b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_9389467768591737680faf1bfa65fc34.jpg
  

Rusiya da son “kartı” işə salır; Kremlin əl-qolu açılmamış Paşinyan bu addımları atmalıdır...

Azərbaycan və Ermənistan arasında sülh sənədi mətninin razılaşdırılması ilə iki ölkənin barışığı yolunda mühüm addım atıldı. Bu səbəbə sülh əleyhdarları artıq hərəkətə keçib. Hərçənd sənədin imzalanması üçün İrəvan daha iki şərtə əməl etməlidir.

Onlar bəlli. Əks halda, anlaşma uzunömürlü olmayacaq. Azərbaycan Paşinyan iqtidarı ilə deyil, Ermənistanla, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Pozucu qüvvələr üçün son unikal “fürsət” də elə budur: həmin iki şərtin reallaşmasını əngəlləməklə iki qonşu xalqın və ölkənin barışığına imkan verməmək...

“Qraparak” erməni qəzetinin yazdığına görə, təxminən bir ay öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanı kurasiya edən Dmitri Kozakı Rusiya Prezidentinin Administrasiya  rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə əvəzləyib. Nəşr bildirir ki, yeni təyinat Ermənistanın Kreml üçün mühüm istiqamətlərdən biri olduğunun sübutu sayıla bilər: “Kiriyenko administrasiyada nüfuzlu şəxsdir və Putin ona etimad bəsləyir. Məlumatlara görə, Kriyenko artıq bir sıra erməni siyasətçi ilə danışıqlar aparıb, hətta bəzilərini Kremldə qəbul edib. Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan onunla Moskvada görüşüb. Köçəryanın ofisi isə ənənəvi olaraq şərh verməkdən çəkinir”.

Köçəryanın Rusiya lideri ilə isti münasibətlərini də nəzərə alsaq, məlumatın səhihliyinə şübhə qalmır. Şübhə yox ki, Bakı türməsinin “darıxdığı” Xocalı hərbi canilərinin (Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan) və ya hansısa digər radikal-revanşist qüvvənin hakimiyyətə gəlişi Azərbaycanla sülh sazişinin imzalanmasını uzaq perspektivə atacaq. Hansı ki, Rusiyanın da strateji maraqlarına uyğundur. Çünki Moskva bölgədə ənənəvi olaraq konfliktlər sayəsində öz mövcudluğunu saxlamağa çalışır. Görünür, Moskva sülh sənədinə qarşı son “kartı”nı işə salmağa hazırlaşır. Belədirmi?

Xatırladaq ki, Putin başda olmaqla, Rusiyanın ən yüksək çinli rəsmiləri Qarabağı Azərbaycanın tərkib hissəsi elan edən Nikol Paşinyanı hələ də bağışlaya bilmirlər. Köçəryanlar, sərkisyanlar, ohanyanlar üçün isə təbii ki, “artsax” kitabı bağlanmayıb. Bu səbəbə revanşistlər Ermənistan konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması üçün hər şeyi edir və edəcəklər. Hansı iddialar ki, Kremlin də maraqlarına uyğundur. Ona görə ki, bu, kapitulyant ölkədə Rusiyanın hərbi mövcudluğunu zəruri edir. Eyni zamanda bu iddialar Azərbaycana qarşı istənilən vaxt müharibəyə başlamaq üçün “hüquqi” əsasdır.

Eləcə də Minsk Qrupunun saxlanması konfliktin bitmədiyi görüntüsünü yaratmağa xidmət edir. Ancaq bir var, müxalifətdə olub belə çirkin məqsədlər üçün çalışasan, bir də var əlində hakimiyyət varkən. Əlbəttə ki, ikinci halda revanşistlər özlərini daha rahat hiss edəcəklər. Üstəgəl, onlar Rusiyanın birbaşa himayəsi altında olacaqlar. Odur ki, hakimiyyət səbirlə öz xalqını sülhə hazırlamalıdır. Paşinyan hökuməti gerçəkdən də öz cəmiyyəti üçün yeni dağıdıcı müharibə arzulamırsa, sülh və əmin-amanlıq naminə Bakı ilə sülh müqaviləsinin tezləşməsini istəyirsə, o zaman tələsməli, revanşist dəstə hakimiyyətə qayıtmamış, Güney Qafqazda Kremlin əl-qolu təzədən açılmamış konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmağın yolunu tapmalıdır. Bunu parlament səviyyəsində etmək mümkünsə, parlament çərçivəsində etməlidir...

Bəs Kreml “Köçəryan projesi”ni gündəmə gətirə bilərmi?

