox ölkələr 8 saatlıq iş rejmini üstün tutur. Orada taksinin qiyməti kifayət qədər bahadır və 8 saatda onlar normal qazanc əldə edə bilirlər. Bizdə taksi qiyməti ilə bağlı müəyyən çətinliklər var. Yəni, vətəndaşlar və sürücülər tərəfindən də bu görülür. Sürücülər deyir qiymət aşağıdır, vətəndaşlar bildirir ki, bahadır. Hesab edirəm ki, bunu hansısa formada tənzimləmək lazımdır. Azərbaycanda, ümumiyyətlə, taksi sürücülərinin iş rejminə gəldikdə isə, hesab edirəm ki, 10-12 saatı normal iş rejmi kimi qəbul etmək olar. Yəni, onların iş saatlarında etdiyi fasilələri də nəzərə alsaq 10-12 saat, məncə, normaldır".