Vaşinqton Paşinyanla Əliyevin hansı açıqlamalarına əhəmiyyət verib?
Vaşintqon Cənubi Qafqazda sülh, sabitlik və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. ABŞ eyni zamanda bütün sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. ABŞ prezidenti Co Bayden 10 gün ərzində Azərbaycan prezidentinə iki məktub göndərib.
Bayden 28 Cumhuriyyət bayramı münasibətilə İlham Əliyevə göndərdiyi məktubda bir necə məqamı önəm çəkib. Birincisi, Bayden Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyini, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı yüksək qiymətləndirib. İkincisi, Bayden İlham Əliyevin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfəni təqdir edib. Üçüncüsü, Bayden Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarması çalışmalarını bundan sonra da dəstəkləyəcəyini bildirib. Dördüncüsü, Bayden Azərbaycanla Ermənistan arasında sülhün vacib olduğunu vurğulayıb.
ABŞ prezidenti Co Bayden İlham Əliyevə ikinci məktubunu 31 mayda göndərib. Həmin məktub Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində oxunub. Bayden bu məktubunda Azərbaycanın dünyanın enerji təhcizatında vacib rol oynadığını bildirib. Bayden xüsusi olaraq Cənubi Qaz Dəhlizi layihəsinin adını çəkib. Ağ Ev sahibi ayrıca, qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səylərini, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslərindən məmnun qaldığını bildirib.
Bundan başqa mayın 30-da Dövlət Departamentinin bəyanatı yayılıb. Bəyanatda ABŞ-ın gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyiyi bildirilib: “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər; Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Bəyanatda diqqəti çəkən cümlələrdən biri budur: “Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”. Bununla Dövlət Departamenti nə demək istəyib?
Birincisi, Vaşinqton Nikol Paşinyanın “Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” açıqlamasını yüksək qiymətləndirib. Bu Azərbaycanın maraqlarına tam uyğundur. İki ölkə arasında sülh sazişinin əsas bəndi Ermənistanla Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərini tanıması olacaq.
İkincisi, prezident İlham Əliyev Laçında son çıxışında erməni separatçılarına mesaj göndərib. Mesajın mahiyyəti budur ki, erməni separatçıları tərksilah olunsalar, “parlamentlərini” və “hökumətlərini” buraxsalar, onlar amnistiya oluna bilərlər. Çünki Azərbaycanda erməni separatçılarının lideri Araik Arutunyana qarşı cinayət işi var. İlham Əliyevin amnistiya ilə bağlı açıqlaması Qarabağ erməniləri ilə dialoq imkanlarının da açıq tutulması deməkdir. Ancaq erməni separatçıları İlham Əliyevin şərtlərini qəbul etmək istəmirlər. Bu olmadığı halda amnistiya reallaşmayacaq, əksinə Azərbaycan ordusu separatçılara qarşı anti-terror əməliyyatını həyata keçirəcək. Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçməyənə qədər bölgədə Amerikanın istədiyi sülhə və sabitliyə nail olmaq çətindir. Digər tərəfdən Rusiyadakı siyasi və hərbi mərkəzlər separatçılara dəstəklərini davam etdirir və ABŞ-la Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmaq istəyirlər. Bu da sülhə və sabitliyə ən böyük əngəldir.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 

Dünyapress TV

Xəbər lenti