Monqol turistlərinə monqol dublyonkası: bizi niyə seçsinlər ki?!
Bizimkilər gəlmələrə bir dəfə istifadə üçün nəzərdə tutulmuş əşya kimi baxırlar
1980-ci ildən başlayaraq hər il 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd edilir. Məhz həmin il BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) təşəbbüsü ilə belə bir gün təsis edildi. Məqsəd isə turizm sənayesinin qlobal iqtisadiyyata, sosial inkişafa və xalqlar arasında mədəni mübadiləyə olan təsirini vurğulamaq idi.
Bu gün tam əminliklə söyləmək olar ki, turizm dünyada ən geniş yayılmış və sürətlə böyüyən sahələrdən biridir. Yalnız bir fakta nəzər salmaq kifayətdir: beynəlxalq turizm qlobal ümumi daxili məhsulun təxminən 10%-ni təşkil edir və dünyada hər 10 iş yerindən birini təmin edir.
Azərbaycan – turistlər üçün cənnət
Azərbaycan da turizm sahəsində böyük potensiala malik ölkələrdən biridir. Coğrafi mövqeyi, tarixi və mədəni zənginliyi, eyni zamanda müxtəlif təbiət mənzərələri bu məmləkəti dünyanın müxtəlif ölkələrində yaşayan insanlar üçün cəlbedici məkana çevirib. Qədim Bakı öz müasir arxitekturası ilə yanaşı, tarixin əsrarəngiz hadisələrinə şahidlik etmiş İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı kimi abidələri ilə turistlərin diqqətini cəlb edir, onları valeh edir. Azərbaycanın dağları, milli parkları, termal bulaqları və Xəzər dənizi sahili isə ekoloji turizm üçün geniş imkanlar yaradır.
Ölkədə turizmin inkişafı üçün dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilir. Bu istiqamətdə 2011-ci ildə təsis edilmiş Azərbaycan Turizm Bürosu bu sektorun inkişafına dəstəyin bariz nümunəsidir və beynəlxalq bazarlarda Odlar Yurdunun turizm potensialını təbliğ edir.
Amma hər şeyi narıncı rəngdə təsvir etmək, hər şeyin yolunda olduğunu söyləmək həqiqətdən yayınmaq anlamına gələrdi. Çox təəssüf ki, turizm sahəsində ölkəmizdə heç də hər şey rəvan deyil. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
İnfrastruktur problemləri
Turizm sahəsində ən önəmli problemlərdən biri infrastrukturun heç də qarşıya qoyulan məqsədlər üçün uyğun olmamasıdır. Bəzi bölgələrdə, xüsusən ucqar dağ rayonlarında turizm obyektlərinə çatmaq üçün yolların pis vəziyyətdə olması turistlərin səfərlərini çətinləşdirir. Yolların müasir standartlara uyğun olmaması turizm obyektlərinə olan marağı azaldır və həmin bölgələrdə turizmin inkişafına maneə yaradır.
Eyni zamanda, bəzi turizm obyektlərində lazımi şəraitin olmaması (məsələn, müasir otellərin, restoranların və tualetlərin çatışmazlığı) turistlərin rahatlığını təmin edə bilmir. Turistlərin yüksək səviyyəli xidmətlərə çıxışının məhdud olması, beynəlxalq standartlara uyğun turizm infrastrukturunun inkişaf etdirilməsinin vacibliyini göstərir.
Elə buna görə də ölkəmizə turist axınının əhəmiyyətli hissəsi paytaxtımızın payına düşür. Bakıdakı 4 və 5 ulduzlu otellərdəki şəraiti bölgələrimizdə təklif etmək iqtidarında olan məhdud sayda obyekt mövcuddur.
Keyfiyyət problemi
Azərbaycan turizmində rast gəlinən əsas problemlərdən biri də turizm xidmətlərinin keyfiyyətidir. Bir çox otel, restoran və turistik xidmətlərin beynəlxalq standartlara uyğun olmaması turistlərin məmnunluq səviyyəsini aşağı salır. Xüsusilə xarici turistlər xidmət keyfiyyəti ilə bağlı narazılıqlarını tez-tez ifadə edirlər.
Bəzi hallarda işçi heyətin lazımi təlimlərdən keçməməsi, dil bacarıqlarının olmaması və turistlərlə ünsiyyət qurma çətinlikləri xidmətin keyfiyyətinə mənfi təsir edir. Bəzən turistlərin üz tutduqları obyektlərdə, xüsusən də bölgələrimizdə gəlmələrə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulmuş əşya kimi münasibət bəslənir. Qiymətlər süni şişirdilir və əcnəbilər bunu anlayaraq növbəti dəfə Azərbaycana səfər edib-etməmək seçimi qarşısında qalanda heç də məmləkətimizin lehinə qərar qəbul etmirlər.