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın çoxdankı arzusudur. Onun fikrincə, bunun üçün hazırda sosial baza yoxdur, çünki keçmiş prezident Köçəryanın nüfuzu yerlərdə sürünür. Bununla belə, Kremlin Ermənistanda təsir imkanlarının qaldığını deyən Q.Hüseynli hesab edir ki, o “kart”ın biri də hər nə qədər zəifləmiş olsa da, keçmiş “Qarabağ klanı”dır: “Rusiya prezidenti ötən il Yeni il bayramı münasibətilə  Köçəryana və Sərkisyana təbrik məktubu göndərmişdi. Baş nazir, erməni xalqı qala-qala təbrik sabiq prezidentlərə ünvanlanmışdı. Deməli, Rusiya prezidenti hələ də onlara dəstək verir. Düşünmürəm ki, bu dəstək onların iqtidara qayıdışını təmin edəcək, lakin təzyiq aləti olaraq qalmaqdadırlar. Ümumiyyətlə, Putinlə Köçəryan şəxsi əlaqələrə sahibdir, ona görə Paşinyan keçmiş prezidenti həbs etdirəndə Kreml lideri onun azad edilməsini istəmişdi. Bu baxımdan, Moskvada bəzi görüşlərin və məsləhətləşmələrin olması mümkündür. Məqsəd Ukraynada müharibə qurtarandan sonra Ermənistanda təzyiqlərə başlamaqdır”.

Professorun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağda yeni müharibənin başlanmasına səbəb olmayacaq, lakin sülh müqaviləsinin imzalanmasını daha da çətinləşdirəcək: “Təsəvvür etmirəm ki, Xocalı qatili Köçəryan hakimiyyətə qayıtsın. Erməni xalqı onun kimilərdən çox çəkib. Paşinyanın reytinqi aşağı düşsə də, yenə də seçkidə üstünlük qazanır. Əgər Köçəryan kimilər yenidən hakimiyyətə gələrsə, Azərbaycanla danışıqlarda böyük pauza olacaq. Çünki Qarabağa olan iddianı yenidən gündəmə gətirəcək, revanşist mövqe tutacaq, Bakı isə onunla bir masaya heç oturmaq istəməyəcək. Çünki onun yeri hakimiyyət kürsüsü yox, Araikin yanıdır. Odur ki, hər şey 2026-cı ildən asılıdır. Əgər Paşinyanın partiyası parlament seçkilərində qalib gəlsə, o zaman iqtidar daha da möhkəmlənəcək. İnanıram ki, belə də olacaq. Bəli, Paşinyan üçün çətin seçki olacaq, amma qalib gələcək. Burada Ermənistan hakimiyyətini dəstəkləyən Qərbin də maraqları var. Onlar Paşinyanın qələbəsi üçün təbliğat maşınını gücləndirəcəklər. Eyni zamanda Türkiyə və Azərbaycanın da siyasi-diplomatik manevrlər edərək Paşinyanın iqtidarda qalması üçün müəyyən jestlər etməli olduqlarını düşünürəm. Bu, Zəngəzur dəhlizi, regionun gələcəyi və ən vacib məsələ - yekun sülh müqaviləsi üçün labüddür. Yəni Paşinyanla bu prosesi başa vurmalıyıq. Bu nöqteyi-nəzərdən, Kremlin planlarını alt-üst etmək lazımdır”.

Arif İsmayılbəyli komadan ayıldı

 Arif İsmayılbəyli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli isə hesab edir ki, Rusiyada keçirilən gizli görüşlər revanşist müxalifətin gücləndirilməsinə xidmət edir. Onun qənaətinə görə, Rusiya 2026-cı il parlament seçkilərinə hazırlaşır: “Moskva anlayır ki, çevriliş mümkün deyil. Gürcüstanda da alınmadı, seçki yolu ilə Saakaşvilini dəyişməyə nail oldular. Eyni ssenari Ermənistan üçün hazırlana bilər. Sadəcə, Gürcüstanda yeni siyasi qüvvə meydana çıxmışdı və bu gün də iqtidardır. Yəni Şevardnadzenin adamları deyildilər. Ermənistanda isə Paşinyana qarşı qüvvə keçmiş prezidentlərdir, onların isə xalq içində hörməti qalmayıb. Ona görə Rusiya yeni siyasi qüvvə ortaya çıxara bilməsə, gələn il Paşinyan revanşistləri seçkidə məğlub edəcək. Hər şeydən öncə rəsmi İrəvan anlamalıdır ki, Rusiyanın Ukraynada əl-qolu açılmamış Azərbaycanla sülh məsələlərini tezləşdirməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Dünyapress TV

Xəbər lenti