Kreml sahibi Vladimir Putin tələsir. Ukrayna bataqlığı və Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir. O bu məqsədlə İran prezidenti İbrahim Rəisi ilə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişi imzalayıb. Dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək. Vaxtilə Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycan 500 milyon dollar kredit ayırmalı idi. Ancaq ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşdi. Daha sonra İranın Azərbaycana qarşı artan təxribatları bu ölkəyə kredit verilməsini mümkünsüz hala gətirdi. Bu halda Kreml ön plana çıxaraq Rəşt-Astara dəmiryolunun tikintisini öz üzərinə götürdü. Putinin istəyi bəllidir, sadəcə “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücüylə işləməsi üçün Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasına ehtiyac var. Tehranın siyasəti hələ ki, buna imkan vermir. Bu halda “Şimal-Cənub” nəqliyyat dəhlizi necə işləyəcək? Elxan Şahinoğlu Teref.az