Yəni, məşhur filmi xatırlayaraq, monqol turistlərinə Monqolustandan gətirilən dublyonkaları satmağa cəhd edilməməli və bunu etmək böyük hünər sayılmamalıdır. Yalnız bu günü deyil, sabahı da düşünmək gərəkdir.
Müvafiq strukturlar bu sahədə peşəkar kadrların hazırlanmasına və turizm sektorunda çalışanların təcrübələrinin artırılmasına daha çox diqqət yetirməlidir. Təlim proqramlarının inkişaf etdirilməsi və beynəlxalq təcrübələrdən faydalanaraq xidmət sektorunda yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi vacibdir. Əlbəttə ki, turizmçilikdə irəli getmək və söz sahibi olmaq istəyiriksə.
Turizm diversifikasiyası
Azərbaycanda turizm sahəsi əsasən bir neçə əsas istiqamətə – Bakı, Qəbələ, Şəki kimi bölgələrə yönəlib. Bu isə turizm potensialının tam istifadə edilmədiyini göstərir. Azərbaycanın müxtəlif bölgələrində turizm üçün böyük potensial mövcuddur, lakin bu bölgələrin bir çoxu kifayət qədər tanıdılmır və turistlərə təqdim edilmir. Məsələn, Gəncə, Lənkəran, Quba kimi bölgələrdə təbiət, mədəniyyət və tarix baxımından cəlbedici məkanlar olsa da, bu yerlərin təbliği kifayət qədər aparılmır.
Təbliğat işinin zəif olması, həm daxili, həm də xarici turistlərin yeni turizm marşrutlarına marağının azalmasına səbəb olur. Eyni zamanda, ekoturizm, aqroturizm, dağ turizmi kimi alternativ turizm növlərinin təbliği də lazımi səviyyədə deyil. Bu sahədə marketinq və təbliğat strategiyalarının yenidən nəzərdən keçirilməsi və daha geniş miqyasda tətbiq edilməsi vacibdir.
Sahib olduğumuz nemətlərdən daha səmərəli faydalanmalı, bütün dünyaya özümüzü tanıtdırmalıyıq. Və, əlbəttə ki, bütün bunlardan maddi mənfəət əldə edilməsi şərti ilə.
Viza problemi
Azərbaycana gələn turistlər üçün viza və giriş prosedurlarının sadələşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, bəzi hallarda bu prosedurlar turistlərin səfərlərini çətinləşdirir. Xarici turistlər üçün vizaların alınması prosesində bəzən gecikmələr və mürəkkəb prosedurlar olur. Elektron viza sisteminin tətbiqi ilə bu problemlər qismən həll olunub, lakin bəzi ölkələrdən gələn turistlər üçün viza rejimi hələ də maneədir.
Viza prosedurlarının daha da sadələşdirilməsi, müəyyən ölkələr üçün viza rejiminin ləğvi və ya asanlaşdırılması turist axınının artırılmasına kömək edə bilər. Beynəlxalq turistlərin Azərbaycana gəlməsini təşviq etmək üçün viza siyasətinin optimallaşdırılması sahəsində görüləsi hələ çox iş var.
Pandemiyanın fəsadları
COVID-19 pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanın turizm sektoruna ciddi zərbə vurdu. Pandemiya səbəbindən sərhədlər bağlandı, uçuşlar dayandırıldı və turizm fəaliyyətləri məhdudlaşdırıldı.
Bu müddətdə bir çox turizm obyekti fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı və iş yerləri bağlandı. Pandemiyanın mənfi təsirləri hələ də tam olaraq aradan qaldırılmayıb. Baxmayaraq ki, artıq əksər fəsadları aradan qaldırmaq mümkün olub.
Görüləsi iş çoxdur
Sonda isə, yekun olaraq, bir daha qeyd edək: Azərbaycanda turizm sahəsi böyük potensiala malik olsa da, bəzi mühüm problemlər mövcuddur. İnfrastruktur çatışmazlığı, xidmət keyfiyyətinin aşağı olması, təbliğatın zəifliyi, ekoloji problemlər və pandemiyanın təsiri kimi çətinliklər turizmin tam inkişafına mane olur. Bu problemlərin həlli istiqamətində strateji addımlar atılmalı, dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir.
Turizmin davamlı inkişafını təmin etmək üçün həm ekoloji, həm də iqtisadi baxımdan məsuliyyətli yanaşmalar tətbiq olunmalı, Azərbaycanın turizm potensialı beynəlxalq miqyasda daha geniş tanıdılmalıdır.
Müəllif: Polad Xudayarlı
 

Dünyapress TV

Xəbər lenti