b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_96f61f3579ac249f6f1c5ce843434aa0.jpg
   

Azərbaycan teatrı böhran içindədir -  bəs dirçəliş formulu  nədir?

“Cahangir Novruzovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.  Deputat Səyyad Aran belə çağırış edib. Deputat bildirib ki, Cahangir Novruzov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: “Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət camiyəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Novruzovla danışıb, onu Vətənə dəvət etsin”.

Xalq artisti Rasim Balayev isə Medianews.az-a bildirib ki, Novruzov həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz, bu, bir nəfərlə olmur.

Cahangir Novruzov Azərbaycana qayıtması təklifindən danışdı: "Nə üçün  gəlməliyəm?" Pravda.az

Cahangir Novruzov

Cahangir Novruzov Oxu.Az-a açıqlamasında deyib: “Bu məsələ mənim üçün nəinki xoş, hətta gözlənilməz bir fəxrdir. Əgər Vətənimin, millətimin Milli Məclisində haqqımda danışılırsa, bu, mənim xalqım üçün, millətim üçün, Azərbaycan mədəniyyəti üçün bir anlam kəsb etməyim deməkdir. Bundan ancaq qürurlanmaq, fəxr etmək olar. Hətta xəbəri birinci dəfə oxuyanda yoldaşım dedi, sən niyə qızardın belə? Dedim, əsəbiləşmədim, utandım. Təsəvvür edin ki, 30 ildir yada düşməyən bir adamı birdən-birə Milli Məclis yada salır. Həmişə dediyim bir söz var - mən də Azərbaycanın bir əsgəriyəm. Harada lazımamsa, Vətənim məni istəyirsə, oraya getməyə, baş qoymağa hazıram. Bu gün həqiqətən lazımamsa, rəsmən müraciət edərlər, oturub ciddi söhbət edərik. Əgər Vətənimdə mənə ümid bəsləyirlərsə, demək ki, gələndə orada nələrsə etməliyəm. Mən vəzifə həvəskarı olmamışam, deyiləm də. Amma bəzi reallıqlar var. Bilirsiniz ki, artıq 30 ildir Türkiyədəyəm. Demək olar burada kök salmışam. Nəvələrim burada oxuyurlar, yaşayırlar, işləyirlər. Özümün burada qurduğum bir sistem var. Yəni bildiyiniz-bilmədiyiniz bir çox şeylər var ki, bunların hamısını düşünməliyəm, götür-qoy etməliyəm. Əgər bu söhbətimiz 20 il bundan əvvəl olsaydı, mən yəqin ki, bu qədər dərinə getməyə ehtiyac bilməzdim.

Bayaq dediyim kimi, Vətənim üçün hər şeyə hazıram. Əgər mənim gücüm, bacarığım, istedadım Azərbaycan mədəniyyəti üçün az da olsa xeyirli olacaqsa, bundan ancaq xoşbəxt ola bilərəm. Amma tamamilə köçüb gəlmək, ya gəlməmək məsələsi bir anda veriləcək cavab deyil.  Rasim müəllimin fikri ilə də tam razıyam. Azərbaycan mədəniyyətinin inkişafı üçün biz hamımız səfərbər olmalıyıq, bir olmalıyıq. Tək əldən səs çıxan deyil".

Bəs teatrı nə və ya kimlər düzəldə bilər? Teatrımızda hansı işlər görülməlidir?

Bir sıra teatr tənqidçiləri qeyd edir ki, Azərbaycan teatrı hazırda dərin böhran içindədir. Lakin bu böhranın dərmanını yalnız Cahangir Novruzovun gəlişində görmək, onun xilas missiyasını daşıyacağını düşünmək romantik və həddən artıq optimist yanaşmadır. Daha konkret desək, Cahangir Novruzov bu gün “ana teatr” sayılan Akademik Milli Dram Teatrında baş verən dərin qalmaqalları səngidəcək, oradakı pozulmuş yaradıcılıq balansını bərpa edəcək şəxs kimi təqdim olunsa da, bu gözləntilər indiki reallıq fonunda bir qədər utopik görünür.

SON DƏQİQƏ! Məryəm Əlizadə ilə bağlı ÜZÜCÜ XƏBƏR | KONKRET

 Məryəm Əlizadə 

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, Akademik Milli Dram Teatrında normal yaradıcılıq prosesi gedir.

O ki qaldı Cahangir Novruzovun ölkəyə gətirilməsi məsələsinə, o,  mənim tələbəlik illərimdən çox əziz dostum, Azərbaycanın böyük aktyorudur. O, Türkiyəyə gedəndə çox təəssüf etdim ki, belə bir böyük aktyoru itirdik, o mənada ki, ölkədən getdi. Onun getmə səbəblərini də bilirik, bu, səbəbsiz deyildi. O, müəyyən maddi və digər çətinliklər qarşısında qalmışdı və sairə. Türkiyədə də çox böyük nüfuz qazanıb. Hesab edirəm ki, Cahangir Novruzov Azərbaycan teatrına hər zaman lazımdır.

Amma bir daha qeyd edirəm ki, Akademik Milli Dram Teatrında  yaradıcılıq prosesi öz qaydasındadır. O ki qaldı yaranmış səs-küyə, qalmaqallara, aktyorlar həmişə obrazlar yaradırlar, cilddən-cildə girməyə məcbur olurlar və onların əsəbləri həmişə adi insanlardan daha çılpaq olur. Görünür, indi kimsə nədənsə inciyib. Buna görə oturub söhbət etmək, anlaşmaq, qarşılıqlı hörmət mühitində müzakirə aparmaq olar. Belə bir el sözü var ki, “qanı qanla deyil, su ilə yuyarlar”.

Mən şəxsən teatra gedirəm, görürəm və ona görə də deyə bilərəm ki, teatrda hər şey normaldır. Çox təəssüf edirəm ki, teatrdakı söz-söhbətlər artıq kənara çıxıb, kənarda müzakirə olunur. Hər şeyi daxildə həll edib, öz qaydasına qoymaq olardı. Konflikt heç bir zaman heç bir nəticə vermir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti