![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi brifinq zamanı guya Rusiya Prezidenti Vladimir Putinə Ukraynada atəşkəslə bağlı “dedlayn” – yəni son tarix qoyduğu iddia olunub.
Lakin rəsmi yayım materiallarına və Trampın çıxışına əsasən, bu məlumat həqiqəti əks etdirmir.
Rəsmi videotranslyasiyada Trampa belə bir sual ünvanlanıb:
“Prezident Tramp, siz Rusiyanın Ukraynaya hücumunun səhv olduğunu demisiniz. Bu səhv nədən ibarət idi? Və siz Putinə atəşkəs üçün hər hansısa bir dedlayn təyin etmisinizmi?”
Tramp bu suala konkret “bəli” və ya “xeyr” cavabı verməyib. O, yalnız müharibənin başlanmasının ümumiyyətlə səhv olduğunu bildirib:
“Bəli. Səhv ondadır ki, bu müharibənin başlamasına ümumiyyətlə imkan verildi. Əgər Bayden səriştəli olsaydı və Zelenski də səriştəli olsaydı — gerçi, mən bu barədə əmin deyiləm — bu baş verməzdi. Onunla (Zelenski ilə) çətin görüşümüz oldu. Daim nəsə istəyirdi — daha çox və daha çox…”
Tramp əlavə edib ki, onun prezidentliyi dövründə Putin bu məsələni heç gündəmə gətirməyib və ABŞ-da keçirilən saxtalaşdırılmış seçkilərdən sonra müharibə başlayıb:
“Mən prezident olduğum 4 il ərzində Putin bu məsələyə toxunmayıb belə. Amma seçkilər saxtalaşdırıldıqdan və mən postumu tərk etdikdən sonra bu müharibə başladı. Bu müharibənin baş verməsi üçün heç bir əsas yox idi. Bayden onu dayandıra bilərdi.”
“Putinə açıq demişdim: bunu etmə!”
Tramp deyib ki, özü dövründə Putin belə bir müharibəyə cəsarət etməzdi:
“Mən ona açıq demişdim: bunu etmə! Sən bunu etməyəcəksən. Bu onun sevimli oyuncağı idi, amma o bu addımı atmazdı. Sadəcə, neftin qiymətini endirmək lazım idi. Bayden isə qiymətləri süni şəkildə yüksək saxladı, çünki hasilatı çətinləşdirdi. Əgər qiymətlər aşağı olsaydı, bu müharibə baş verməzdi. Amma mən hakimiyyətdə olsaydım, heç nə olardı.”
“Bu — Baydenin müharibəsidir, mən onu dayandırmaq istəyirəm”
Tramp bugünkü itkiləri “böyük fəlakət” adlandıraraq bildirib:
“Bu gün hər həftə təxminən 2500 gənc ölür — həm ruslar, həm ukraynalılar. Amma heç kimə maraqlı deyil. Deyirlər, axı onlar nə sizin, nə də bizim ölkəmizdəndirlər. Amma mən bunu dayandırmaq istəyirəm. Bu 2500 nəfərin ölməsi — bu qırğındır.”
O, Ukraynadakı müharibəni ABŞ-da baş vermiş vətəndaş müharibəsinə bənzədib və əlavə edib:
“Bu, bizim dövrümüzdə baş verməməli idi. Amma müasir dövr özü də çox qəddardır. Bu müharibə olmamalı idi. Bayden onu dayandıra bilərdi. Zelenski də dayandıra bilərdi. Putin isə heç başlamamalı idi. Hamı günahkardır.”
Nəticə: Trampın çıxışında Putinə rəsmi şəkildə “atəşkəslə bağlı dedlayn” təyin etdiyi haqda konkret bəyanat yoxdur. Yayılan iddialar kontekstdən çıxarılmış və ya səhv şərh olunmuşdur.
Musavat.com