Ermənistanın öncədən bəyan etdiyi kimi, Qarabağa dair “beynəlxalq mexanizm”in yaradılması iddiasını irəli sürərək, razılaşmayacağı aydın görünür Kişinyov görüşü reallıqla uzlaşmasa da, “sülh sazişi imzalanacaqmı” gözləntisini yaradıb. Bu sual fonunda görüşdən öncə tərəflərin ritorikasının dəyişməsi diqqət çəkdi: - Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra “1 iyunda sülh müqaviləsinin imzalanmasınını mümkünlüyündən” danışırdı; - Bakı həmin vaxt susqunluq nümayiş etdirdi, görüşə təxminən bir həftə qalmış sülh sazişinin imzalana biləcəyini açıqladı; Bu dəfə Ermənistan fikrini dəyişdi, görüşə iki gün qalmış Paşinyan Kişinyovda “sülh sazişinin imzlanması planı yoxdur” açıqlamasını verdi. İrəvanın və Bakının ritorikası niyə dəyişdi? Beştərəfli görüşə bu sual üzərindən baxdıqda müəyyən nəticələr çıxarmaq mümkündür. Vaşinqtonda XİN rəhbərlərinin üç günlük müzakirələrində tərəflər razılaşdırılmayan məsələlərlə masadan qalxdı: Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinin” təmin edilməsində “beynəlxalq mexanizmin” yaradılması, qondarma “Bakı-Xankəndi” formatı və anklavlar da daxil olmaqla sərhədlərin delimitasiyası; Nikol Vaşinqton müzakirələrindən dərhal sonra Fransanın moderatorluğu ilə keçiriləcək Kişinyov görüşündə mövqelərini gücləndirməyə nail olacağı ümidi ilə 1 iyun tarixini sülh sazişinin imzalana biləcəyi təqvim olaraq işarə edirdi. Hərçənd, o vaxt da yazırdıq: Bakı Kişinyova gedib-getməmək qərarını Brüssel görüşünün nəticəsinə uyğun olaraq verəcək! Brüssel görüşü Fransanın Qərb platformasında təşəbbüsü ələ almasına qarşı atılmış addım idi və burada Əliyevlə Mişelin birgə gediş etdiyini deyə bilərik. Nəticə Bakının istədiyi kimi oldu: 1. Ermənistan Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı; 2. Şarl Mişelin də Kişinyov görüşündə iştirakı dəqiqləşdi: bu, Makronun təsir rıçaqlarını zəilətməklə yanaşı, Brüsseldəki gündəliyin də Moldovaya daşınması qərarından irəli gəlir; Proseslər göstərir ki, İrəvan Vaşinqton müzakirələrindən sonra ümid etdiyi Kişinyov görüşünə qədər gündəliyi dəyişə bilmədi, əksinə, Bakının gedişləri daha effektiv oldu. Və Paşinyan beştərəfli görüşdə “Qarabağ Azərbaycandır” bəyanatının əksini irəli sürə bilməyəcək, Parisdən səs çıxmasa da, Vaşinqton və Brüsselin açıqlamaları da bu yöndədir. Nikolun mayın əvvəlində sülh sazişi ilə bağlı dediklərini indi dəyişməsi də bundan qaynaqlanır. Ən mühüm məqam beştərəfli görüşdən öncə Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışı etməsi, Vaşinqtonun da bunu dəstəkləməsi idi. Bakı bununla Fransa və Ermənistanın irəli sürəcəyi qondarma “Bakı-Xankəndi” formatına qarşı mövqeyini elan etdi və beynəlxalq müstəvidə dəstək əldə etməklə bu məsələnin müzakirəsini arxa plana keçirdi. Bütün bunlara baxmayaraq, beştərəfli görüşdə sülh sazişinin imzalanacağı ehtimalı yenə azdır. Mümkündür ki, masaya Vaşinqtonda müzakirə edilən “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi, yaxud Vaşinqton və Brüssel görüşünün yekun nəticəsini özündə əks etdirən hansısa bəyannamə qoyula bilər. Lakin Ermənistanın öncədən bəyan etdiyi kimi, Qarabağa dair “beynəlxalq mexanizm”in yaradılması iddiasını irəli sürərək, razılaşmayacağı aydın görünür. Asif Nerimanli Teref.az